Böyük adların kölgəsində diqqət axtarışı. Tarix kimə uğursuz deyir?

Bir Orxan Saffari yazar sifariş aldığı ağasının diqtəsi ilə yazıb ki, bəs demə Etibar Məmmədov uğursuz siyasətçi olub.
Bir siyasətçinin uğurlu və ya uğursuz olduğunu müəyyən edən meyar nədir? Keçici vəzifə kürsüləri, yoxsa dövlətin təməlinə qoyulan və onilliklər keçsə də dəyərini itirməyən silinməz izlər?
Əgər bir yazar bu gün çıxıb Etibar Məmmədovu “uğursuz siyasətçi” adlandırırsa, deməli, o, uğur anlayışını yalnız gündəlik siyasi konyunkturada və şəxsi kariyerdə görür. Lakin bəzi siyasi xadimlər var ki, onların fəaliyyətinin miqyası cari hakimiyyət mütənasibliyi ilə deyil, bütöv bir xalqın taleyində oynadıqları tarixi rolla ölçülür. Etibar Məmmədov məhz belə bir miqyasın sahibidir.
Gəlin, həmin o “uğursuz” adlandırılan ömrün faktlarına bir baxış keçirək.
Hələ sovet imperiyasının ən vahiməli, ən kəskin dövründə, Bakı Dövlət Universitetinin auditoriyalarında hər kəsin sistemdən qorxub çəkildiyi bir vaxtda, gənc bir tələbə irəli çıxır. Universitetin divar qəzetində hər kəsin adını çəkməyə cəsarət etmədiyi Güney Azərbaycan məsələsini, bütöv bir millətin parçalanmış dərdini bir divar qəzeti ilə böyük bir auditoriyaya çatdırır. Nəticə? Universitetdən xaric edilmək. İndi soruşmaq lazımdır. Gələcək şəxsi kariyerasını bəri başdan təhlükəyə ataraq, millətin dərdini sistemin üzünə çırpmaq uğursuzluqdurmu, yoxsa daxili bütövlüyün və erkən doğulmuş liderliyin ilk qığılcımı?
Zaman keçir, 1980-ci illərin sonunda o qığılcım böyük bir azadlıq alovuna çevrilir. Azərbaycan xalqı meydanlara axışanda, tankların, imperiya süngülərinin qarşısına çıxan xalq hərəkatının ən önündə yenə o dayanırdı. O, sadəcə izdihamları idarə edən alovlu natiq deyil, həm də xalqın iradəsini imperiyaya diktə edən əsas liderlərdən biri idi. 20 Yanvarın qanlı günlərində, canını təhlükəyə ataraq Moskvada keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın səsini dünyaya yayan, bu cəsarətinə görə Lefortovo zindanının ağır sınaqları ilə üz-üzə qalan bir adama “uğursuz” demək, ən azı tarixi korluqdur.
Bir siyasətçinin ən böyük uğuru nə ola bilər? Əlbəttə ki, qurduğu və ya bərpa etdiyi dövlətin doğum sənədinə imza atmaq! Etibar Məmmədov Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının həm müəlliflərindən, həm də onun qəbul edilməsi üçün parlament divarları arasında mübarizə aparan əsas simalardan biridir. Bu gün müstəqil pasport daşıyan, müstəqil dövlətin havasını udan və o dövlətin təməlini quranlara dil uzadan hər bir yazar, əslində həmin Müstəqillik Aktının altındakı o silinməz imzaya borcludur.
Tarix təkcə sənədlərlə yazılmır, həm də səngərlərdə qorunur. Müstəqilliyimizin ilk, ən ağır və böhranlı illərində, ölkə daxili xaos içində boğularkən və Ermənistanın hərbi təcavüzü genişlənərkən, Etibar Məmmədov kabinet siyasətçisi olmadığını bir daha sübut etdi. O, yeni yaranan, hələ ayaq üstə durmağa çalışan milli ordumuza dəstək olmaq üçün şəxsi nüfuzunu, beynəlxalq əlaqələrini işə salaraq ölkəyə silah və hərbi təchizat gətirilməsini təmin etdi. Siyasi ambisiyaları kənara qoyub vətənin müdafiəsinə durmaq siyasi uğursuzluq yox, milli fədakarlıqdır.
O, həm də bir sistem qurucusudur. Azərbaycanda ilk çoxpartiyalı sistemin əsasını qoymaqla, ölkədə sivil siyasi mədəniyyətin, proqramlı müxalifətçiliyin təməlini atdı. Siyasi fəaliyyəti təkcə daxili auditoriya ilə məhdudlaşmadı. Beynəlxalq arenada qardaş Türkiyədən tutmuş dost Pakistana qədər, Azərbaycanın müstəqilliyinin tanıdılmasında məhz Etibar Məmmədovun diplomatik fədakarlığı və qurduğu münasibətlər böyük rol oynadı. O, Avropanın ən nüfuzlu siyasi mərkəzlərində Azərbaycanın maraqlarını müdafiə etdi, ölkəmizi dünyada ləyaqətlə tanıtdı. Etibar Məmmədov uğursuz siyasətçidirmi?
Əgər siyasi uğur yalnız hansısa kresloda oturmaq və ya vəzifə imtiyazlarından yararlanmaqdırsa, bəli, o, bu mənada “uğursuzdur”. Çünki onun, prinsipləri yalnız kreslodan ibarət deyildir. Amma yox, əgər uğur – xalqın azadlıq hərəkatına liderlik etmək, müstəqillik aktını yazmaq, milli ordunun qurulmasına silah gətirərək dəstək olmaq, çoxpartiyalı sistemin əsasını qoymaq… və adını tarixə qızıl hərflərlə yazdırmaqdırsa, Etibar Məmmədov Azərbaycanın ən uğurlu və bütöv siyasi xadimlərindən biridir.
Sözü və yazını ucuz populyarlıq alətinə çevirənlər unudurlar ki, tarixin yaddaşı kəskin və ədalətlidir. Gündəm xatirinə yazılan qərəzli cümlələr sabaha qalmır, amma millətin azadlıq təməlinə qoyulan daşlar əbədi yaşayır.
Orxan Saffari, sən Etibar Məmmədova uğursuz siyasətçi deməklə tənqid etməklə sadəcə özünü gündəmə gətirmək istəyirsən, lakin bu, əsla alınan deyil. Bu gün taleyüklü məsələlərlə bağlı beynəlxalq arenada dövlət başçısı istisna olmaqla – Etibar bəydən başqa ikinci bir siyasi lider tapıb göstərə bilərsənmi, Orxan Saffari? Görünür, göstərə bilməzsən. Çünki tarix sübut edir ki, siyasi konyunktura gəldi-gədərdir, lakin liderlik istedadı, həqiqi vətənpərvərlik və mənəviyyat insana sonradan verilmir, onlar anadangəlmə olur.
Tarix hər kəsi öz çəkisinə görə qiymətləndirir. Bəzilərini dövlət quran və millətin taleyini dəyişən lider, bəzilərini isə böyük adların kölgəsində diqqət qazanmağa çalışan keçici Orxan Saffari bir imza kimi.

Afsəddin Nəbiyev
AMİP Sədrinin müavini