29-31 may 2015-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə 12 ildən atıq müddət ərzində əməkdaşlıq etdiyimiz İsveçin Moderat partiyasının birgə seminarlar keçirməsi nəzərdə tutulmuşdu. Məlumat üçün bildiririk ki, müxtəlif mövzulu belə seminarlar hər il bir neçə dəfə Bakıda, həmçinin Stokholmda keçirilir. Bu məqsədlə bütün təşkilati və logistika işlər görülmüş, təyyarə biletləri alınmış, qonaqların qalacağı və tədbirin keçiriləcəyi məkanlar sifariş edilmişdi. Hər zaman olduğu kimi 1 ay əvvəl AMİP sədrinin imzası ilə tədbirdə iştirak edəcək 4 nəfər Moderat partiyasının nümayəndəsinə viza alınması üçün dəvətnamə göndərilmişdi. May ayının 11-də viza alınması üçün lazım olan bütün sənədlər həmin nümayəndələr tərəfindən Azərbaycanın Stokholmdakı səfirliyinə təqdim olunmuşdur. Mövcud qaydalara əsasən səfirlik 10 gün ərzində müraciətlərə müsbət və ya mənfi cavab verməyə borcludur. Buna baxmayaraq, Bakıya uçuşun nəzərdə tutulduğu son günədək, yəni faktiki olaraq 18 gün müddətində Azərbaycanın Stokholmdakı səfirliyi tərəfindən təqdim olunmuş sənədlərə heç bir münasibət bildirilmədən müraciətə hər hansı bir cavab verilməmişdir. Son üç gün ərzində isə intensiv olaraq edilən müraciətlərə məsələ ilə əlaqədar problem olmadığı, yalnız Bakıdan təsdiq cavabi gözlədiklərini bildirmişlər.
26-27 may tarixlərində AMİP rəhbərliyi məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin məsul işçiləri, Nazirliyin qaynar xətti, Konsulluq idarəsinin rəhbər işçiləri, həmçinin Stokholmdakı səfirliyin nümayəndələri ilə danışıqlar aparmış, XİN rəsmilərinə müraciətə mənfi və ya müsbət cavab verilməsinin vacibliyi bildirilmişdir ki, ən azından mənfi cavab veriləcəksə nəzərdə tutulmuş işləri cərimə ödəmədən təxirə salmaq mümkün olsun. Lakin edilən bütün cəhdlərə baxmayaraq Nazirlik rəsmiləri məsələni ötür-ötürə salmış, problemin həllinin kimdən asılı olması isə son anadək məchul qalmışdır. Bununla da, ən sonuncu gün belə mənfi və ya müsbət cavab verilməməklə müraciət edənlərə maddi və mənəvi ziyan vurulmaqla yanaşı dünya təcrübəsində bu sahədə biabırçı bir ilkə imza atılmışdır.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin və Azərbaycanın İsveçdəki səfirliyinin dövlətin və xaıqımızın adına utanc gətirən fəaliyyətlərinə etiraz olaraq bildirir ki, adı çəkilən qurumların qanunlara məhəl qoymaması və səriştəsizliyinin nəticəsində Azərbaycan dövətinin adına və nüfuzuna, onun xarici siyasətinə ciddi zərbə vurulmuşdur. Belə münasibət xüsusilə də, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ərəfəsində ölkəyə daha cox əcnəbi qonaqların cəlb olunması siyasəti ilə ziddiyyət təşkil edir.
Azərbaycan Milli İstiqlal Partiyası XİN rəhbərliyindən tələb edir ki, ölkənin işgüzar nüfuzuna kölgə salan belə hadisənin baş verməsinə görə məsuliyyət daşıyanların müəyyənləşdirilib cəzalandırılması ilə bağlı təcili və ciddi araşdırilma aparılsın.