" Azərbaycanı istər İsraildə, istərsə də Amerikada təbliğ edirik" - Rav Şmuel Simatov
Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) Azərbaycan bölməsinin sədri Rav Şmuel Simatov və təşkilatın mətbuat katibi Murad Salmanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb. Təşkilatdan verilən məlumata görə ilk öncə qonaqları salamlayan Komitə sədri dövlətin tolerantlıq siyasətindən və Azərbaycanda müxtəlif dindən olan insanların birlikdə sülh içində yaşamasından danışıb. O həmçinin bildirib ki, tolerantlıq Azərbaycan dövlətinin ən başlıca siyasətindən biridir:
" Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai- siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir"
Rav Şmuel Simantov təşkilat haqqında məlumat verərək bildirib ki, biz hər yerdə Azərbaycan xalqının necə bir tolerant xalq olmasından və prezident İlham Əliyevin tolerantlığa verdiyi önəmdən danışırıq:
" Biz Azərbaycanı istər İsraildə, istərsə də Amerikada təbliğ edirik. Çünki biz Azərbaycanda doğulmuşuq və bura bizim də vətənimizdir. Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq".
Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib.
Görüşdə iki tərəfli əməşdaşlq və Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq lahiyələr haqqında müzakirə aparılıb. Görüşün sonunda Mübariz Qurbanlı Rav Şmuel Simantova Azərbaycanın dini məbədlərini əks etdirən kitab hədiyyə edib.