AMİP-in Qurultayı yaya qaldı?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev təşkilatın qurultayının yay aylarında keçiriləcəyini söyləyib.

O, Teleqraf.com-a açıqlamasında qurultayın keçirilməsi istiqamətində nəzərdə tutulmuş işlərin yekunlaşdığı deyib: "Rayonlardakı yerli təşkilatlarımızda konfranslar keçirilib, qurultay nümayəndələri seçilib. Hazırda qurultaya dəvət olunacaq xarici qonaqların razılaşdırılmış siyahısı üzərində iş gedir. Biz bu qurultayımızı hər zaman olduğu kimi möhtəşəm keçirmək fikrindəyik. Eyni zamanda qurultayın qəbul edəcəyi qərarlar AMİP-in növbəti illər üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. Ona görə də qurultayın müzakirəsinə təqdim olunacaq sənədlərin layihələrinin hazırlanması üzərində də ciddi işləyirik. Yaxın zamanlarda Mərkəzi Şuranın iclasının çağırılması gözlənilir ki, həmin iclasda qurultayın keçiriləcəyi gün ilə bağlı müzakirələr olacaq.

E.Mustafayevin sözlərinə görə, rayon konfranslarından qurultaya 248 nümayendə seçilib: "Qurultay nümayəndələrinin seçilməsi ilə bağlı kvota müəyyənləşdirəndə qurultay üçün nəzərdə tutulan məkanların tutumu da nəzərə alınıb. Ölkə daxilindən və xaricindən qurultaya qatılacaq qonaqlar da diqqətdə saxlanılıb”.

"Ölkədəki hansı partiyalar qurultaya dəvət olunacaq” sualına AMİP funksioneri belə cavab verib: "Təbii ki, dəvətlilər arasında partiya sədrləri də olacaq. Dəvət olunacaq siyasi partiya sədrlərinin, tanınmış ictimai-siyasi xadimlərin siyahısı qurultayın Təşkilat Komitəsi tərəfindən müəyyən ediləcək. Bu gün qurultaya kimlərin dəvət olunacağını demək mənim üçün çətin olar. Əməkdaşlıq etdiyimiz, ikitərəfli əlaqələrimiz olan, qarşılıqlı hörmət bəslədiyimiz siyasilərin dəvət olunacağını indidən söyləmək mümkündür. Ümumilikdə bu barədə qərar kollegial veriləcək”.

Elşən Mustafayevin özünün sədrliyə iddialı olub-olmamasına gəlincə, o bildirib ki, qurultayın dəqiq tarixi müəyyən olunandan sonra sədrliyə iddialılar namizədliyini elan edəcəklər: "Mən də namizəd olub-olmayacağım haqqında qərarı həmin zaman dəqiqləşdirəcəyəm”.

"Qurultay və AMİP sədrliyinə namizədlərlə bağlı partiya lideri Etibar Məmmədovla müzakirə aparmısınız” sualını AMİP katibi belə cavablandırıb: "Etibar bəylə müxtəlif məsələlərlə bağlı məsləhətləşmələrimiz olur. Amma qurultayla bağlı hələ ki hər hansı məsləhətləşməmizə ehtiyac duyulmayıb. Qurultayla bağlı hazırlıq işləri partiya Nizamanməsi çərçivəsində həyata keçirilir. AMİP lideri namizədlərlə bağlı hər hansı fikir bildirməyib. Düşünürəm ki, heç fikir bildirməyəcək, seçim qurultay nümayəndələrinin ixtiyarında olacaq”.