AMİP Siyasi Şurasının üzvü, politoloq Rəşad Bayramovun həftə ərzində ölkədə baş verən hadisələrilə bağlı Ovqat.com-a müsahibəsini təqdim edirik
-Rəşad bəy, keçdiyimiz həftə bir sıra maraqlı hadisələrlə yadda qaldı ki, bunlardan da biri Dağlıq Qarabagla bağlı Rusiya Xarici İşlər Naziri Lavrovun bəyanatı və Ermənistanın bu bəyanatla bağlı mövqeyi və daha sonra Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında keçirilən videokonfrans oldu. Bu məsələlər hazırda cəmiyyətdə ən çox müzakirə olunan mövzulardır. ilk olaraq bu məsələlərə münasibət bildirməyinizi istərdik.
–Əslində Lavrovun məlum bəyanatında yeni heç bir şey yoxdur. Bu günə qədər vasitəçilərin konfliktin həllinə dair baxış və prinsiplərinin bir hissəsi Lavrov tərəfindən yenidən təkrar olunub. Vəssalam. Lavrovun bu bəyanatı səsləndirməsindəki məqsəd də Azərbaycanın maraqlarının müdafiəsi ilə bağlı deyil, birbaşa Ermənistana yerini bildirməkdir. Paşinyanın hakimiyyətə gəlişindən sonra əsasən qərbyönümlü siyasət aparan Ermənistanın Rusiyanın orbitinə qaytarılması üçün ara-sıra bu cür bəyanatların səsləndirilməsi təbiidir.
-Elə isə Ermənistan Xarici İşlər Nazirinin bəyanatını necə qiymətləndirmək olar? Bu, Rusiyaya meydan oxumaqdır?
-Ermənistanda Rusiyaya meydan oxuyacaq nə imkan, nə də cəsarət var. Ermənistan XİN-nin bəyanatı daha çox daxili auditoriyaya hesablanıb. Çünki istər Valday klubundakı Prezidentin çıxışı, istərsə də sonra Paşinyan və İlham Əliyev arasındakı debatdakı məğlubiyyət Paşinyan və komandasının ictimai rəydəki nüfuzunu aşağı salıb. Buraya koronavirus pandemiyası ilə əlaqədər Ermənistanın düşdüyü acınacaqlı durumu da əlavə etsək görərik ki, Ermənistanda hakim komandanın vəziyyəti heç də ürəkaçan deyil. İkinci məqam isə ondan ibarətdir ki, iqtisadi problemlərlə üz-üzə qalan və Rusiya ilə münasibətlərində soyuqluq yaranmış Ermənistan Qərb dövlətlərinə hər bir vəchlə göstərməyə çalışır ki, onlar Rusiyadan uzaq qaçırlar və qərbyönümlü siyasət həyata keçiməyə çalışırlar.
-Mnatsakanyanın səsləndirdiyi fikirlərə Azərbaycan XİN-i Elmar Məmmədyarovun adekvat cavab verməməsi də geniş disskusiyalara səbəb olub. Siz bu barədə nə deyərdiniz?
–Bu suala bir az ətraflı cavab verməyə çalışacam. İlk olaraq onu bildirim ki, Elmar Məmmədyarovun o cümlədən də Xarici İşlər Nazirliyinin fəaliyyətini dəfələrlə öz müsahibələrimdə tənqid etmişəm. Başqa sözlə, indi deyəcəyim fikirlər ümumi axına qoşulub, yıxılanı baltalamaq kimi başa düşülməsin. Yəni, Elmar Məmmədyarovun müharibə dövrünün diplomatı olmadığını dünən də demişəm, bu gün də öz mövqeyimdə qalıram. Elmar Məmmədyarov ekstrimal situasiyaların adamı deyil, başqa sözlə bir diplomat olaraq bəlkə də daha sakit dövrlərdə yaxşı fəaliyyət göstərə bilər amma bu günki zaman üçün onun fəaliyyəti heç cürə qənaətbəxş hesab oluna bilməz. Diplomatik fəaliyyət bir yana, nazir olaraq fəaliyyətindən isə ümumiyyətlə söhbət gedə bilməz. Yəni, adamın nə təşkilatçılıq bacarıqları, nə də şəxsi keyfiyyətləri ona belə bir mühüm postu tutmasına imkan vermir. Bir çox hallarda XİN-i bu və ya digər hadisələrə yalnız mətbuatın təzyiqlərindən sonra münasibət bildirir. Misal üçün bir müddət bundan əvvəl İran maşınların Qarabağa neft daşıması ilə bağlı sosial şəbəkələrdəki video və bununla bağlı açılan disskusiyalar məcbur etdi ki, Azərbaycan XİN-nin rəsmiləri gec də olsa bu məsələ ilə bağlı İran tərəfindən açıqlama tələb etsinlər. Və ya başqa bir misal. Artıq 2 gündür ki, KİV-də İran və Qarabağ arasında, daha konkret desək işğal altında olan Cəbrayıl rayonu arasında 5 körpünün olması faktlarla sübut olunduğu halda, Azərbaycan xarici siyasət idarəsi yenə də susur. Koronovirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi və sərhədlərin bağlanmasından sonra əksər ölkələrdəki səfirlik və konsulluqlarımızın fəaliyyəti isə ümumiyyətlə biabırçılıqdır. Qısası Azərbaycan Xarici İşlər nazirinin və onun rəhbərlik etdiyi qurumun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı nə qədər desəz danışmaq olar. Biz zaman-zaman bu məsələlərlə bağlı öz mövqeyimizi bildimişik. İndi isə əsasən o şəxslər bu məsələ ilə bağlı çıxışlar edirlər ki, onlar bu günə qədər bir dəfə də olsun Elmar Məmmədyarov və rəhbərlik etdiyi qurumla bağlı fikir bildirməyiblər. Əgər vaxtında fikir bildirsəydilər, o zaman doğma ana dilində belə düz-əməlli danışa bilməyən şəxs 16 il Xarici İşlər Naziri kimi mühüm bir posta oturmaz, indi də Ermənistanın qeyri konstruktiv mövqeyini ifşa etmək əvəzinə virusoloq kimi pandemiyanı müzakirə etməzdi.
-Siz də qeyd etdiz ki, Elmar Məmmədyarovun fəaliyyətində həmişə qüsurlar olub. Elə isə niyə məhz indi onun fəaliyyəti bu qədər geniş tənqid olunur?
-Çünki Elmar Məmmədyarovu yola salmağa hazırlaşırlar və bununla bağlı konkret göstəriş verilib. Əks halda eyni gündə üç millət vəkilinin (Söhbət Fəzail Ağamalı, Fazil Qəzənfəroğlu və Cavanşir Feyziyevdən gedir) eyni tezislər əsasında, bir-birindən cüzi şəkildə fərqlənən açıqlamalarının şahidi olmazdıq. Əks halda Səməd Seyidov kimi çox ehtiyatlı bir adam XİN-nin rəhbərliyinin hesabat verməsi üçün parlamentə çağırılmasını təkidlə tələb etməzdi. Elə bir təəssürat yaranır ki, sanki hansısa dairələrdə konkret "şpalqalka” hazırlanıb və münasibət bildirməsi üçün bu və ya digər şəxslərə ötürülüb. Elmar Məmmədyarov getməlidirmi? Birmənalı olaraq getməlidir. XİN-də islahatlara ehtiyac varmı? Mütləq var. Amma bugünki həssas dönəmdə, müharibə şəraitində olan dövlətin xarici siyasətində baş verən biabırçılıqları bu şəkildə ifşa etməyə, bundan şou düzəltməyə ehtiyac yoxdur. Elmar Məmmədyarov o çəkidə olan fiqur deyil ki, işdən azad olunmasına etiraz etsin. Çağırıb ərziəni yaz get desələr belə heç nə demədən istefa ərizəsi yazar.
–Elə isə bu kampaniyanın səbəbi nədir?
-Səbəb sadədir məncə. Elmar Məmmədyarov Rusiyanın hakim dairələri tərəfindən müdafiə olunan kadr hesab olunur. Onun adi bir sərəncamla yola salınması müəyyən problemlər yarada bilər. Odur ki, onu istefaya göndərmək üçün ilk növbədə "ictimaiyyətin” tələbləri qabardılmalıdır.
-Rəşad bəy, Cavanşir Feyziyev müsahibəsində bildirib ki, diplomatik fəaliyyətə qəbul prosesi şəffaf deyil, işə qəbul bir çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında aparılır.
-Əvvəl də qeyd etdiyim kimi konkret tezislər hazırlanıb və münasibət bildirmək üçün bu və ya digər şəxslərə ötürülüb. Tezislərin yan-yörəsini düzəltmək isə münasibət bildirən şəxsin işidir. Uzun müddət siyasətlə məşğul olan şəxslər, təbii ki, nə deyəcəklərini bildikləri üçün qəbul prossesinin şəffaf olmamasını deməklə kifayətləniblər. Cənab Feyziyev isə siyasət adamı deyil, ona görə də müsahibəsində yerliçilik və regionçuluq prinsiplərini qabardıb. Mən sizin vasitənizlə bütün kütləvi informasiya vasitələrinə müraciət edirəm ki, C.Feyziyevdən yerliçilik və regionçuluq dedikdə hansı bölgəni nəzərdə tutduğunu soruşsunlar. Əgər söhbət əcdadları Naxçıvandan olan, amma hər-hansı bir şəkildə Naxçıvanla yaxından-uzaqdan əlaqəsi olmayan Elmar Məmmədyarovun XİN-ə həmin bölgənin insanlarını yığmasından gedirsə bu kökündən yanlış fikirdir. Azərbaycanın ümumilikdə 65 səfirliyi və konsulluğu fəaliyyət göstərir onların cəmi 5-6 nəfəri əslən Naxçıvandan olan diplomatlardır. Lazımdırsa bir-bir sadalaya da bilərəm. Pakistandakı səfirimiz Əli Əlizadə, Tacikistandakı səfir Həsən Məmmədzadə, Cənubi Koreyada Rəmzi Teymurov, Avropa Şurası yanında Daimi Nümayəndəliyin rəhbəri Fəxrəddin İsmayılov, Qars və Təbrizdəki baş konsullarımız. Bu qədər. Digərləri haqqında geniş bilgiyə malik olmasam da Əli Əlizadə və Həsən Məmmədzadəni hələ tələbəlik illərindən tanıyıram. Hər ikisi Prezidentin Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib və fəaliyyətləri də kifayət qədər şəffaf və təqdirəlayiqdir.
-Rəşad bəy ümumilikdə götürdükdə xarici siyasət idarəmizin kadr potensialını necə qiymətləndirirsiz?
-Xarici İşlər Nazirliyində də, səfirlik və konsulluqlarımızda da peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadrlar var. Amma onların sayı barmaqla sayılası qədərdir. Çox ciddi kadr çatışmazlığı var. Adi bir misal deyim sizə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov. Kifayət qədər proffesional diplomatdır və fəaliyyəti dövründə də ən çətin görəvlər ona həvalə olunub. Sərhədlərin delimitasiyası, Xəzər dənizinin statusu və s. 2018-ci ilin dekabr ayında istefaya göndərilərək Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunur. Bundan sonra Gürcüstanla sərhəddə Keşikçi dağı ilə bağlı insidentdən sonra 2019-cu ilin mayında, yəni 5 ay sonra yenidən XİN-nin müavini təyin olunur. Çünki başqa kadr yoxdur. Təkcə bu fakt kifayət edir deyək ki, xarici siyasət idarəmizdə çox ciddi kadr problemi var.
-Rəşad bəy gündəmin digər bir mövzusu da REAL-çılar İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verilməsi və təzminat ödənilməsi bağlı qərarla bağlıdır. Bu məsələ ilə bağlı münasibətiniz bimək də maraqlı olardı.
-İlk olaraq onu qeyd edim ki, REAL özü bu addımı hökumətlə dialoqon nəticəsi kimi xarakterizə edib. Ümumilikdə götürdükdə isə istər İlqar Məmmədov, istərsə də Rəsul Cəfərov haqsız olaraq illərdir həbs yatıblar. Onlar haqqında Avropa Məhkəməsinin və Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qərarları var – hər ikisi barəsində Konvensiyanın 18-ci maddəsinin pozuntusu təsbit edilib. Odur ki, indi Məhkəmə tərəfindən onlara bəraət verilməsi və müvafiq təzminatın ödənilməsi ilə bağlı qərarın çıxarılması müsbət hal kimi qiymətləndirilməli və alqışlanmalıdır.
-Siz də bunu dialoqun nəticəsi kimi qəbul edirsiz?
-Bu məsələdə dialoqun da təsirinin olduğu qənaətindəyəm. Baxın parlamentin yeni tərkibdəki ilk iclasında prezident İlham Əliyev çıxış edərək siyasi islahatların aparılması, çoxpartiyalı sistemin inkişaf etdirilməsi və siyasi qüvvələr arasında dialoqun vacibliyi haqqında mühüm mesajlar verdi. Ardınca prezident adminstratiyasının siyasi partiyalarla iş şöbəsi hər hansı ilkin şərt irəli sürmədən bütün siyasi partiyalarla görüşlər keçirməyə başladı. O cümlədən də hələ partiya olaraq qeydiyyatdan keçməmiş REAL partiyasını sədri İlqar Məmmədovla. Bu baxımdan da verilmiş qərarı həm də dialoqun götəricisi kimi qəbul etmək olar. Və bu hal yeganə hal deyil. Parlament azlığı nümayəndələrinin Milli Məclis sədrinin müavini postuna gətirilməsi, ayrı-ayrı komitələrin rəhbərlində təmsilçiliyi, uzun zamandır ki, fəaliyyət göstərmələrinə baxmayaraq qeydə alınmayan siyasi partiyaların Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydə alınması, müxalif siyasi partiya olan Azadlıq Pariyasının sədri Əhməd Orucun, eləcə də hüquq müdafiəçisi Oqtay Güləliyevin Heydər Əliyev fondu tərəfindən müalicəsinin Türkiyədə davam etdirilməsi də yeni siyasi münasibətlərin formalaşmasının göstəricisi kimi xarakterizə oluna bilər və bütün bunlar təqdirəlayiq hal kimi qəbul olunmalıdır.
-Amma İlqar Məmmədovun bəraət almasını hakimiyyətlə anlaşma kimi qəbul edib onu ittiham edənlər də var. Bir qism belə hesab edir ki, İlqar Məmmədova bəraət verilibsə eyni maddə ilə həbs olunmuş Tofiq Yaqubluya da bəraət verilməlidir.
-Siyasi fəaliyyətlə məşğul olan insanların ünvanına bu cür ittihamlar həmişə olub və bundan sonra da olacaq. Tofiq Yaqubluya bəraət verilməsi ilə bağlı tələblər irəli sürənlər də öz tələblərində haqlıdırlar və mən də hesab edirəm ki, onun barəsində də müvafiq qərar çıxarılmalıdır. Amma bir nəfərin hüquqları ilə bağlı tələblərlə çıxış edəndə bunu başqa birinin aşağılanması, tənqid və təhqir edilməsi hesabına etmək yolverilməzdir. Əksinə baş vermiş hadisəni bir nümunə kimi götürmək və məhkəmə hakimiyyətində baş verən nöqsanları kənar təsirlər olmadan da Azərbaycanda aradan qaldırmağın mümkünlüyü təbliğ olunmalıdır. Əks halda İlqar Məmmədov və tərəfdarları da bu və ya digər məsələdə əks düşərgəni ittiham etməyə başlayacaqlar ki, bu da son nəticədə yaxşı heç nə vəd etmir. Məsələn deyilə bilər ki, əgər eyni maddə ilə, eyni cinayət hadisəsi ilə bağlı həbs edimişdiksə onda niyə Tofiq Yaqublu həbsdən iki il sonra 2016-cı ilin martında əfv olundu amma İlqar Məmmədov 2018-ci ilin avqustuna qədər həbsdə saxlanıldı? Onda belə çıxır ki, o zaman da Tofiq bəy hakimiyyətlə anlaşmışdı? Təbii ki, belə deyil. Ona görə də bir daha vurğulamaq istəyirəm ki, kimin daha çox müxalifətçi olmasını sübüt etmək üçün bir-birinin ünvanına ittiham səsləndirməkdənsə səyləri birləşdirib güclü, demokratik Azərbaycan uğrunda fəaliyyət göstərmək lazımdır.