"Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, 2015-ci ildə uğurlu nəticələr əldə edilmədi, 2016-cı ildə isə gözləntilər çoxdur. Bu, Sarkisyanın daxili ictimai rəyə hesablanmış münasibətidir və erməni xalqını psixoloji sakitləşdirməyə yönəlib”. Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatem Cabbarlı deyib.
Onun sözlərinə görə, 2015-ci ildə Ermənistan mütəmadi olaraq atəşkəsi pozub, qoşunların təmas xətti boyunca diversiyalar təşkil edib və hər iki tərəfdən tələfat var: "Ermənistan ictimai rəyi Dağlıq Qarabağ probleminin uzanmasının onların sosial-iqtisadi və siyasi həyatına birbaşa təsir etdiyini bilir. Amma hökumətə təzyiq mexanizmlərinə malik deyillər. Siyasi partiyaların da belə bir təsir mexanizmi yoxdur”.
H.Cabbarlı bildirib ki, ATƏT-in Minsk qrupu il ərzində bir neçə dəfə bölgəyə səfər etsə də tərəflərə ciddi həll planı təqdim etmədi: "Dekabrda prezidentlərin görüşündən də ciddi bir nəticə alınmadı. Ümumiyyətlə, bölgə və beynəlxalq aləmdə yaşanan hadisələrin dinamizminə diqqət etdikdə 2016-cı ildə təhlükəsizlik mühitinin daha da gərginləşəcəyini ehtimal etmək olar. Belə bir mühitdə Ermənistanın uzlaşmaz mövqeyi səbəbi ilə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində müsbət dəyişikliklərin gözlənməsi mümkün deyildir”.
O əlavə edib ki, Ermənistanın problemin həll edilməsi istiqamətində belə mənfi mövqe sərgiləməsinin bir digər əsas səbəbi də Minsk qrupu həmsədr dövlətlərinin məsələyə tərəfsiz mövqe nümayiş etdirə bilməmələridir.