Aİİ ilə bağlı etirazlar daha da arta bilər

Sentyabrın 3-də Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının 6 ili tamam oldu. Maraqlıdır ki, aradan bir belə müddət keçsə də, hələ ki, erməni ictimai rəyi Ermənistanın Aİİ-yə qoşulmasını həzm edə bilmir. Bunu utancverici qərar hesab edir.

Erməni mətbuatı yazır ki, Ermənistanda "məxməri inqilab”ın baş verməsinə baxmayaraq, ölkə Avrasiya bataqlığından çıxa bilmir. Onlar hesab edirlər ki, Aİİ-yə qoşulmaq iqtisadi baxımdan Ermənistana fayda vermir.

Ermənistan İşəgötürənlər Birliyinin rəhbəri Qagik Makaryan xəbərdarlıq edib ki, 2020-ci ilin yanvar ayından etibarən gömrük imtiyazları öz qüvvəsini itirəcək və biz qiymət artımına hazır olmalıyıq. Digər tərəfdən, qeyd edilir ki, Ermənistan qurumda təmsil olunsa da, Rusiya Miqran Poqosyanın ekstradisiyasına qərar verməyib. Həmçinin, Rusiyadan pul köçürmələri azalır.

Ermənilər belə qənaətə gəliblər ki, Rusiya onları ayrıseçkilik vəziyyətinə gətirən birtərəfli qərar qəbul edib. Ermənistanda elə hesab edirlər ki, Rusiyada müvafiq qanunun qəbul edilməsi, əslində, Aİİ-yə dair razılaşmaya ziddir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi parlament komissiyasında Rusiya Federasiyasında Ermənistanın sürücülük vəsiqələri ilə sürücülərin qarşılaşdıqları problemlərlə bağlı fikirlərini bildirib. O qeyd edib ki, Rusiya Federasiyasında qəbul edilmiş sürücülük vəsiqələri haqqında qanun Aİİ-nin səlahiyyətinə daxil deyil, əks halda Ermənistan buna qarşı çıxardı: "Bu məsələ Aİİ-də müzakirə olundu, buna görə biz fərqli bir yol tutduq. Deyirlər ki, hamı bu sahədə razılaşma imzalasın, amma bu çox uzun bir prosesdir və sürücülərimiz bu gün problemlərlə üzləşirlər. Qəbul edilmiş qanun Ermənistana qarşı ayrıseçkilik xarakteri daşıyır, çünki bu tələb digər ölkələrə şamil edilmir”.

Görünən odur ki, Ermənistan ictimai-siyasi rəyində Aİİ-yə qarşı olan mənfi fikir bu ölkənin Rusiya ilə olan strateji müttəfiqlik münasibətlərinə kölgə salır. Bir zamanlar prezident Serj Sarkisyan quruma qoşulmaqla bağlı qərar versə də, erməni cəmiyyəti bundan razı deyil.

Arzuxan Əlizadə: "Nə qədər ki, ölkə iqtisadiyyatı yerində sayır, Aİİ ilə bağlı etirazlar daha da arta bilər”
Məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu o deməkdir ki, Ermənistan cəmiyyəti öz gələcəyini Aİİ-də yox, Avropa İttifaqına inteqrasiyada görür: "Ancaq Ermənistan hakimiyyəti bunu açıq bəyan etməyə qorxur. Əvvəlki hakimiyyət sırf Rusiyanın maraqlarını nəzərə aldığı üçün, həmin quruma qoşuldu. "Qarabağ klanı”nı təmsil edən qüvvələr buna məcbur idilər. Altı il əvvəl Ermənistanla Avropa İttifaqı arasında assosiativ sazişin imzalanması gündəmdə idi. O vaxt Kreml Sarkisyan hakimiyyətinə ciddi təzyiqlər etdi. Son nəticədə Sarkisyan geri addım atdı və Aİİ-ni seçdi. Bunun nəticəsində Ermənistan Avropadan gələ biləcək sərmayədən məhrum oldu. Ermənilər də bunun fərqindədirlər. Bir il əvvəl Ermənistanda yeni qüvvələr hakimiyyətə gəldiyi üçün, indi Aİİ ilə bağlı etirazlar daha yüksək səslə səslənir. Əslində, Paşinyan bu yöndə etirazlarda maraqlıdır, sadəcə, qorxur bunu bəyan etməyə. Fikirləşir ki, indi bunu etsə, bu ona baha başa gələr. Hesab edirəm ki, bütün bunlar Rusiyaya açıq və dolayı mesajdır. Nə qədər ki, ölkə iqtisadiyyatı yerində sayır, Aİİ ilə bağlı etirazlar daha da arta bilər”.