Azərbaycan hakimiyyəti ictimai rəyə ciddi fikir vermir

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov son günlər DTX-nın keçirdiyi əməliyyat zamanı ifşa olunaraq həbs olunan icra başçılarından danışıb.

Etibar Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, həmin icra başçıları ictimai nəzarətin zəifliyindən bu qədər çirkin əməllərə əl atıblar:

"Nə qədər ki, ictimai nəzarət lazımı səviyyədə deyil və Azərbaycan hakimiyyəti ictimai rəyə ciddi fikir vermir, o zamanadək həmin məmurların rüşvətxorluğu davam edəcək və bu istiqamətdə mübarizə aparmaq çətin olacaq. Diqqət edin, həbslərlə rüşvətxorluq və korrupsiyanın qarşısını almaq o qədər də effektiv nəticələr vermir, həmin məmurlar öz əməllərini yenə də davam etdirir, xalqı incidirlər, dövlətin vəsaitlərini mənimsəyirlər. Məmurlara qarşı son həbslər Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılansa da, ancaq ümumi nəticə dəyişmir. İcra Hakimiyyəti başçıları öz çirkin əməllərindən çəkinmirlər, yenə də rüşvətə əl atırlar. Mən vəziyyətdən çıxış yolunu hökumətin və icra hakimiyyəti orqanlarının üzərində ictimai və parlament nəzarətinin gücləndirilməsində görürəm. İstənilən şikayətlərə operativ reaksiya verilməlidir, bu məsələdə hüquq-mühafizə orqanları vətəndaşların şikayətlərini obyektiv araşdırmalıdır. Ümumiyyətlə, elə nəzarət mexanizmi yaradılmalıdır ki, İcra Hakimiyyətləri özlərini sərbəst hiss etməsinlər!".

E.Məmmədov qeyd edib ki, İcra Hakimiyyətləri seçkili orqanlara çevrilməlidir və onlara mərkəzi hakimiyyət tərəfindən nəzarət gücləndirilməlidir:

"Belə olarsa, o zaman aparılan mübarizənin də effekti olacaq. Bu gün İcra Hakimiyyətləri orqanlarının heç birinə ciddi nəzarət olmadıəğı üçün onlar öz bildiklərini edirlər, qanunlara tabe olmurlar. Nəticədə də bu cür xoşagəlməz vəziyyət ortaya çıxır.

Digər tərəfdən isə həbs olunan İcra Hakimiyyəti başçıları yüksək vəzifəli şəxslərə güvənərək bu hərəkətləri edirlər. Əgər onların güvəndiyi vəzifəli şəxslər olmasaydı, o zaman bu qədər açıq cinayətlər törətməzdilər".