AMEA Memarlq və İncəsənət İnstitutu 24 noyabr 2016-cı il tarixində "Azərbaycan milli sirk sənəti - 70” mövzusunda Respublika elmi-praktiki konfransı keçirəcək.
Azərbaycanda ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxsa da, peşəkar sirkin meydana gəlməsi nisbətən yaxın keçmişdə baş vermişdir. Belə ki, dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan peşəkar sirk kollektivinin ifasında ilk milli sirk proqramının premyerası 1946-cı il iyun ayının 12-də Bakı Dövlət sirkində oynanılmışdır.
Bu əlamətdar hadisənin 70 illiyinə həsr olunan konfransda Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri və s. aktual mövzular müzakirə olunacaq.
Konfransın açılışı 24 noyabr 2016-cı il tarixində saat 11.00-da AMEA-nın Əsas binasının (2-ci mərtəbə) konfrans zalında olacaq. Ünvan: Bakı, Hüseyn Cavid prospekti, 115.
Konfransın proqramında "Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları”, "Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu”, "Azərbaycan sirk pəhləvanları”, "Milli sirk sənətində musiqi, Azərbaycan sirkində klounada”, "Azərbaycan milli kinosunda sirk ənənəsi”, "Azərbaycan illüziya sənətinin inkişaf yolları”, "Müasir Azərbaycan sirk sənəti dünya arenasında” kimi məruzələrlə yanaşı milli sirk sənətinin veteranlarının və hazırda Bakı Dövlət Sirkində nümayiş olunan "İntersirk - 3” beynəlxalq proqramının iştirakçılarının çıxışları nəzərdə tutulur.
Media üçün konfransa giriş sərbəstdir.