Böyük Dövlət və Xalq adamı, ad günün mübarək!
Bu gün, 2 aprel Azərbaycanın siyasi tarixində əvəzedilməz iz qoymuş, Milli Azadlıq hərəkatının lidelərindən biri, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri olan dəyərli bir şəxsiyyətin, Etibar Məmmədovun doğum günüdür.
Etibar Məmmədov keçdiyi həyat yolu və fəaliyyəti ilə hər bir vətəndaşımız üçün örnək ola biləcək şəxsiyyətlərdəndir.
Hələ tələbəlik illərindən siyasi proseslərə qoşulan Etibar Məmmədov Bakı Dövlət Universitetində gizli dərnəklərdə fəaliyyətə başlamış və bu fəaliyyəti nəticəsində universitetdən xaric edilmişdi. Sonradan 1988-89-cu illərdə Azərbaycan Xalq Hərəkatının əsas özəyi olan Bakı Dövlət Universitetinin gənc müəllimi kimi yenə də hadisələrin önündə dayanmış və elə ilk mitinqlər günü həbs olunmuşdu.
Gənc nəsil xatırlamasa da, orta və yaşlı nəsil Etibar Məmmədovun meydan hərəkatındakı fəaliyyətini, onun çağırışı ilə yüz minlərlə insanın mitinqlərə toplaşdığını və Sovet İmperiyası əleyhinə ən kəskin çıxışlar etdiyini yaxşı xatırlayır. Hərəkatın aparıcı liderlərindən hesab olunan Etibar Məmmədov təkcə meydandakı insanları maarifləndirməklə kifayətlənmir, həm də gündəlik olaraq həmin dövr üçün demək olar ki, hər evdə dinlənilən "Azadlıq radiosu”na verdiyi açıqlamalarla bölgələrdəki insanların da hərəkatın məqsəd və vəzifəsi haqqında məlumat almasında, eləcə də demokratik dünyanın Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumata malik olmasında xüsusi rol oynayırdı.
AXC-nin yaranmasında danılmaz xidmətləri olan E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilir vəelə ilk iclasda da AXC Məramnaməsinə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı maddə salınmasını təklif edir. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə bağlı Etibar Məmmədovun üzərində təkidlə dayandığı məsələ yalnız bir neçə ay sonra AXC-nin sənədlərində öz əksini tapır.
Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələblər səslənməyə başladığı zaman tətil hərəkatı geniş vüsət alır.Tətil komitəsinə Etibar Məmmədov rəhbərlik edir. Onun çağırışı ilə çox sayda müəssisələr tətil hərəkatına qoşulur və ən nəhayət, SSRİ iqtisadiyyatının bel sütününa zərbə vuran Respublika Dəmir Yollarında tətil elan olunur.
20 yanvar hadisələri ilə bağlı həqiqətləri, AXC İdarə Heyətinin Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələbi, eləcə də Ali Sovetin qərarı ilə əlaqədar məulmatları dünya ictimaiyyətinə çatdırmaq üçün Etibar Məmmədov imperiyanın paytaxtı Moskvada mətbuat Konfransı keçirmək qərarına gəlir. Mövcud təhlükələrə baxmayaraq Bakıdan gizli yollarla çaxmağa müvəffəq olur və 25 yanvar 1990-cı il tarixdə Moskvada Azərbaycanın daimi nümayəndəliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirir. Həmin mətbuat konfransında Azərbaycana göndərilən SSRİ qoşunlarını işğalçı adlandıraraq, baş verənlərdə M.Qorbaçovun birbaşa məsuliyyət daşıdığını bəyan edir.
Elə həmin gecə DövlətTəhlükəsizlik Komitəsinin "Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın edir və Etibar Məmmədovu həbs edir. 9 ay Lefertovo həbsxanasında təkadamlıq kamerada saxlanılan E.Məmmədov bütün psixoloji təzyiqlərə baxmayaraq SSRİ DTK-nin mitinqlərin dayandırılması üçün xalqa müraciət etməklə bağlı tələblərinə yox deyir və mübarizənin davam etdiriləcəyini bildirir. Etibar Məmmədovun həbs edilməsi ilə bağlı Bakıda və Azərbaycanın bütün bölgələrində etiraz və aclıq aksiyaları başlayır. Sonra bu aksiyalar daha geniş vüsət alaraq Moskvada Kreml qarşısında və ABŞ-da Nyu Yorkda da keçirilməyə başlayır.Bir milyon beş yüz min insan Etibar Məmmədovun həbsdən azad olunması üçün hazırlanmış petisiyaya imza atır. Nəhayət, uzun sürən mübarizənin nəticəsi olaraq Etibar Məmmədovun məhkəməsinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunur və 1-2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda məhkəmə prossesi keçirilir. Etibar Məmmədov məhkəmə zalından azad olunur.
Məhbəsdən azad olunduqdan sonra millət vəkili seçilən Etibar Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsini millət vəkili kimi davam etdirməyə başlayır. Etibar Məmmədovun həmmüəlifliyi ilə "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı hazırlanır və 1991-ci iloktyabrın 18-dəAli Sovetin sessiyasında qəbul olunur.
Bundan sonra Ali Sovetin qərarı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin tanıdılması missiyası Etibar Məmmədova həvalə olunur və onun rəhbərlik etdiyi Parlament nümayəndə heyəti əvvəl Türkiyəyə sonra isə Pakistana rəsmi səfərə yollanır. Nəticə etibarı ilə hər iki ölkə Azərbaycanı mustəqil dövlət olaraq tanımaq haqqında qərar qəbul edir.
Etibar Məmmədovun adı ilə bağlı olan növbəti məsələ yeni yaranmış Azərbaycan ordusunun maddi texniki bazasının formalaşdırılması ilə bağlı göstərdiyi fəaliyyətdir. Belə ki, ilk ordunun silahla təmin olunması, eləcə də əsgər və zabitlərin geyim və digər lazımi vasitələrlə təchiz olunması həmin dövrdə dövlət qarşısında olduqca problemli məsələ olaraq qalırdı. Bu məsələnin də yoluna qoyulması üçün Etibar Məmmədova müraciət edilir və o, ordunun maddi-texniki bazasının formalaşdırılması üçün rəsmi olaraq vəzifələndirilir. Danılmaz faktdır ki, E. Məmmədov o dövrdə Azərbaycan Ordusunun silahla təchiz olunmasında əhəmiyyətli rol oynamışdır.
Parlamentdə "Demblokun” həmsədri oan Etibar Məmmədov 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü kimi də fəaliyyət göstərmişdir.
Etibar Məmmədovun fəaliyyətinin növbəti dövrü partiya quruculuğu ilə bağlıdır. AXC-nin üzərinə götürdüyü missiyanı – Azərbaycanın istiqlalı uğrunda mübarizə missiyasını artıq başa vurduğunu, buna görə də növbəti mərhələyə keçidin vacib olduğunu deyən E.Məmmədov bu məqsədlə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycanda ilk siyasi partiyanın yaradılması istiqamətində fəaliyyətə başlayır və 3 - 4 iyul 1992-ci ildə AMİP-in təsis Qurultayı keçirilir. 17 iyul 1992-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən 1 saylı qeydiyyat vəsiqəsi alan AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyası olaraq tarixə düşmüşdür.
E. Məmmədov həmçinin, 1995-ci ildə Konstitusiya Komissiyasının üzvü olaraq Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında fəal iştirak etmişdir.
2005-ci ildən aktiv siyasi fəaliyyətdən kənarda olmasına baxmayaraq, Etibar Məmmədov bu gün də ölkənin siyasi həyatına təsir etmək imkanlarına malik olan siyasətçidir desək, yəqin ki, yanılmarıq. Hazırda Etibar Məmmədov özündə 80 ölkədən olan 100-dən artıq siyasi partiyanı birləşdirən, tərkibində ABŞ-in, İngiltərənin, Almaniyanın, İspaniyanın, İsrailin, Norveçin, Avstraliyanın, Meksikanın, Macarıstanın, Argentinanın, Bolqarıstanın, Finlandiyanın, Kolumbiyanın, Avstriyanın, İslandiyanın, Serbiyanın, Yunanıstanın, Xorvatiyanın, Çilinin, Paraqvayın və s. ölkələrin hazırda hakimiyyətdə olan siyasi partiyalarını birləşdirən Beynəlxalq Demokrat İttifaqının Sədr müavini olaraq Azərbaycanı bu nüfuzlu beynəlxalq təşkilatda layiqincə təmsil edir.
Milli İstiqlalçılar olaraq AMİP adlı böyük, demokratik prinsiplərə söykənən, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığına, həmçinin bu illər ərzində özümüzə çoxsaylı sadiq dostlar qazandığımıza görə Etibar bəyə minnətdarlığımızı bildiririk.
Əziz Etibar bəy!
Sizə sonsuz sayğılarımızı bildirməklə yanaşı, doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Ulu tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür, gələcək işlərinizdə və fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq.
Sonsuz sayğılarla, Milli İstiqlalçılar!