Ukrayna  Rusiyanın gəlirlərini azaltmaq niyyətindədir

Politoloq ABŞ lideri Trampın xəbərdarlıqlarına rəğmən Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələr endirməsinin pərdəarxası səbəblərini geniş izah edib:

“ABŞ Prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşma elan etməsi və ardından Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırması Vaşinqton–Kiyev münasibətlərində təbii olaraq yeni gərginlik yaradıb. Trampın Ukraynada yeni prezident seçkilərinin vaxtının çatdığı barədə açıqlaması isə bu təzyiqlərin artıq yalnız hərbi strategiya ilə məhdudlaşmadığını, siyasi müstəviyə də keçdiyini göstərir.

Məsələnin mərkəzində ABŞ-nin daxili iqtisadi maraqları dayanır. Tramp administrasiyası dizel yanacağının bahalaşmasını cilovlamağa çalışır. Rusiya ilə razılaşmaya əsasən, Moskvanın dərhal 300 min tondan artıq, sonrakı aylarda isə əlavə həcmdə dizel tədarük etməsi nəzərdə tutulur. Bununla yanaşı, Rusiyanın neft emalı güclərinin bir hissəsinin Ukrayna zərbələri nəticəsində sıradan çıxması ixrac imkanlarına mənfi təsir göstərir.

Bu şəraitdə Rusiyanın razılaşdırılmış tədarük həcmlərini davamlı şəkildə təmin etməsi üçün neft emalı müəssisələrinin sabit və yüksək güclə işləməsi mühüm əhəmiyyət daşıyır. Deməli, Ukraynanın Rusiya enerji infrastrukturuna zərbələri Moskvanın ixrac imkanlarını zəiflətməklə yanaşı, Trampın yanacaq bazarını sabitləşdirmək planını da çətinləşdirə bilər. ABŞ prezidentinin Zelenskiyə təzyiqini məhz bu iqtisadi və siyasi kontekstdə izah etmək mümkündür.

Zelenski isə haqlı olaraq geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Onun mövqeyi belədir: Ukrayna Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa hazırdır, lakin bunun qarşılığında Moskva da Ukraynanın elektrik stansiyalarına və digər enerji obyektlərinə zərbələri dayandırmalıdır. Bu, birtərəfli güzəşt deyil, qarşılıqlı öhdəliklərə əsaslanan deeskalasiya tələbidir”.

R. Bayramov qeyd edib ki, tərəflərin öz hesablamaları mövcuddur; ABŞ ehtiyatlarını artırmaq, Ukrayna isə Rusiyanın gəlirlərini azaltmaq niyyətindədir:

“Burada əsas ziddiyyət də məhz bundan ibarətdir. Vaşinqton enerji qiymətlərini aşağı salmaq və diplomatik razılaşma əldə etmək istəyir, Kiyev isə Rusiyanın enerji gəlirlərinin və hərbi imkanlarının güclənməsindən narahatdır. Əgər Ukraynadan zərbələri dayandırmaq tələb olunursa, lakin Rusiyanın eyni addımı atacağına təminat verilmirsə, belə yanaşma bərabərhüquqlu razılaşma sayıla bilməz.

Bu təzyiqlərin Zelenskinin hakimiyyətdən getməsinə səbəb olub-olmayacağına gəldikdə isə, Trampın mövqeyi Zelenskinin siyasi mövqeyinə təzyiqləri artıra bilər, lakin indiki şərtlər daxilində seçkilərin keçirilməsi faktiki olaraq imkansızdır. Əvvəla ona görə ki, Ukraynada hərbi vəziyyət qüvvədədir və Ali Radanın müvafiq işçi qrupunda hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı razılıq əldə olunub. İkincisi, seçkilərin təşkili üçün təhlükəsizlik, hüquqi prosedurlar, məcburi köçkünlərin və cəbhədəki hərbçilərin iştirakı kimi çətin məsələlər həll edilməlidir.

Ən vacibi isə hətta Zelenskinin mümkün rəqiblərinin hakimiyyətə gəlməsi belə Rusiyanın şərtlərinin qəbul olunacağı demək deyil. Ukraynanın gələcək rəhbəri də ictimai rəy, ordunun mövqeyi və ölkənin suverenliyi ilə bağlı milli maraqları nəzərə almaq məcburiyyətində qalacaq. Əgər Tramp və ya Putin hesab edirsə ki, Zelenski başqa liderlə əvəzləndikdə Kiyev ərazi itkiləri ilə barışacaq, bu, ciddi yanlış hesablamadır”.