ATU-da Bakı Elm Festivalı keçirildi

Bu gün Azərbaycan Tibb Universitetində "Bakı Elm Festivalı-2014" çərçivəsində geniş tədbir keçirilib.

Açılış mərasimində çıxış edən rektor, akademik Əhliman Əmiraslanov festivalın məqsəd və məramı haqqında məlumat verdi. Rektor bildirdi ki, ilk dəfə keçirilən Elm Festivalının əsas məqsədi Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etmək, həmçinin gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat işlərinə marağı artırmaqdan ibarətdir.

ATU rektoru qeyd etdi ki, festival ictimaiyyətin elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir.

Akademik Ə.Əmiraslanov tibb elmi sahəsinə öz böyük töhfəsini verən Azərbaycan Tibb Universitetində də bu festivalın keçirilməsindən qürur duyduqlarını bildirdi: "Azərbaycan elminin bu gün yüksək potensialı, çox böyük uğurları, nailiyyətləri var. İnanırıq ki, festivalın keçirilməsi elmimizin inkişafına dəstək verəcək”.

AMEA-nın prezidenti akademik Akif Əlizadə və AMEA-nın vitse-prezidenti İbrahim Quliyevin də iştirak etdiyi Elm Festivalı çərçivəsində ATU əməkdaşlarının çox aktual və maraqlı mövzularda elmi məruzələri səsləndirildi.

Qeyd edək ki, "Bakı Elm Festivalı 2014” AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu ilə keçirilir. Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdirilir.