Revanşistlərə xatırlatma: Dəmir yumruğumuz öz yerindədir və dövlətimizə qarşı yönələn istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq
“Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza növbəti səfəri bu torpaqlarda quruculuq işlərinin həyata keçirilməsinin əyani sübutudur. 28 il işğal altında qalan torpaqlarımızda yenidənqurma işlərinə start verilməsi çox qürurvericidir. İstər Sərhəd Qoşunlarının yeni açılan hərbi hissəsi, istərsə də təməli qoyulan bir çox dövlət obyektləri onu göstərir ki, bu torpaqlara qayıdış tezliklə və yüksək səviyyədə həyata keçiriləcək. Azərbaycanın müttəfiqləri olan dövlətlərin iş adamlarının həmin ərazidə quruculuq işlərinə cəlb olunmasını da çox yüksək qiymətləndiririk. İnanıram ki, dövlətimiz bu torpaqlarımızda insanlarımızın ləyaqətli həyat şəraitini yaxın illərdə yüksək səviyyədə təmin edəcək.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə söyləyib.
İşğalçı Ermənistana və havadarlarına ünvanlanan mesajlar
A.Əlizadə qeyd edib ki, ölkə rəhbəri azad olunmuş torpaqlarımızda bir çox layihələrin açılışında iştirak edərkən, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha ciddi mesajlarını çatdırdı: “Prezident İlham Əliyevin sərhədçilərimiz qarşısında revanşist qüvvələrə mesajı daha çox diqqətimizi çəkdi. Bu çıxışdan Azərbaycana qarşı çirkin niyyətlərini ortaya qoyanlar nəticə çıxarmalıdırlar. Partiya sədri olaraq bildirirəm ki, istər 44 günlük Vətən savaşı istərsə də müharibədən sonrakı dövrdə bütün milli məsələlərdə dövlətimizin yanındayıq və sona qədər də belə olacaq. Dövlət başçısının azad olunmuş torpaqlarımıza səfər edərək həyata keçirilməsi nəzərdə tutulan bir çox layihələrin ilkin təqdimat prosesində şəxsən iştirak etməsinin və hər belə səfər zamanı işğalçı Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajları çatdırmasının da xüsusi önəmi var. Hər belə verilən mesajlarla ermənilərə və onların revanşist çağırışlarını körükləyən qüvvələrə bir daha xatırladılır ki, dəmir yumruğumuz öz yerindədir və dövlətimizə, ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı yönələn istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq.”
Sərhədlərimiz yüksək səviyyədə qorunur
Partiya sədri qeyd edib ki, torpaqlarımızı işğaldan azad etməklə cənub qonşumuz olan İran sərhəd zolağı da sərhədçilərimizin tabeliyinə keçib, işğal altında olan 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edilib. Təbii ki, orada yeni infrastrukturun qurulması zərurətə çevrilmişdir: “Bu səbəbdən də sərhəd xidmətinin lazımi səviyyədə həyata keçirilməsi üçün yeni hərbi hissə inşa edilmiş və açılışı Ali Baş Komandan tərəfindən edilməklə sərhədçilərimizin istifadəsinə verilmişdir. Açılış mərasimində bir sıra silahların və hərbi texnikanın nümayiş etdirilməsi, Vətən müharibəsi gedişində həmin silahlardan istifadə edilməklə düşmənə sarsıdıcı zərbələr vurulmasının xatırlanması bir daha Azərbaycan Ordusunun gücünə inam ifadə edilməklə sərhədlərimizin bundan sonra da lazımı səviyyədə xidmət aparacağına əminlik yaradır.”
Ağalıdan başlayan ilk “ağıllı kənd”
Həmsöhbətimiz bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa-quruculuq işlərinə dövlət qurumları ilə yanaşı yerli şirkətlər və sahibkarların, eləcə də Azərbaycanın müttəfiqi olan dövlətlərin iş adamlarının cəlb edilməsi yüksək qiymətləndirilir: “Məlumdur ki, azad edilmiş ərazilərdə ən yeni texnologiyalara əsaslanan “ağıllı kənd”lər salınması nəzərdə tutulmuşdur və bu istiqamətdə ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” pilot layihəsinin icrasına başlanılmışdır. Layihəyə cəlb olunmuş xarici şirkətlərin nümayəndələrinin layihə barədə dövlət başçısına verdiyi açıqlamalar, həmçinin Prezidentin bununla əlaqədar yerli sakinlərlə fikir mübadiləsi yaxın illərdə bu torpaqlarda insanlarımıza layiqli həyat şəraitinin qurulacağına inam yaradır.”
Bölgəyə logistik baxımından da artan diqqət və maraq
A.Əlizadə həmçinin əlavə edib ki, səfər zamanı Zəngilan Hava Limanının təməlinin qoyulmasının da şahidi olduq: “Bu hava limanının inşası ilə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi mümkün olacaq ki, bu da ümumilikdə region üçün əhəmiyyətli məsələdir. Bilirik ki, artıq Füzulidə beynəlxalq hava limanı inşa edilməkdədir və bu ilin sonunadək enmə-uçuş zolağl istifadəyə veriləcək. Gələcək perspektivdə Laçın rayonunda da inşa ediləcək beynəlxalq hava limanı Qarabağ və Şərqi Zəngəzur zonasını əhatə edəcək ki, bu da logistika baxımından bölgəyə diqqət və marağı artıracaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması da əhəmiyyətli məsələdir. Dövlət başçısı Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoymaqla bu prosesə təkan verdi.”
Erməni vandalizminin qurbanı: məscidlər, tarixi və mədəni abidələr…
“Ermənilər 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə təbiətimizə və ekologiyaya ciddi zərər vurmaqla yanaşı, dini və mədəni abidələrimizi də yerlə yeksan ediblər. Zəngilan rayonu Azərbaycanın zəngin təbii ehtiyatları və səfalı təbiəti olan rayonlarımızdandır. İnanırıq ki, aparılacaq bərpa-quruculuq işləri ilə yanaşı ermənilərin digər ərazilərimizdə olduğu kimi, bu bölgədə də etdiyi ekoloji terrorun nəticələri aradan qaldırılacaq. Yaxın dövr ərzində Zəngilan məscidinin, həmçinin, bir sıra tarixi və mədəni abidələrimiz bərpası istiqamətində də lazımi işlər görüləcək”- deyə, partiya sədri bildirib.
Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyət daşıyır
A.Əlizadənin qənaətincə, bölgədə həyata keçirilməsi gözlənilən vacib işlərdən biri də kommunikasiya xətlərinin açılmasıdır ki, artıq bu işlərə də start verilib. Bu istiqmətdə Horadiz-Ağbənd dəmir yolunun bərpası nəzərdə tutulub ki, bu yolun strateji əhəmiyyətini xüsusi olaraq vurğulayıram. Bu yolun və ardınca da nəzərdə tutulan kommunikasiya xətlərinin açılması ilə Şərqi və Qərbi Zəngəzurun, bununla da Azərbaycanın əsas hissəsinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla və qardaş Türkiyə ilə dəmir yolu və avtomobil yolu vasitəsilə birləşdirilməsinin şahidi olacağıq. “İki sahil”
Millət