"Epşteyn sənədləri"ndə guya Azərbaycanın da adının olduğunu ortaya atmaqla

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə günlərdir, dünya gündəmini zəbt edən "Epşteyn sənədləri"ndə Azərbaycanın da adının çəkilməsi məsələsinə münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bununla nəyəsə nail olmaq mümkün deyil.

"Özünü radikal müxalif qüvvələr elan edən və cəmiyyətə bu cür sırımaq istəyən bəzi "siyasətbazlar" var ki, müxtəlif məsələlərdə ayrı-ayrı rəhbər şəxsləri deyil, bütövlükdə Azərbaycan dövlətçiliyini hədəfə alırlar. Məqsədləri bəllidir. Hakimiyyətə gəlmək xülyaları boş xülyalardır. O dərəcədə axmaq deyillər, başa düşürlər. Sadəcə, kimlərinsə əlində alətə, vasitəyə çevriliblər. Azərbaycanın hazırkı dönəmdə regionun lider dövləti olması, faktiki olaraq bu regionda hərbi-siyasi, iqtisadi cəhətdən gücü və regionda reallıqları dəyişməklə liderliyini sübut etməsi həmin qüvvələrin xoşuna gəlmir, həzm edə bilmirlər. Bu cür buyruq qullarından, xəyanətkarlardan istifadə etməklə Azərbaycan dövlətinə rəhbərlik edən şəxslərə qara ləkələr atmaqla öz aləmlərində nəyəsə nail olmaq istəyirlər. Bu, mümkün olan məsələ deyil. Hər şey ortadadır. Kimin hara xidmət etdiyi də məlumdur. Azərbaycan kifayət qədər bu cür həmlələrin qarşısını almaq imkanlarına malik dövlətdir. Zamanında üstümüzə gəlirdilər ki, ermənilərin işğal altına saldıqları əraziləri onların xeyirinə rəsmiləşdirək. Bu istiqamətdə Azərbaycana təzyiqlər olurdu. Artıq həmin problemi həll etmişik. İndi də Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla sapı özümüzdən olan baltalar Azərbaycan dövlətçiliyini hədəf almaq, ölkə daxilində narazılıq formatı formalaşdırmaq istəyirlər. Buna gücləri çatmaz. Amma istənilən halda ürək bulandırmaqla məşğuldurlar. "Epşteyn sənədləri"ndə kiminsə adı çıxacaq, nə olacaqsa, bu xülyaları heç bir halda cəmiyyətə sırımaq mümkün deyil. Kimin kim olduğu məlumdur. Eyni mərkəzə və ayrı-ayrı sahiblərinə qulluqçuluq etmələri göz önündədir. Müəyyən maddi vəsait qarşılığında xarici ölkələrdə oturanlar, özlərini "bloger" elan edənlər var. Həmin ölkələrdə rahat yaşamaq müqabilində öz ölkələrinə qarşı qənim kəsildikləri məlumdur. "Epşteyn sənədləri"ndə guya Azərbaycanın da adının olduğunu ortaya atmaqla nəyəsə nail olmaq mümkün deyil", - deputat bildirib.