Belə çıxır ki, bu, sadəcə, dəyirmi masadır

Yusif Bağırzadə: "Qeydiyyatdan keçən və keçməyən bütün partiyaların iştirak etdiyi format olacaqsa, belə çıxır ki, bu, sadəcə, dəyirmi masadır”

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından bu ay siyasi partiyalarla növbəti görüşün keçirilməsi barədə AMİP sədri Yusif Bağırzadəyə təklif göndərilib. Bu barədə "Yeni Müsavat”a Yusif Bağırzadə məlumat verib. Onun dediyinə görə, PA-dan ona bildiriblər ki, mayın 13 və ya 16-da Əli Həsənovla siyasi partiyaların üçüncü görüşünün keçirilməsi nəzərdə tutulur.

Ancaq Y.Bağırzadəyə görüşdə hansı mövzunun müzakirə ediləcəyini deməyiblər: "Mən mətbuatdan bildim ki, növbəti görüşdə ”I Avropa İdman Oyunlarına münasibət" mövzusuna müzakirələrin aparılması təklif olunur. Bizə görüşün formatı barədə heç nə deyilməyib. Ancaq mediadan oxudum ki, KXCP və digər bir neçə partiyalara formatın necə nəzərdə tutulduğu haqda məlumat verilib. Belə məlum olub ki, əvvəlki format dəyişilir və daha geniş formatda görüş planlaşdırılır. Əvvəlki görüşdə 17 dövlət qeydiyyatından keçmiş siyasi partiya təmsil olunurdusa, indi dövlət qeydiyyatından keçən və keçməyən bütün partiyaların iştirakı istənilir. Bu, bir tərəfdən təqdir olunandır.

Lakin nəzərə almaq lazımdır ki, 12 fevralda keçirilən ikinci görüşdə hazırkı formatın hələ dəyişməməsi barədə qərar verilmişdi. Qərarda deyilirdi ki, formatın dəyişdirilməsi lazım gələrsə, iştirakçı partiyalara öncədən məlumat verilsin, onların mövqeyi öyrənilsin və ümumi razılıq olandan sonra format dəyişilə bilər. İndi belə bir konsensus əldə olunmadan birbaşa qeyd olunursa ki, qeydiyyatdan keçən və keçməyən bütün partiyaların iştirak etdiyi format olacaq, belə çıxır ki, bu, sadəcə, dəyirmi masadır. Ona görə də yəqin ki, dəyirmi masa olacaq, bunu başlanan görüşün üçüncü raundu hesab eləmək olmaz. Bu isə əslində ikinci görüşdəki razılaşmanın müəyyən mənada pozulması hesab oluna bilər.

AMİP-in müvafiq strukturu Prezident Administrasiyasından gələn dəvətlə bağlı, iştirak edib-etməməklə bağlı müzakirə aparacaq və qərar veriləcək".

Y.Bağırzadə Avropa Oyunları ərəfəsində müzakirə mövzusu olaraq Avropa Oyunlarına münasibət məsələsinin seçilməsini məqbul hesab etdiyini vurğuladı: "Əlbəttə ki, Avropa Oyunları ilə bağlı ölkədəki siyasi təşkilatlar münasibət bildirməlidir”.

PA-dan görüş üçün təklif ünvanlanan "Azadlıq-2015" seçki blokundakı partiyaların rəhbərlərinin isə bu gün toplantısı keçiriləcək. Toplantıda görüşlə bağlı təklifə rəsmi cavabın veriləcəyi gözlənilir.