Rusiya tarixçisi, publisist Dionis Kaptar hücum mövqeyi tutmağa və nasizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının qarşısını almaq üçün tədbir görülməsinə çağırış edib. "Rusiya xalqlarının Böyük Vətən Müharibəsi haqqında tarixi yaddaşı. Nəsillərin əlaqəsi” adlı "dəyirmi masa"da çıxış edən Kaptar həm Rusiyanı, həm də dünya ölkələrini nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmin və irqi ayrı-seçkiliyin yayılmasına qarşı çıxmağa səsləyib.
Tədbirdə ermənilərin faşist Qaregin Njdeyə abidə ucaltması faktı da ciddi tənqid olunub. Siyasi şərhçilərin fikrincə, ara-sıra gündəmə gələn, lakin sonra səngiyən bu məsələni daim gündəmdə saxlamaq və erməniləri ifşa etmək lazımdır. Ən əsası isə Qaregin Njde söhbətindən istifadə edərək İrəvanı himayə edən Moskvanı düşmən ölkəyə qarşı sərt mövqe sərgiləməyə sövq etməyə çalışmalıyıq.
"Faşist Qaregin Njdeyə İrəvanda abidə ucaltmaq isə Rusiya və dünya ictimaiyyətinə meydan oxumaqdır”
Növbəti dəfə gündəmə gətirilən məsələni "Şərq”ə şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, ermənilərin faşist Qaregin Njdeni "qəhrəman”laşdırması və İrəvanda ona abidə ucaldılması həm müttəfiqi Rusiyaya, həm də dünya ictimaiyyətinə meydan oxumaqdır:
"Faşizm bir mənfur ideologiya kimi hətta Almaniyanın özündə qadağan edilib. Ermənistanın belə bir addımı bir daha sübut etdi ki, İrəvan faşizmi dövlət siyasəti kimi qəbul edib. Fikrimcə, Qaregin Njdeyə heykəl qoyulmasının qabardılması ilə yanaşı, əsas diqqəti Ermənistan dövlətinin bunun timsalında yürütdüyü faşizm, təcavüzkar və terrorçu siyasətə yönəltmək lazımdır. Görün, faşizmə rəğbət bu ölkədə necə genişdir ki, o ideologiyaya və o rejimə qulluq edən qatillər "qəhrəman”laşdırılır. İfşa siyasətini davamlı etməliyik. Çünki davamlı olmasa, istənilən nəticə verməz. Njde heykəli erməni məkrinin, erməni simasının əsl ifşasıdır. Azərbaycan tərəfi də bu imkandan məharətlə bəhrələnməlidir”.