“Azərbaycan Prezidenti hər ilin əvvəlində yerli televiziya kanallarına geniş müsahibə verərək ötən il görülən işlər, əldə edilən nailiyyətlər, qarşıda dayanan məsələlərlə bağlı mövqeyini bildirir. Dövlət başçısının hər bir müsahibəsi, çıxışı təkcə yerli deyil, xarici auditoriyanın, KİV-in də böyük marağına səbəb olur. Bu dəfə də eyni hal təkrarlandı”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, dövlət başçısı bir sıra sahələrlə yanaşı, müdafiə sənayesi ilə bağlı da danışdı və konkret rəqəmlər açıqladı: “Məlum oldu ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Hədəf qısa müddət ərzində ixracı bir milyard dollara çatdırmaqdır. Dövlət başçısı üç-dörd il ərzində bu rəqəmə çatmağın mümkünlüyünü də qeyd etdi, xarici şirkətlərdən çox böyük maraq olduğunu vurğuladı.
Eyni zamanda, Prezident regional durumla bağlı olaraq Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılması məsələsini gündəmə gətirdi. Azərbaycan təbii ki, müharibə istəmir, amma sülhün təminatı üçün hər zaman güclü olmalıdır. Ötən beş il ərzində müdafiə qabiliyyətimiz, ordumuzun təchizatı bir neçə dəfə artıb, ölkəmiz şəksiz olaraq regionun lider dövlətidir və bu, təkcə siyasi, iqtisadi cəhətdən deyil, eyni zamanda, hərbi cəhətdən də Azərbaycan Ordusu regionun ən güclü ordusudur”.
Deputat söyləyib ki, ötən il avqustun 8-də çox mühüm bir uğur əldə olundu, Azərbaycan-ABŞ münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də vacib addım atıldı:
“Dövlət başçısının qeyd etdiyi kimi, 5 aydır biz faktiki sülh şəraitində yaşayırıq. Yekun sülh sənədinin imzalanması üçün təbii ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ötən il ölkəmizin əldə etdiyi mühüm uğurlardan bir də Azərbaycanın D-8 təşkilatına üzvlüyü oldu. Bu təşkilat 30 ilə yaxındır ki, yaradılıb, amma ötən müddət ərzində yeni üzv qəbul etməyib. Azərbaycan təşkilatda yeganə yeni üzv oldu.
Daha vacib bir məqam Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Azərbaycanın tamhüquqlu üzv seçilməsi ilə C5 artıq C6-ya çevrilib. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında köpü rolunu oynayır. Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib”.
A.Əlizadə vurğulayıb ki, Azərbaycan, eyni zamanda 2020-ci ildə və 2023-cü ildə Vətən müharibəsi və antiterror əməliyyatları ilə dünya üçün çox vacib olan president yaratmış oldu: “Biz beynəlxalq təşkilatların qərarlarını öz gücümüzlə icra edərək ərazi bütövlüyumüzü və suverenliyimizi tam bərpa etdik. Bununla həm regionda dayanıqlı sülhə böyük töhfə verdik, həm də Ermənistanın özünə də şans yaratdıq ki, suverenliyini bərpa etmiş olsun. Ermənistan hələ də Rusiyanın boyunduruğu altındadır. Həm cənub, həm şimal qonşularımızın atdıqları addımlar kontekstində regionda vəziyyət kifayət qədər gərgindir. Bütün bunlara baxmayaraq, Azərbaycan bölgədə əsas dövlət olduğunu, sülhün, təhlükəsizliyin təminatçısına çevrildiyini sübut edib”.