Cəbhəboyu yaşayış ərazilərinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə görülən işlər müsbətdir

Azərbaycanda yalnız paytaxtda deyil, bölgələrdə də, xüsusən də, cəbhəyanı ərazilərdə tikinti quruculuq işləri həyata keçirilir. Son bir neçə ildə cəbhəyanı rayon və qəsəbələrdə bir sıra mədəniyyət ocaqları, Olimpiya İdman kompleksləri inşa edilir. Dövlətin xüsusi diqqət yetirdiyi bu ərazilərdə həm ictimai-mədəni, həm də idman həyatı çox aktiv görünür. Bilirik ki, Füzulidə, Ağdamda, Ağcabədidə Muğam Evləri açılıb, həmçinin bir sıra cəbhəyanı rayonlarda idman kompleksləri inşa edilib.

Düşmənlə üzbəüz mövqelərdə dayanan Tərtər rayonunda idmanın inkişafına dövlət ayrıca diqqət yetirir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 933 900 manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.

Politoloq Əli Orucov baki-xeber.com-a bildirdi ki, ölkə başçısının bölgələrə, xüsusən də sərhədyanı rayonlara diqqət və qayğı göstərməsi müsbət haldır.

"Cəbhəboyu yaşayış ərazilərinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə görülən işlər müsbətdir. Həmin bölgələrdə yaşayan insanların düşməndən müdafiəsini səngərdəki əsgərlərimiz həyata keçirir. Bununla yanaşı həmin bölgələrin sosial-iqtisadi cəhətdən inkişaf etməsi də çox əhəmiyyətlidir. Heç şübhəsiz ki, cəbhəyanı rayonlarda yaşayan vətəndaşlarımıza diqqət və qayğı yüksək səviyyədə olmalıdır. Dövlət bu sahədə işlər görür. Təbii ki, Prezidentin Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə əlavə vəsait ayırması təqdirəlayiqdir” - deyə bildirən Ə.Orucov hesab edir ki, bu cür məsələlərə ayrılan vəsaitin düzgün xərclənməsinə ayrıca nəzarət mexanizmi də formalaşdırılmalıdır.

O, həmçinin qeyd etdi ki, gənclərin bölgələrdə qalması üçün görülən işlər daha da sürətləndirilməlidir. "Gənclərin sosial vəziyyəti ilə yanaşı onların asudə vaxtlarını səmərəli və faydalı keçirmələri üçün bu cür idman komplekslərinin inşası lazımdır. Dövlət həmin bölgələrdə idman kompleksi inşa etməklə yeni idmançılar nəslinin yetişməsinə şərait yaratmış olur. Ancaq bəzən görürsən ki, dövlət vəsaiti ilə tikilən və xoşməramlı mahiyyətə malik olan bu obyektlərdən kimlərsə öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bunlara yol vermək olmaz” - deyə Ə.Orucov qeyd etdi.

Respublikanın tanınmış idman ustası Fatma Əliyeva da hesab edir ki, rayonlarda, xüsusən də düşmənlə üzbəüz mövqedə yerləşən rayonlarda, qəsəbələrdə Olimpiya İdman komplekslərinin inşası orada yaşayan uşaq, yeniyetmə və gənclərin həyatında mühüm rol oynayır.

"Azərbaycan dövləti idmanın inkişafına böyük əhəmiyyət verir və bu sahəyə daim dayaq olur, dəstək göstərir. Bu gün Azərbaycan gerçəkdən bir idman ölkəsidir. İdman yalnız paytaxtda deyil, həm də bölgələrdə, ucqar rayonlarda inkişaf edir. Hazırda ölkəmizin elə bir rayonu yoxdur ki, orada idman mərkəzləri, Olimpiya İdman kompleksləri olmasın. Bu çox müsbət haldır. Dövlətimizin uğurlu idman siyasəti nəticəsində idman insanların, uşaq, yeniyetmə və gənclərin ayrılmaz dostuna çevrilib.

Azərbaycanın cəbhəyanı bölgələri hər birimizdən həssaslıq, diqqət və qayğı tələb edən ərazilərimizdir. Məlumdur ki, Prezident İlham Əliyev bu bölgələri hər zaman diqqətdə saxlayır və orada həyatın davam etməsi üçün lazımi tədbirlər görür. Bu gün həmin bölgələrdə idmanın inkişafı da diqqət mərkəzindədir. Tərtər düşmənlə sinə-sinəyə dayanır və düşmənin heç bir hədəsi, atəşi qəhrəman tərtərliləri qorxutmur. Onlar bilirlər ki, Azərbaycan dövləti onları tam olaraq müdafiə edir. Bu gün Tərtərdə Olimpiya İdman Kompleksinin inşasının davam etdirilməsinə ölkə başçısının yenidən vəsait ayırması təqdirəlayiq haldır. Bir idmançı, məşqçi-müəllim kimi bu məni çox sevindirir. Tərtər Olimpiya İdman Kompleksinin tikintisi başa çatdıqdan sonra burada onlarla uşaq, yeniyetmə və gənclər idmanın müxtəlif növləri ilə məşğul olacaqlar və həmkarlarımız Azərbaycan idmanı üçün çox güclü idmançılar yetişdirəcəklər” - deyə F.Əliyeva bildirdi.