Azərbaycanın bir nömrəli vəzifəsi bu təcavüzü aradan qaldırmaqdır

Etibar Məmmədov: "Bu məsələ dünən olduğu kimi bu gün də ən başlıca vəzifə olaraq qalır”


Ermənistanın zaman-zaman Azərbaycanla yanaşı, digər qonşu dövlətlər, xüsusilə də Türkiyə və Gürcüstana qarşı ərazi iddiası ilə çıxış etməsi hər üç dövlətin erməni təhlükəsinə qarşı birgə mübarizə aparmasının zəruriliyi ilə bağlı fikirləri aktuallaşdırmaqdadır.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov isə hesab edir ki, bu gün Azərbaycanın qarşısında dayanan ən başlıca məsələ bu deyil:

"Ermənilərin qonşu dövlətlərə qarşı ərazi iddiası səsləndirməsi ilk dəfə deyil. "Dənizdən-dəniz Böyük Ermənistan”ın yaradılması ilə bağlı iddialar bundan əvvəl də səsləndirilib. Və təbii ki, bunların hamısı cəfəngiyyatdır. Hesab edirəm ki, əsas diqqəti bu məsələnin üzərində cəmləşdirməyə ehtiyac yoxdur.

Azərbaycana qarşı təcavüz olub. Azərbaycanın bir nömrəli vəzifəsi bu təcavüzü aradan qaldırmaqdır. Torpaqları geri qaytarmaq, əhalinin öz dədə-baba torpaqlarna qayıtmasını və orada təhlükəsiz şəkildə yaşamasını təmin etmək ən başlıca vəzifə olaraq qalır.

Təbii ki, Azərbaycanın bu məsələdə Gürcüstan və Türkiyə ilə ittifaqda olması məqsədəuyğundur. Ancaq qeyd etdiyim kimi, ermənilərin qonşu dövlətlərə qarşı iddiasının əsas məsələ kimi ön cərgəyə çıxarılmasını doğru hesab etmirəm. Bizim üçün ən başlıca məsələ işğaldakı torpaqların azadlığıdır”.