Azərbaycan sıradan bir ölkə deyil

Arzuxan Əlizadə: "Oyunlardan sonra xaricdə böyüməkdə olan gənc nəsil Azərbaycanın inkişafı ilə daha çox maraqlanacaq"

"Bütün bunlar nəticə etibarilə onlarda..."

Hazırda Azərbaycan Birinci Avropa Oyunlarına hazırlaşır. Avropa Oyunlarının ilk dəfə təşkil olunması və bu mötəbər idman yarışının məhz ölkəmizdə keçirilməsi Azərbaycanı tanıtmaq baxımından bir fürsətdir. Yəni reallıq ondan ibarətdir ki, Avropa insanı ölkəni bundan sonra daha da yaxından tanıyacaq.

Gələn qonaqlar görəcək ki, Azərbaycan sıradan bir neft ölkəsi deyil, bura beyin mərkəzi, müasir və inkişaf edən bir ölkədir. Bu, bir nəfərin təəssüratı deyil, həmin insanın ailəsinin, iş kollektivinin və yaxın çevrəsinin ölkəmiz haqqında təəssüratlarının dəyişməsi deməkdir. Yəni, ən azından, ölkəmizin tanıdılması baxımından bu bir fürsətdir. Digər tərəfdən isə, ölkənin turizm imkanlarının təbliği baxımından faydalıdır. Ona görə də Avropa Oyunlarının ölkəmizin tanıdılması baxımından əhəmiyyəti kifayət qədərdir. Bu proseslərdə mətbuatın üzərinə böyük məsuliyyət düşür. Onsuz da ölkəmizi istəməyən qüvvələr tədbirin qarşısını almaq məqsədilə müxtəlif təxribatlara əl atdılar. Ancaq heç nəyə nail ola bilmədilər. O üzdən, bu cür təxribatlar yenə də gözləniləndir. Müvafiq qurumlar son dərəcə diqqətli olmalıdır.

O da məlumdur ki, bu gün yüzminlərlə soydaşımız müxtəlif xarici dövlətlərdə yaşayır. Bir çoxları uzun illərdir müxtəlif səbəblərdən Azərbaycana tez-tez gələ bilmir. Başqa bir tərəfdən, bir çoxlarının övladları xaricdə dünyaya göz açıb, indiyəcən Azərbaycanı görməyiblər. Azərbaycan barədə təsəvvürləri əsasən valideynlərinin verdiyi informasiyaya əsasən formalaşır. Xaricdə Azərbaycan kökənli böyük bir gənc nəsil formalaşıb ki, onların dolğun məlumatlandırılmasına ehtiyac var. Bu baxımdan keçiriləcək Birinci Avropa Oyunları sözügedən məsələdə nə kimi rol oynaya bilər?

Sözügedən məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bu sahədə ciddi rol oynaya bilər: "Heç şübhəsiz ki, bu amil xaricdə yaşayan azərbaycanlıların öz vətənlərinə olan diqqətini artıracaq. Oyunlardan sonra xaricdə böyüməkdə olan gənc nəsil Azərbaycanın inkişafı ilə daha çox maraqlanacaq. Ölkəni yaxından izləməyə çalışacaq. Bu həm də onların milli mənlik şüurunun inkişafına hardasa bir təkan verəcək. Onlara aydın olacaq ki, Azərbaycan sıradan bir ölkə deyil. Olduqca böyükmiqyaslı bir tədbirə ev sahibliyi etmək iqtidarındadır. Bu, xaricdə yaşayan soydaşlarımızla yanaşı, orada təhsil alan azərbaycanlılar üçün də müsbət göstəricidir. Bütün bunlar nəticə etibarilə onlarda Azərbaycana olan inam və etimadı daha da artıracaq"./Bakı Xəbər/
Vidadi ORDAHALLI