Bu gün 2 aprel milli Azadlıq hərəkatının liderlərindən biri olan görkəmli siyasi xadim Etibar Məmmədovun doğum günüdür.
Hörmətli Etibar bəy,
Doğum gününüz münasibətilə Sizi dərin hörmət və səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizin siyasi fəaliyyətiniz Azərbaycan xalqının Azadlıq mübarizəsinin ən şərəfli səhifələri ilə sıx bağlıdır. 1980-ci illərin sonlarından etibarən milli Azadlıq hərəkatının önündə dayanmağınız, xalqın azadlıq iradəsinin formalaşmasına verdiyiniz töhfələr və Azərbaycanın müstəqillik əldə etməsi yolunda göstərdiyiniz qətiyyət tariximizdə silinməz iz qoymuşdur.
1990-cı illərin çətin və taleyüklü dövründə dövlət quruculuğu prosesində fəal iştirakınız, Milli Ordunun formalaşmasına verdiyiniz töhfələr, milli maraqların müdafiəsi istiqamətində qətiyyətli mövqeyiniz və Azərbaycan Milli İstiqlal Partiyasını demokratik prinsiplər əsasında formalaşdırmağınız Sizin siyasi irsinizin ən dəyərli səhifələrindəndir.
Bu gün regionda baş verən hadisələr fonunda Güney Azərbaycanlı soydaşlarımızı hər zaman diqqətdə saxlayaraq, illər öncə beynəlxalq təşkilatlarda onların hüquqlarının müdafiəsi istiqamətində apardığınız mübarizə və bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün göstərdiyiniz səylər böyük hörmət doğurur. Xüsusilə 2007-ci ildə Beynəlxalq Demokrat İttifaqının Sidney toplantısında Güney Azərbaycan məsələsini qətiyyətlə gündəmə gətirməyiniz, indiki aparılan mübarizənin təməlini qoyan uzaqgörən bir siyasi addım kimi yüksək qiymətləndirilir.
Sizin qətiyyətiniz, milli dəyərlərə sədaqətiniz, xalqın iradəsinə olan inamınız və Azərbaycanın milli maraqlarını beynəlxalq platformalarda müdafiə etmək əzminiz bu gün də hər birimiz üçün nümunədir.
Uca Tanrı Sizi qorusun!
Əziz Etibar bəy!
Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Ulu tanrıdan Sizə can sağlığı və Azərbaycanımız naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!
Sonsuz sayğılarla, Milli İstiqlalçılar
02 aprel 2026-cı il, Bakı şəhəri
P.S. "Millət"çilər də bu təbrikə qoşulurlar