Azərbaycan Respublikasının vətəndaşı, tanınmış jurnalist Fuad Abbasovun Rusiyada sifariş əsasında saxlanılması heç kimə sirr deyil.Saxlanılarkən mülki geyimli şəxslər tərəfindən ona qarşı edilən zorakılıq faktı, qollarına qandal vurulması və bütün bunların lentə alınaraq sosial şəbəkələrdə yayılması baş vermiş hadisənin kimlərinsə sifarişi əsasında həyata keçirildiyini deməyə əsas verir.
Təəssüflər olsun ki, hadisədən iki həftədən də artıq müddət keçməsinə baxmayaraq Azərbaycan hakimiyyəti, Rusiyadakı səfirliyimiz,Azərbaycandakı rus icması, Milli Məclisin Rusiya-Azərbaycan dostluq qrupu, jurnalist birlikləri, bütövlükdə diaspora təşkilatlarımız və müvafiq dövlət qurumları prinsipial mövqe nümayiş etdirərək məsələnin həllinə nail ola bilməmişlər. Harada yaşamasından asılı olmayaraq öz vətəndaşına və hər bir azərbaycanlıya sahib çıxmaq, soydaşlarımızın pozulmuş hüquqlarını müdafiə etmək Azərbaycan hakimiyyətinin bilavasitə borcudur. Fuad Abbasov Rusiya mediasında və sosial şəbəkələrdə məkrli erməni təbliğatına, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərini zədələmək istəyən qüvvələrə qarşıardıcıl mübarizə aparan fəal jurnalistlərimizdən biridir. Bu gün ona qarşı edilən haqsızlıq hər bir azərbaycanlıya qarşı edilən haqsızlıq kimiqəbul edilməlidir.Hesab edirik ki, bütün dövlət qurumları, ictimai təşkilatlar, siyasi partiyalar, ümumilikdə hər bir vətəndaşımız bu məsələ ilə bağlı vətəndaş fəallığı nümayiş etdirməli, erməni saxtakarlığına qarşı cəsarətlə mübarizə aparan vətəndaşımızın müdafiəsi üçün hər şeyi etməlidir. Olaya qardaş Türkiyənin biganə münasibəti də təəssüf doğurmaya bilməz. Fuad Abbasovun uzun müddət ərzində Türkiyənin"İxlas” Xəbər Agentliyinin nümayəndəsi olaraq ən kritik dönəmlərdə qardaş ölkəni Rusiya mediasında fədakarcasına müdafiə etməsi, Rusiyada açılan PYD təmsilçiliyinə vəPKK-nın Moskvadakı fəaliyətinəqarşı çıxması, rus siyasətçilərinin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu Rusiya ictimaiyyətinə çatdırması unudulmamalıdır.
Azərbaycan Milli İstiqlal Partiyası olaraq jurnalist Fuad Abbasovun əsaslı səbəb göstərilmədən və şəxsinə qarşı nümayişkəranə zorakılıq edilməklə saxlanılmasını, onunla qatı cinayətkar kimi rəftar olunmasını və fiziki işgəncələrə məruz qalmasını qətiyyətlə pisləyir, Azərbaycan hakimiyyətindən soydaşımızın dərhal azad olunması üçün lazımi tədbirlərin həyata keçirilməsini tələb edirik.