AMİP Lideri Etibar Məmmədovun müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki
Əziz soydaşlarım.
Müqəddəs Ramazan bayramı münasibəti ilə Sizi təbrik edir, Allahın lütf və bərəkətinin Sizlərdən əksik olmamasını arzulayıram.
On bir ayın sultanı olan Ramazan ayı insan iradəsinin öz nəfsinə qalib gəlməsinin təntənəsi, saflığa, təmizliyə, inam və inanclara, saf niyyətlərə daha sıx qovuşduğu aydır. Bu ayda əsrlər uzunu bəşəriyyəti sülhə, qardaşlığa, insanlığa, barışığa, inkişafa, tərəqqiyə səsləyən müqəddəs Qurani-Kərimin nazil olduğu aydır. Bu ayda hər bir müsəlman bacı-qardaşımız sübhünü dualarla başlayıb, gününü dualarla, təmiz niyyətlərlə başa vurub. Ulu Tanrıya edilən həmin dualar və niyyətlər bu müqəddəs ayda dərgaha yetişər və qəbul olunar.
İslam coğrafiyasında baş verən təlatümlərə, müharibə və münaqişələrə, qarşıdurmalara son qoyulması, o cümlədən, torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın sülh, əminamanlıq və firəvanlıq içərsində yaşaması hər birimizin ən böyük arzusudur. İnanıram ki, bu istəklərimiz də gerçəkləşəcək.
Sizi bir daha bayram münasibəti ilə təbrik edir, tutduğunuz Orucun və etdiyiniz dualrınızın Allah tərəfindən qəbul olunmasını, fəzilətləndirilməsini və mükafatlandırılmasını diləyirəm.
Etibar Məmmədov
AMİP sədri, Beynəlxaql Demokrat İttifaqının sədr-müavini