1993- cü il 4 iyun hadisələrilə bağlı o dövrdə hakimiyyətdə təmsil olunan şəxslər, yanlış bilgilər verməkdədir. Ona görə 1993- cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının iclasında rəsmi mövqeyini bir daha xatırladıram. Mətbuat nümayəndələri bu məlumatı istinad göstərilməklə istifadə edə bilər.
-------------------------------------------------------
BİR DAHA 1993-CÜ İLİN İYUN HADİSƏLƏRİ HAQQINDA
Azərbaycan Milli İstiqlal Partiyasının rəsmi mövqeyi
Son vaxtlar həm iqtidarı, həm də müxalifəti təmsil edən bəzi siyasi qüvvələr 1993-cü il iyunun əvvəlində Gəncə şəhərində baş vermiş hərbi münaqişə ilə və bundan sonrakı hakimiyyət dəyişikliyi ilə bağlı hadisələri yenə də yanlış qiymətləndirərək, Azərbaycan Milli İstiqlal Partiyasını və onun lideri E.Məmmədovu gah qiyamçılara kömək etməkdə, gah da siyasi xətdən yarımçıq geri çəkilməkdə təqsirləndirməyə çalışırlar.
AMİP belə "ittihamları" tamamilə əsassız sayır, lakin siyasi ehtirasları qızışdırmamaq naminə təmkin göstərərək, onları bir müddət cavabsız qoymağımızı, görünür, heç də hamı tərəfindən düzgün başa düşülmür. Ona görə də AMİP həmin hadisələrlə bağlı dəfələrlə bəyan etdiyi mövqeyini bir daha açıqlamaq məcburiyyətindədir.
1993-cü il iyun hadisələri ərəfəsində ictimai həyatın bütün sahələrində açıq özbaşınalıq hökm sürürdü. Ordu quruculuğu, iqtisadiyyat bərbad halda idi. Əhalinin sosial vəziyyəti günbəgün ağırlaşırdı. Siyasi və iqtisadi islahatlar, demək olar ki, dondurulmuşdu. Dövlət idarəetmə aparatının əksər vəsilələrində naşılıq, rüşvətxorluq və korrupsiya hökm sürürdü. Müxalifətin və ilk növbədə AMİP-in təkidlərinə baxmayaraq, iqtidar hakimiyyəti itirməyindən qorxduğu üçün Parlament seçkiləri keçirmərək, qanuni hakimiyyət sistemi formalaşdırmaqdan hər vasitə ilə qaçırdı. Azərbaycan xalqının Ə.Elçibəy iqtidarına inamsızlığı və etimadsızlığı kritik həddi ötmüşdü.
Belə bir şəraitdə Ə.Elçibəy iqtidarı Gəncədə yerləşən 709 nömrəli hərbi hissənin tərksilah edilməsi haqda qərar qəbul etdi. Nəzərə almaq lazımdır ki, həmin aksiyanın Azərbaycanda siyasi müxalifətin zor gücünə əzilməsi və ölkədə hərbi-polis diktaturası yaradılması üçün başlanğıc olması da istisna deyildi. 709 nömrəli hərbi hissənin hökumətin (Müdafiə Nazirliyinin) hər hansı yazılı əmrinə tabe olmaması haqqında ictimaiyyətdə bu gün də dəqiq məlumat yoxdur.Bütün hallarda AMİP ixtilafın dinc yolla həllinə, qardaş qanı tökülməməsinə tərəfdar idi. İyunun 2-də Milli Məclisin iclasında E.Məmmədov iqtidara rəsmi xəbərdarlıq etməklə onu bu "tədbirdən" çəkindirməyə bir daha cəhd göstərdi. Təəssüf ki, bu cəhd də nəticəsiz qaldı.
İyunun 4-də Gəncədə qardaş qanı axıdıldı. Gəncə şəhərinə və bütün Azərbaycana matəm üz verdi. AMİP iyun ayının 4-də Gəncədə baş verən, çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi münaqişəni iqtidar nümayəndələri tərəfindən törədilmiş dövlət cinayəti kimi səciyyələndirdi. Hökumətin güc tətbiq etməsi ilə zorakılıq törətməsi arasında köklü fərq vardır. Birincisi qanun çərçivəsində, ikincisi isə qanunsuz (qanun əleyhinə) həyata keçirilir. Ə.Elçibəy iqtidarı ikincisi yolla getdi, çünki Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq ordunun daxili ixtilafların həllində istifadə olunması yalnız Parlamentin razılığı ilə mümkündür. Ə.Elçibəy hökuməti isə Gəncədə zorakılıq törədərkən Milli Məclisin razılığını almamaqla qanunu birbaşa pozmuş oldu. Milli İstiqlalçılar indi də – hadisələrdən bir neçə ay keçdikdən sonra da Gəncədəki hərbi münaqişəni məhz dövlət cinayəti kimi qiymətləndirirlər.
İyun hadisələrinin ilk günlərindən AMİP bəyan etdi ki, Gəncədə törədilmiş dövlət cinayətində günahkar olan iqtidar nümayəndələri siyasi məsuliyyət daşımalı və siyasi qəza alaraq, istefaya göndərilməlidirlər. Onların cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi isə yalnız məhkəmə tərəfindən müəyyənləşdirilə bilər.
Dövlət cinayətinə əks-reaksiya olaraq iyun ayının 5-dən etibarən Gəncədə mülki əhali özünü iqtidarın özbaşına zorakılığından qorumaq məqsədi ilə silahlanmağa başladı. Azərbaycanın onlarca bölgəsində əhali Ə.Elçibəy iqtidarına və onun son hərəkətlərinə qarşı etiraz tədbirləri keçirməyə başladı, "balaca padşahlara" çevrilmiş İcra hakimiyyəti başçılarına tam etimadsızlıq göstərdi. Bir qədər irəli gedərək, onu da qeyd etməliyik ki, Gəncədə yerləşən hərbi qüvvələr ətraf rayonlara və Bakıya doğru hərəkət etməyə başladıqdan sonra, yalnız Göyçay şəhərindəki lokal münaqişə nəzərə alınmazsa, Azərbaycanın heç bir bölgəsində xalq hakimiyyəti müdafiə etmədi və bununla da Ə.Elçibəy iqtidarının iflasını təsdiqləmiş oldu. Beləliklə, mülki əhalinin özünümüdafiə məqsədi ilə silahlanması, bütün bölgələrdə xalqın yerli hakimiyyət orqanlarını tanımaması və rədd etməsi ilə Azərbaycan Respublikasında başverən dövlət cinayətinə əks-reaksiya olaraq yaranan kortəbii hərəkat üsyan əlamətləri almağa başladı.
Azərbaycanın əksər bölgələrində həm yerli İcra hakimiyyəti orqanlarının, həm də inzibati orqanların rəhbərləri bir qədər əvvəl formalaşdırdıqları silahlı dəstələrin müşayiəti altında postlarını buraxıb qaçdılar. Hakimiyyətsizlik və hərc-mərclik həddini aşmağa başladı. Belə bir şəraitdə AMİP rəhbərliyi öz yerli təşkilatlarına rayonlarda bütün nüfuzlu siyasi təşkilatların nümayəndələrinin, nüfuzlu şəxslərin iştirakı ilə Müvəqqəti Şuralar yaratmaq, onların rəhbərliyi altında rayonlarda hərc-mərcliyin qarşısını almaq, əhalinin təhlükəsizliyini təmin etmək, təsərrüfat işlərinin fasiləsizliyinə nail olmaq göstərişi verdi. İnanırıq ki, yaranmış real vəziyyətdə bu, yeganə düzgün qərar idi.
Lakin Gəncədə yerləşən hərbi qüvvələrin Bakı üzərinə "fatehlik yürüşü" nəticəsində, bu yürüş zamanı həmin qüvvələrə başçılıq edən S.Hüseynov tərəfindən "əgər xalq tələb edərsə, mən istənilən vəzifəni tutacağam" şüarının ortaya atılması və hətta əsas məqsədə çevrilməsi nəticəsində yaranmaqda olan hərəkat heç vəchlə tam çevrilməmiş qiyam səciyyəsi aldı. Bu həm də onunla şərtlənirdi ki, S.Hüseynov yerlərə silahlı qüvvələr göndərir və özünə etibarlı saydığı adamları zor gücünə İcra hakimiyyəti orqanlarında, hətta ayrı-ayrı müəssisələrdə rəhbər vəzifələrdə yerləşdirirdi.
Bütün bunlara baxmayaraq, AMİP Azərbaycanın indiki iqtidarını tam olaraq qiyamçı saymır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının indiki Prezidenti H.Əliyev hakimiyyət zirvəsinə doğru hərəkətinin bütün mərhələlərində ən azı formal baxımdan qanun çərçivəsindən kənara çıxmamışdır. O, Bakıya Ə.Elçibəyin rəsmi dəvəti ilə gəlmiş, real səsvermə nəticəsində Ali Sovetin sədri seçilmiş, ümumxalq referendumu nəticəsində Ə.Elçibəy prezidentlikdən kənarlaşdırıldıqdan sonra isə səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ona görə də AMİP Azərbaycan Respublikasının indiki iqtidarını tanıyır. Bununla belə, AMİP H.Əliyev iqtidarının uğurlu hərəkətlərini təqdir etməklə yanaşı, bu iqtidarın atdığı bir çox addımları, ilk növbədə Azərbaycanın MDB-yə daxil olmasını, hərbi və iqtisadi quruculuqda yol verilən qüsurları, siyasi və iqtisadi islahatların yenə də yubadılmasını prinsipcə qəbul edə bilmədiyi üçün indiki hakimiyyətə müxalifətdədir.
Eyni zamanda AMİP hesab edir ki, H.Əliyevin iyun hadisələri zamanı yol verdiyi ən böyük səhv (bəlkə də günah) onun qiyamçılara güzəştə getməsi, qiyamçıların Bakıya daxil olmasının qarşısını almaması, əksinə hakimiyyətin bir qolunu onlara "bağışlamasıdır". Bütün bunları quya S.Hüseynovun arxasında duran hərbi güclə izah edilməsini biz əsassız və sadəlövh adamlar üçün nəzərdə tutulan bəhanə sayırıq.
Əlbəttə, 4 iyun hadisələrindən sonra AMİP sıralarında da, o cümlədən Partiya rəhbərliyində qiyamçıları müdafiə edənlər yox deyildi. Ancaq indi əminliklə demək olar ki, Partiya həmin adamlardan artıq təmizlənmişdir.
AMİP onu da qeyd etməyi lazım bilir ki, iyun hadisələri zamanı, həmin hadisələr ərəfəsində və sonrakı dövrdə Azərbaycanda baş vermiş prosesləri təhlil edərkən Partiya öz səhvlərini də araşdırır. Görünür, Gəncə faciəsinin qarşısını almaq baxımından, Partiya E.Məmmədovun Parlamentdəki xəbərdarlığı ilə kifayətlənməməli, daha fəal mövqe tutmalı, o vaxtkı iqtidarın nümayəndələri ilə daha intensiv siyasi məsləhətləşmələrə getməli idi.
AMİP həmçinin hesab edir ki, Partiyanın liderləri bəzi digər hallarda olduğu kimi iyun hadisələri zamanı da özlərini "siyasətdə yol verilə biləcək həddən daha artıq dərəcədə" səmimi aparmışlar, siyasətdə etik normaları və mərdliyi əsas götürmüşlər. Lakin bəzilərinin zəiflik saya biləcəyi bu xüsusiyyətlər əslində bizim gücümüzdür.
Aydındır ki, belə bir yığcam sənəddə AMİP-in mövqeyini bütün araşdırılan mətləblər üzrə təfərrüatı ilə açıqlamaq mümkün deyil. Odur ki, burada yalnız hadisələrin əsas mahiyyətinə diqqət yetirilir. Lakin biz istər burada toxunulan, istərsə də istənilən digər məsələlər üzrə hər hansı suallara cavab verməyə, müzakirə və mübahisələrə hazırıq. Çünki bütün siyasi addımlarımızı Dövlətimizin müstəqilliyini və bütövlüyünü, vətəndaşlarımızın azadlığını və firavanlığını əsas götürərək atırıq. Bu yolda Azərbaycan Milli İstiqlal Partiyasının xalqımıza böyük töhfə verəcəyinə inanırıq.
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurası