ABŞ və Qərbə müharibə şantajı

Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunması ilə bağlı yayılan yeni məlumatlar gündəmi zəbt edib. Artıq bir neçə gündür ki, Qərb, ABŞ, Ermənistan və Rusiya mediasında Dağlıq Qarabağ ətrafı rayonların Azərbaycana geri qaytarılması ilə bağlı geniş müzakirələr aparılır. İddialara inansaq, ilkin mərhələdə Dağlıq Qarabağ bölgəsi istisna olmaqla, 7 rayonun qaytarılması məsələsi artıq razılaşdırılıb.

"Olaylar”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, siyasi analitik Əli Orucov bu barədə yayılan məlumatların heç bir əsası olmayan şayiə olduğunu deyib. "Təbii ki, çox istərdim bu röya gerçək olsun. Torpaqlarımız qaytarılsın və illər uzunu sürən insanlıq faciəsi sona çatsın. Hər kəsin ən böyük arzusu Qafqazda sülhün və təhlükəsizliyin, inkişafın əldə olunmasıdır. Bunun üçün də ilk növbədə dondurulmuş münaqişələr həllini tapmalıdır. Ermənistanın Azərbaycana təcavüzünü davam etdirməsi təkcə Cənubi Qafqaz regionunu deyil, böyük bir coğrafiyanı gərginlik altında saxlayır. Heç kəsə sirr deyil ki, bunun da arxasında Kreml dayanır.

Hesab edirəm ki, 7 rayon qaytarılacağı, yaxud da, geniş miqyaslı hərbi əməliyyatların başlanacağı barədə yayılan informasiyalar münaqişə tərəflərinin daxili auditoriyasına hesablanıb”, - deyə Ə. Orucov qeyd edib.

AMİP funksioneri hesab edir ki, bu məlumatlar həmçinin bölgədə nüfuzunu genişləndirmək istəyən ABŞ və Qərb dövlətlərinə qarşı şantajdan başqa bir şey deyil: "Münaqişənin ədalətli və tezliklə həlli Azərbaycandan savayı heç bir dövlətin, ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin də marağında deyil. Azərbaycanın da təktərəfli formada konflikti bitirməsi hələ ki, imkan xaricindədir. Ən əsas ona görə ki, Rusiya buna umkan verməz. Moskva Dağlıq Qarabağ faktoru ilə Ermənistan və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir”.

Əli Orucov bildirib ki, Azərbaycan strateji və hərbi müttəfiqlərinin sayını artırmaqla və demokratik ənənələrə sadiqliyini nümayiş etdirməklə Rusiyanın planlarını poza və yeni siyasi düzəni dəyişə bilər. ("OLAYLAR” İA)