BMT-nin son illər dünyada nüfuzu onsuz da alt-üst olub

Baş katibin ikibaşlı bəyanatı nə deməkdir?

Əli Orucov: «Bu, BMT-nin nə qədər səbatsız bir təşkilat olduğunun göstəricisidir»

«100 il bundan əvvəl olmayan bir hadisəyə «dəhşətli cinayət» kimi yanaşılması biabırçılıqdır»

BMT-nin baş katibi Ban Ki Mun Osmanlı imperiyasında ermənilərin sıxışdırılmasını «dəhşətli cinayət» hesab etsə də, «soyqırım» terminindən istifadə etməyə tələsmir və ölkələri 100 il əvvəl baş vermiş hadisələrin faktlarını müəyyənləşdirmək məqsədilə əməkdaşlığı davam etdirməyə çağırır.
Bu barədə jurnalistlərə açıqlamasında BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüarrik bildirib. Onun sözlərinə görə, ümumdünya təşkilatının katibliyində ötən bazar 1915-1916-cı illərdə ermənilərin kütləvi qətli və sıxışdırılmasını «XX-ci əsrin ilk soyqırımı» adlandırmış Roma Papası Fransiskin fikirlərini nəzərə alıblar.
Cüarrik qeyd edib ki, Ban Ki Mun «aprelin 24-də Ermənistanda və digər ölkələrdə 1915-ci ilin faciəli hadisələrinin 100 illiyinin qeyd olunacağını yaxşı xatırlayır», bununla belə, «baş vermiş hadisənin təsnifatlaşdırılması ilə bağlı məsələnin həssaslığını da dərk edir».
Daha sonra o bunları deyib: «Baş katib əmindir ki, bu tarixin qeyd edilməsi, 1915-ci ilin faciəli hadisələrinin yad edilməsi, həmçinin baş verənlər ətrafında faktların müəyyənləşdirilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi bizim gələcəkdə belə hadisələrin təkrarlanmamasına yönəlmiş ümumi səylərimizi möhkəmləndirməlidir».
BMT nümayəndəsinin açıqlaması göstərir ki, bu cür yanaşma tamamilə qərəzli və obyektivlikdən uzaqdır. Məsələ ondadır ki, olmayan soyqırımın «dəhşətli cinayət» kimi təqdim olunması, üstüörtülü də olsa, ermənilərin təəssübünü çəkmək anlamına gəlir. Bu o deməkdir ki, sözügedən yanaşma gələcəkdə qondarma «soyqırım» üçün hüquqi baza yarada bilər. O üzdən bunu hardasa BMT-nin bir xəbərdarlıq mesajı kimi də dəyərləndirmək olar. Hansı ki, ədalətdən, obyektivlikdən tamamilə uzaq yanaşmadır.

Sözügedən məsələ ilə bağlı fikirlərini «Bakı-Xəbər»lə bölüşən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, BMT-nin qondarma «soyqırım» məsələsində sərgilədiyi mövqe utancvericidir: «Bu, BMT-nin nə qədər səbatsız bir təşkilat olduğunun göstəricisidir. Çünki ortada ciddi dəlillər, tarixi faktların olmamasına rəğmən, BMT kimi təşkilatın məsələyə bu cür ikibaşlı yanaşması qəbuledilməzdir. Olmayan hadisənin bu dərəcədə şişirdilməsi və ona hansısa formada don geydirilməsi yaxşı heç nə vəd etmir. Həmişə olduğu kimi, ermənilər bu amildən gələcəkdə çox ustalıqla öz xeyirlərinə istifadə edə bilər. Çox qəribə və eyni zamanda paradoksal vəziyyət yaranıb. Yaxın tarixdə Xocalıda misli görünməmiş soyqırım baş verib və bununla bağlı kifayət qədər dəlil, şahid ifadələri var. Ancaq BMT bunu görməzdən gəlir. Buna rəğmən, 100 il bundan əvvəl olmayan bir hadisəyə «dəhşətli cinayət» kimi yanaşılması biabırçılıqdır. Bu, tamamilə ədalətsiz bir mövqedir. Belə ki, dünyada mövcud olan ikili standartlarla əlaqədar bu kimi hallar baş verir. BMT-nin son illər dünyada nüfuzu onsuz da alt-üst olub. Çünki qəbul etdiyi qətnamələr, qərarlar kağız üzərində qalır.
Məlum olduğu kimi, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var. Ancaq onlardan heç biri yerinə yetirilməyib. Yaxşı olardı ki, sözügedən qurum bu barədə düşünsün».



Vidadi ORDAHALLI