Bütün mənada Oyunlara ev sahibliyi etməmiz bizə xeyirdir.

Elşən Mustafayev: "Edilən bütün çıxışlardan bir məna hasil olur - Azərbaycan qüdrətli olmasaydı, bu yükün altına girməzdi"

"Azərbaycanda idman infrastrukturunun müasirliyi, ölkədə stabilliyin olması, tolerant mühit..."

Avropa Oyunlarının keçirilməsinə qalan vaxt azaldıqca müxtəlif ölkələrdə yaşayan, fərqli peşənin sahibləri olan insanların bu idman yarışına verdiyi reaksiyada intensivlik, dinamizm müşahidə edilir. Təbiidir ki, bəzi qarayaxmalara da rast gəlirik.
Reaksiyalardan ölkəmizə dair müxtəlif yanaşmaları sezirik.
"I Avropa Oyunları Azərbaycanla daha yaxından tanış olmaq imkanıdır". Bunu Bakıda jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, bu, Avropanın 6 mindən çox ən yaxşı idmançısının iştirak edəcəyi əsl böyük idman tədbiridir.
M.Mard qeyd edib ki, Avropa və dünyada xeyli sayda insan bu möhtəşəm tədbiri səbrsizliklə gözləyir.
Rusiyanın idman naziri Vitali Mutko isə qeyd edib ki, Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətli çıxışa görə idmançılara dünya və Avropa çempionatlarının ödənişlərinə bərabər tutulan mükafatlar verilə bilər. O deyib: "Yəqin ki, Bakıda keçiriləcək Avropa Oyunlarının qaliblərinə veriləcək mükafatlar dünya və Avropa çempionatlarının mükafatlarına bərabər tutulacaq.
Mayın 25-də Rusiya prezidenti yanında idmana dair məşvərət planlaşdırılır. Orada bu məsələni qaldırmaq niyyətindəyəm.
Prezident bəyənsə, edəcəyik, çünki bir çox növlərdə statusa görə bu, əslində Avropa çempionatlarıdır".
Belə misalları çox çəkmək olar. Nəticə etibarilə bildirilən reaksiyalarda Azərbaycanın bir ölkə olaraq önəminə dair daha çox hansı nüanslar qeyd edilir?

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Oyunların təşkilatçılığı ilə bağlı işin hansısa ölkənin üzərinə götürməsi böyük uğurdan xəbər verir: "Bizdə Oyunlarla bağlı bildirilən mənfi fikirlərə təzyiq deyirlər. Mən bunu o dərəcəyə çatdırmazdım. Çünki bütün dünya mətbuatını yaxından izləyən bir adam kimi deyə bilərəm ki, bu kontekstdən müsbət yazılar, fikirlər böyük üstünlük təşkil edir. Azərbaycanda idman infrastrukturunun müasirliyi, ölkədə stabilliyin olması, tolerant mühit, sivilizasiyalar arasında ziddiyyətin olmaması kimi müsbət tendensiyalar daha çox vurğulanır. Bütün mənada Oyunlara ev sahibliyi etməmiz bizə xeyirdir.
Edilən bütün çıxışlardan isə bir məna hasil olur- Azərbaycan qüdrətli olmasaydı, bu yükün altına girməzdi. Avropa Oyunlarından qazanacağımız dividendləri biz uzun müddət "xərcləyə" biləcəyik"./Bakı Xəbər/
Məhəmmədəli QƏRİBLİ