Bir neçə gün öncə Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırdı. Bildirilib ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun 4.7-ci maddəsinin tələblərinə uyğun olaraq ADR İdarə Heyəti üzvləri qeydiyyata alınmayıb. Buna görə də partiya fəaliyyətinə qeyri-müəyyən müddətə qədər fasilə verib. Bəzi ekspertlərə görə, müxalif partiya sayılan ADR gələcəkdə fəaliyyətində siyasi mövqe dəyişikliyi edə bilər.
Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, partiyanın qərarını geniş şərh etməyə ehtiyac yoxdur.
Onun sözlərinə görə, ADR Partiyasının gələcək fəaliyyətləri barədə məlumat yoxdur:
""Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunanda xeyli müzakirələrə səbəb olmuşdu. Bu qanunda bizi qane etməyən müddəalar var idi və bununla bağlı tələblərimizi irəli sürmüşdük. Daha sonra xeyli ciddi dəyişikliklər oldu. Yeni qanundan sonra təxminən 31 partiya özünü buraxdı. Bir neçə gün isə ADR Partiyası fəaliyyətini məhdudlaşdırdı. Bütün hallarda siyasi təşkilat rəhbəri öz üzərinə götürdüyü missiyanı sona qədər davam etdirməyə çalışmalıdır. ADR ilə mütəffiqliyimiz yoxdur".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə saytımıza açıqlamasında vurğulayıb ki, partiya gələcəkdə hansısa formada bərpa olunarsa, bütün hallarda fəaliyyəti mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməlidir.
"Əvvəlki "Siyasi partiyalar haqqında" qanunda qeydiyyatdan keçən və qeydiyyatdan keçməyən partiyalarla bağlı bölgüdə qeyri-müəyyənlik var idi. Yəni qeydiyyatdan keçməyən partiyanın da fəaliyyət göstərmək imkanları mövcud idi. Lakin qüvvədə olan mövcud "Siyasi partiyalar haqqında" qanuna müvafiq olaraq, rəsmi dövlət qeydiyyatından keçməyən siyasi partiyaların partiya adı altında fəaliyyət göstərməsi qadağandır. Bu baxımdan ADR Partiyasının da qeydiyyatdan keçmədiyi nəzərə alınmalıdır”.
A.Əlizadə deyib ki, ümumilikdə qeydiyyatdan asılı olmayaraq, partiyanın fəaliyyəti strukturlarının və yerli rayon təşkilatlarının mövcudluğu çərçivəsində mümkündür:
“ADR Partiyası bir partiya kimi formalaşmamışdı. Partiyanın gələcəkdə hansısa fəaliyyət istiqamətini seçməsi partiya üzvlərinin daxili işi olacaq. Hazırda isə reallıq budur ki, partiya özünü buraxmaq barədə qərar verib".