Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunub

Naxçıvan Bölməsində dünya şöhrətli alim Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunub.  AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Millət-ə daxil olan məlumata görə, AMEA Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident cənab İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 6 iyul 2018-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, sözügedən Sərəncamda dünya şöhrətli alimin elmi fəaliyyəti geniş işıqlandırılıb.

"Akademik Azad Mirzəcanzadə və Azərbaycanda yüksək ixtisaslı elmi kadrların hazırlanması” mövzusunda məruzə ilə çıxış edən bölmə sədri bildirib ki, alim neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlı sanballı elmi məqalələr, kitab və monoqrafiyalar hazırlayıb.

İsmayıl Hacıyev görkəmli alimin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azad Mirzəcanzadənin rəhbərliyi altında 300-dən çox elmlər namizədi, 120-i elmlər doktoru hazırlanıb və bu gün onun yetirmələri Azərbaycanla yanaşı Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər xarici ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunub ki, dünya şöhrətli alim müxtəlif illərdə Rusiya Təbii Elmlər Akademiyası, Başqırdıstan Elmlər Akademiyası, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü seçilib, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, o cümlədən üç dəfə akademik İ.M. Qubkin adına mükafat laureatı olub, P. Kapitsa adına medala, Vyetnam Respublikasının "Vyetnamın Qəhrəmanı” qızıl ulduzuna, həmçinin Azərbaycan Respublikasının "İstiqlal” ordeninə layiq görülüb.

Daha sonra Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun "Akademik Azad Mirzəcanzadənin həyat yolu və elmi fəaliyyəti” və Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun "Akademik Azad Mirzəcanzadənin dünya şöhrəti” mövzusunda məruzələri dinlənilib.

Sonda məruzə ətrafında AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Fəxrəddin Səfərli çıxış edərək alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin 2007-ci ilin iyulun 4-də "Azad Mirzəcanzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında” və alimin yubileyi ilə bağlı imzaladığı sərəncamlar Azərbaycan elmində xüsusi xidməti olmuş Azad Mirzəcanzadənin əməyinə verilmiş yüksək qiymət və qayğının təzahürüdür.