"Haçansa münaqişə bölgəsinə sülhməramlı qüvvə yerləşdiriləcəksə, yaxşı olar ki, bu, BMT mandatı altında olsun"
Arzuxan Əlizadə: "Görünür, Rusiya bunu KTMT vasitəsilə reallaşdırmaq istəyir"
Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələri
dünyanın "qaynar nöqtə"lərində mümkün sülhməramlı əməliyyatlara hazır
olmalıdır. Bunu Rusiya mətbuatına açıqlamasında KTMT-in baş katibi
Nikolay Bordyuja deyib:
"Vəziyyət hazırda bütün istiqamətlərdə
gərginləşib. Və artıq bu gün aydın görünür ki, hazırda dünyada olan bir
çox "qaynar nöqtələr"ə sülhməramlı qüvvələr cəlb edilməlidir. Məhz buna
görə KTMT Kollektiv Sülhməramlı Qüvvələri tərəfindən praktiki döyüş
tapşırıqlarının yerinə yetirilməsi mümkün əməliyyatlara hazırlıqdır.
Düşünmürəm ki, onlar yaxın gələcəkdə baş tutacaq, lakin, istənilən
halda, KTMT sülhməramlı qüvvələrin tətbiq edilməsinə hazır olmalıdır".
Qeyd
edək ki, Nikolay Bordyuja Ermənistanda "Marşal Baqramyan" poliqonunda
sentyabrın 30-dan davam edən KTMT sülhməramlı qüvvələrinin "Sarsılmaz
qardaşlıq-2015" təlimlərini izləyir. KTMT Kollektiv Sülhməramlı
Qüvvələri təlim zamanı Qafqaz regionunda sülhün təmin edilməsi üzrə
şərti əməliyyatlar keçirir.
Qeyd edək ki, "Sarsılmaz
qardaşlıq-2015" təlimlərində Ermənistan, Belarus, Qazaxıstan,
Qırğızıstan, Rusiya və Tacikistanın Silahlı Qüvvələrinin və xüsusi
təyinatlı polis dəstələrinin 600-dək üzvü, həmçinin, 50 ədəd döyüş və
xüsusi texnika, 4 helikopter və ərazinin kəşfiyyatı üçün pilotsuz
təyyarələr iştirak edir.
KTMT-nin baş katibinin belə açıqlama
ilə çıxış etməsi təsadüfi ola bilməz. Ola bilər ki, bununla Bordyuja
nəyəsə eyham vurub. Bu baxımdan güman etmək olarmı ki, Bordyuja Dağlıq
Qarabağda mümkün sülhyaratma əməliyyatlarını nəzərdə tutub?
Məsələyə
münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə
görə, N.Bordyuja bununla Dağlıq Qarabağı da, digər münaqişəli əraziləri
də nəzərdə tuta bilər: "Ancaq o da sirr deyil ki, Rusiya Dağlıq Qarabağa
öz qoşunlarını sülhyaratma adı ilə yerləşdirməkdə maraqlıdır. Əslində
bu fikir yeni deyil və çoxdandır Kremlin belə bir istəyi var. Sadəcə,
müxtəlif səbəblərdən Rusiya bunu reallaşdıra bilmir. Görünür, Rusiya
bunu KTMT vasitəsilə reallaşdırmaq istəyir. Zatən məlum məsələdir ki,
KTMT-də əsas aparıcı güc Rusiyadır. Digər dövlətlər əsasən bu ölkənin
yedəyində gedir. Haçansa münaqişə bölgəsinə sülhmərəmlı qüvvə
yerləşdiriləcəksə, yaxşı olar ki, bu, BMT mandatı altında olsun.
Sülhməramlı qüvvələrin KTMT hərbi qüvvələrindən ibarət olması arzuedilən
deyil. Bu daha çox o anlama gəlir ki, Rusiya hegemonluq edəcək. Bu da
yolverilməzdir. Ən azından ona görə ki, ortada Abxaziya təcrübəsi var.
Belə ki, sülhməramlı adı ilə yerləşdirilən qüvvələr çox keçmədi
separatçıların tərəfində durdular.
Hesab edirəm ki, Azərbaycan
bütün bunların fərqində olduğu üçün daha düşünülmüş və ehtiyatlı
siyasət yeridir. Bu da ölkənin müstəqil siyasət yeritməsindən
qaynaqlanır. Düşünürəm ki, bu kimi məsələlərdə daha diqqətli olmaq
lazımdır".
Vidadi ORDAHALLI