"2021-ci ildə Azərbaycanda məhkəmənin hökmləri ilə müxtəlif cinayətlərə görə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş 4 erməni məhbusun Ermənistana təhvil verilməsi Bakının daha bir humanizm təzahürüdür".
Bunu Redaktor.az-a politoloq Əli Orucov Azərbaycanda cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilməsindən danışarkən bildirdi.
"Bakı bu jesti ilə həm də sülh və normallaşma gündəliyinə sadiqliyini göstərmiş oldu. İrəvan Azərbaycanın atdığı bu addımın qarşılığını verməli və təşəbbüsləri qiymətləndirməlidir. İlk növbədə işğal dövründə minalanmış və partlayıcı sursatlarla çirkləndirilmiş ərazilərin xəritələrini təqdim etməli, həmçinin birinci və ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dən çox soydaşımızın taleyinə aydınlıq gətirilməsinə dəstək olmalıdır. Hesab edirəm ki, Azərbaycan Ermənistana qarşı kifayət qədər humanist davranıb. Bundan sonra atacağı addımları birtərəfli qaydada etməməlidir. İtkin düşən soydaşlarımızla bağlı məlumatların və minalanmış ərazilərin xəritələrinin Azərbaycana doğru-düzgün təqdim edilməsi şərt kimi qoyulmalıdır", - deyə politoloq vurğuladı.