Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan zaman-zaman müsahibələrində kompromisə getməyin vacib olduğunu bildirir. Xüsusən də 44 günlük müharibədən sonra o, vəziyyətin Azərbaycanın xeyrinə dətişdiyini bir neçə dəfə qeyd edib.
Bu arada Ter-Petrosyan verdiyi müsahibəsində bir daha qeyd edib ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Sabiq prezident Azərbaycanın Qarabağ münaqişəsində səbrli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək, ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirib. O, Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edib: “Başa düşmək lazımdır ki, bu hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu, erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.
Görünən odur ki, Ter-Petrosyan revanşistlərə müharibədən sonra yaranmış vəziyyəti dəyişməyin mümkün olmadığını anlatmağa çalışır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Ter-Petrosyan bəlkə də erməni siyasi cameəsində praqmatik düşüncəyə sahib olan yeganə şəxslərdən biridir: “Çünki Levon Ter-Petrosyan mövcud reallıqları dərk edən rasional düşüncəyə malik bir siyasətçidir. O başa düşür ki, XXI əsrdə yaşayaraq orta əsrlərin feodal təfəkkürü ilə düşünmək mümkün deyil. Yaşadığımız dövr yeni çağırışlar, modern düşüncələr tələb edən bir dövrdür. Çox təəssüf ki, qonşu kimi yaşamaq məcburiyyətində olduğumuz Ermənistanın siyasi liderlərinin əksəriyyəti müasir dünyanın tələblərini dərk etmək qabiliyyətinə malik deyil. Elə Köçəryan, Sarkisyan kimi "siyasətçilər" buna misal olaraq erməni xalqının gələcəyini düşünmək əvəzinə, bu xalqı hər zaman ağır məhrumiyyətlərə düçar etməyə çalışırlar. Sarkisyan Xocalı soyqırımınıda iştirakçı olmağını hər zaman vurğulayan, bəşəri humanist hisslərdən məhrum olan bir "siyasətçi" dir. Əslində dünyada ikili standartlar olmasaydı, Sarkisyan və Köçəryan kimilər indi Beynəlxalq Tribunalda cavab verməli idilər. Körpə, qoca, ahıl yaşda insanları qətl edənlər necə ortalıqda əlini-qolunu sallayaraq xalqlara nifrət püskürməkdə davam edir? Bax, bu sualların cavabı hələ da açıq qalmaqdadır. Köçəryan belə bəyanatlar verərkən hələ də başa düşmək istəmir ki, Azərbaycan dövləti 90-cı illərin dövləti deyil. O dövrlərdə xalqımızın əli yalın, silah-sursatımızın olmayan vaxtlarında rus hərbi kontingentinin köməyilə ağır silahlarla hücüma keçərək dinc insanlarımızı soyqırıma məruz qoydular. İndi Azərbaycan Ordusu dünyaya səs salmış ordular siyahısındadır. Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur. Köçəryan tamamilə iflic olmuş Ermənistan ordusunun "gücünü" çox gözəl bilir. Sadəcə, bölgədə gərginliyin böyüdülməsi üçün cəhdlər etməkdədir. Baxın, bölgənin bütün dövlətləri sülhdən danışdığı bir vaxtda, Köçəryan kimi faşizm ideyalarını özünə yol seçmiş erməni siyasətçiləri yenidən işğalçılıq meyllərini gizlətmirlər. Bu, erməni xalqı üçün ən təhlükəli hallardan biridir. Nəhayət bu bölgəyə sülh gəlməlidir. Sülhün alternativi yoxdur”.
Sədr müavini onu da əlavə etdi ki, sülhün daimi olması üçün ordumuz, indi olduğu kimi, hər zaman öz qüdrətini saxlamalıdır.