Nə baş verir? Etibar Məmmədov yenidən aktiv siyasətəmi qayıdır? Bu qayıdışın altında yatan hikmət nədən ibarətdir?
Moderator.az xəbər verir ki, Ovqat.com-un əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Tahirin qələmə aldığı və müzakirənizə sunduğumuz bu araşdırma yazısında yuxarıdakı suallara cavab axtarılır.
AMİP liderinin keçmişindən, bugünündən və perspektivindən bəhs edən yazı həm də gənc nəsillərə üzdə olan siyasiləri tanıtmaq məqsədilə qələmə alınmış siyasi portretlər silsiləsindəndir. Ümid edirik ki, dəyərli qələm dostumuz digər siyasilərin portreti üzərində də eyni dəqiqlik və etina ilə işləyəcək.
Hələlik isə Məmməd Tahirin təqdimatında Etibar Məmmədov.
Meydandan deputatlığa
1990-cı ildə azad olunmasına baxmayaraq, Etibar Məmmədov yalnız 1994-cü ildə bəraət alır. Onun özü bu haqda belə demişdi:
"Təəssüf ki, SSRİ dövründə əleyhimə qaldırılan cinayət işi üzrə bəraəti yalnız 1994-cü ildə ala bildim. 1992-ci ildə hakimiyyətə yeni qüvvələr gəlsə də, onların rəhbərlik etdiyi məhkəmədə mən işə yenidən baxılmasına nail ola bilmədim. 1993-cü ilin sonunda, 1994-cü ilin əvvəlində Milli Məclisdə 20 Yanvara siyasi qiymət verilməsi ilə bağlı müzakirələr gedərkən Heydər Əliyev mənə də müraciət etdi ki, bu məsələlər ətrafında fikirlərimi bildirim. Dedim ki, hələ fikir bildirə bilmərəm, çünki hələ də ittiham olunan şəxsəm. Dedim ki, fikirlərim qərəzli, yaxud özünə bəraət xarakteri daşıya bilər. Bundan sonra, 1994-cü ilin yanvar-fevral aylarında yenidən məhkəmə prosesi keçirildi. Mənə və bir neçə şəxsə bəraət verildi.”
Etibar Məmmədovun məhbəsdən azad olunması Azərbaycanda təkrar seçkilərin keçirildiyi dövrə təsadüf edir və təbii ki, Etibar Məmmədov da seçkilərdə namizəd olaraq iştirak edərək deputat seçilir. Artıq 1990-cı ilin axırlarında milli - azadlıq hərəkatının liderlərindən biri E.Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsini millət vəkili kimi davam etdirməyə başlayır.
Bu gün çoxlarının bilmədiyi və ya bilərəkdən üzərindən sükutla keçdiyi məqamlardan biri də Etibar Məmmədovun "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının həmmüəllifi olmasıdır. Etibar Məmmədov və AMİP qurucularından olan Fuad Ağayevin birgə hazırladığı layihə hal-hazırda Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri olan Hacıbaba Əzimovun sədrliyi ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının” hazırlanması ilə bağlı yaradılmış komissiyaya təqdim olunur. Bir neçə gün davam edən gərgin müzakirələrdən sonra 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir.
Azərbaycanın dövlət müstəqilliyi uğrunda
Həmin dövrdə Azərbaycan öz istiqlaliyyətini elan etməsinə baxmayaraq, dövlət müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasında bir sıra ciddi problemlər var idi. Dövlət müstəqilliyinin qorunub saxlanması prosesində, demək olar ki, ən mühüm amillərdən biri dünya ölkələrinin istiqlaliyyətimizi tanıması idi. Bu məsuliyyətli missiya isə yenə də Etibar Məmmədovun üzərinə qoyulur.
Azərbaycanın Dövlət Müstəqilliyinin tanınmasının çətinləşdirən digər əsas amillərdən biri ondan ibarət idi ki, milli-azadlıq hərəkatının təzyiqi ilə bu qanunu qəbul edən Azərbaycan iqtidarı onun reallaşmasını ürəkdən istəmirdi. Bu amillərin təsiri ilə Azərbaycan parlamentinin qəbul etdiyi qanunun kağız üzərində qalma təhlükəsi var idi. Buna görə də E. Məmmədovun bu missiyasının çox böyük tarixi əhəmiyyəti vardır.
Etibar Məmmədovun Ali Sovetin rəsmi məktubunu Türkiyə Cumhuriyyəti rəhbərliyinə təqdim etməsinə baxmayaraq, bu məsələyə qardaş ölkə rəsmilərinin münasibəti birmənalı deyildi. Türkiyə rəsmiləri Nazirlər Kabinetinin çıxaracağı qərarın "Sovetlər birliyinin iç məsələləri”nə qarışmaq kimi başa düşüləcəyindən ehtiyat edirdilər. Buna baxmayaraq, Etibar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə çoxsaylı görüşlər keçirərək, 10 noyabr 1991 - ci ildə Türkiyə tərəfindən Azərbaycanın dövlət Müstəqilliyinin tanınmasına nail ola bilir. E. Məmmədovun Azərbaycan istiqlalını tanıtması sahəsində diplomatik fəaliyyəti haqqında Türkiyənin Ana Vətən Partiyasının Baş katibi Avni Çarsancaqlı belə demişdir: «Türkiyədən nə yardım gəlmişsə də, bilin, bütün dünya bilsin ki, bütün Azərbaycan xalqı bilsin ki, o yardımları Türkiyə Cumhuriyyətindən, dövlətindən, xalqından, milliyyətçi qurumlardan qoparan, Azərbaycan istiqlalının tanınması sahəsində nə edilmişsə, hamısının sahibi, Allah qarşısında deyirəm, bunlar tarixə düşən sənəddir - Etibar Məmmədovdur».
Bundan sonra E. Məmmədov 4 dekabr 1991 - ci il tarixində Milli Məclisin 6 üzvünün daxil olduğu nümayəndə heyətinin rəhbəri kimi Pakistana rəsmi səfərə gedir. Burada da Pakistanın Baş Naziri Məhəmməd Nəvvaz Şərif, Senatın Sədri, Milli Məclisin fəaliyyətdə olan sədri və Senatın Xarici Əlaqələr komissiyasının üzvləri ilə çoxsaylı görüşlər keçirilir. Nəticədə Azərbaycanın Dövlət Müstəqilliyi Pakistan tərəfindən də tanınır.
Hal-hazırda Milli Məclisin üzvü olan millət vəkili Vahid Əhmədov həmin günləri belə xatırlayır: "Biz qorxurduq ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ola bilsin bu müstəqilliyi xarici dövlətlər tanımasın. İlk olaraq bizi Türkiyə tanıdı. Daha sonra isə Pakistan, Rumıniya Azərbaycanı tanıdı. Bu hissələri ifadə etmək mənim üçün çətindir. Bu tamam fərqli bir hissdir. Yadıma gəlir; o vaxt Prezident yanında Təhlükəsizlik Şurasının üzvü olan Etibar Məmmədovun rəhbərliyi ilə mən, Fərrux Zeynalov, Tofiq Bağırov və digərləri xarici işlər nazirinin müavini ilə birgə müstəqiliyimizin tanınması üçün Pakistana getdik. Biz Türkiyə vasitəsilə Pakistana çatdıq. Qeyd edim ki, bütün xərci Türkiyə çəkmişdi.
Pakistanın o zamankı baş naziri Nəvaz Şərif Azərbaycan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdi və rəsmi olaraq Azərbaycanın dövlət müstəqilliyinin tanıdıqlarını elan etdilər. Qrupumuz hədsiz sevinc içində idi. Sevincimizdən yerə-göyə sığmırdıq”.
Etibar Məmmədovun özünün də həmin dövrdəki fəaliyyəti ilə bağlı açıqlamaları mövcuddur. Sitat: "Müstəqillik əldə olunduqdan sonra belə bir təhlükə var idi ki, müstəqilliyimiz heç bir dövlət tərəfindən tanınmaya bilər. O zaman mən rəsmi olaraq vəzifələndirilmişdim və mənim rəhbərliyim ilə nümayəndə heyətinin ilk olaraq Türkiyəyə, sonra da Pakistana səfərləri oldu və hər iki dövlət də Azərbaycanın müstəqilliyini tanıdı. Bunun ardınca isə bütün İslam Konfransı dövlətləri.”
Etibarlı ordu quruculuğu
Etibar Məmmədovun adı ilə bağlı olan növbəti məsələ yeni yaranmış Azərbaycan ordusunun maddi texniki bazasının formalaşdırılması ilə bağlı onun göstərdiyi fəaliyyətdir. Belə ki, ilk ordunun silahla təmin olunması, eləcə də əsgər və zabitlərin geyim və lazım olan digər vasitələrlə təchiz olunması həmin dövrdə dövlət qarşısında olduqca problemli məsələ olaraq qalırdı. Elə bu məsələlərin də yoluna qoyulması üçün yenə də Etibar Məmmədova müraciət edilir. O ordunun maddi-texniki bazasının formalaşdırılması üçün rəsmi olaraq vəzifələndirilir.
Bu haqda Etibar Məmmədov "Azərbaycan ordusu yeni yarandığı vaxt onun silahlandırılması ilə bağlı rəsmi olaraq vəzifələndirilmişdim və nəticələri də müsbət oldu” deməklə kifayətlənərək, daha geniş danışmaq istəməsə də, həmin dövrdə mövcud olan KİV-in təhlilini apardıqda və ayrı-ayrı şəxslərin xatirələri ilə tanış olduqda, məlum olur ki, məhz Etibar Məmmədovun fəaliyyyətinin nəticəsi olaraq Milli Ordu silah və maliyyə vəsaiti ilə təmin olunur.
"Sədərək şəhidləri” kitabından təkcə bir epizodu xatırlatmaq kifayətdir ki, haqqında danışdığım məsələ ilə bağlı Etibar Məmmədovun hansı xidmətləri olduğuna işıq sala bilək:
"Naxçıvanda Sədərək döyüşlərinin ən qızğın vaxtları idi. Döyüşən əhali yalnız ov tüfəngləri ilə silahlanmışdı. Milisin və yerli müdafiə batalyonlarını əlində olan silah-sursat isə azlıq təşkil edirdi. Elə bu məqamda Türkiyə tərəfindən icərisində un olan yük maşınları Naxçıvan sərhədinə yaxınlaşır. Həmin yük karvanını isə Etibar Məmmədov müşayət edirdi. Etibar Məmmədov elə həmin gün Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyevlə görüşür. Məlum olur ki, un kisələrinin arxasında 3000 ədəd avtomat və digər silah-sursat var. Həmin silahlardan 500-ü Naxçıvanın qorunması üçün Naxçıvan müdafiə batalyonuna verilir. Yerdə qalan 2500 avtomat və digər silah-sursat isə Naxçıvandan təyyarə vasitəsilə Bakıya gətirilir və Müdafiə Nazirliyinə təhvil verilir”.
Bu Etibar Məmmədovun ordunun silahlandırılması ilə bağlı fəaliyyətindən təkcə bir epizoddur.
Partiya quruculuğu: Azərbaycanın 1 №-li partiyası - AMİP
Etibar Məmmədovun fəaliyyətinin növbəti dövrü partiya quruculuğu ilə bağlıdır. AXC-nin üzərinə götürdüyü missiyanı – Azərbaycanın istiqlalı uğrunda mübarizə missiyasını artıq başa vurduğunu, buna görə də növbəti mərhələyə keçidin vacib olduğunu deyən E.Məmmədov bu məqsədlə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycanda ilk siyasi partiyanın yaradılması istiqamətində fəaliyyətə başlayır.
3 - 4 iyul 1992-ci ildə AMİP-in təsis Qurultayı keçirilir və 17 iyul 1992 - ci il tarixdə Milli Istiqlal Partiyası Ədliyyə Nazirliyi tərəfindən Azərbaycanda yaranmış ilk siyasi partiya kimi dövlət qeydiyyatından keçərək 1 № - li qeydiyyat vəsiqəsi alır. Beləliklə AMİP ilk rəsmi qeydiyyatdan keçmiş partiya kimi tarixə düşür. AMİP-in sıralarına ölkənin aparıcı ziyalıları, hüquqşünaslar, iqtisadşılar, həkimlər, sonradan müxtəlif dövlət postları tutmuş kifayət qədər tanınmış simalar daxil olur. Bunlara misal olaraq, hal-hazırda Azərbaycan Respublikasını baş naziri olan Novruz Məmmədovu, baş nazirin keçmiş müavini Elçin Əfəndiyevi, keçmiş Xarici İşlər Naziri Vilayət Quliyevi, hal-hazırda dini işlər üzrə komitəyə rəhbərlik edən Mübariz Qurbanlını, Milli Elmlər Akademiyasının keçmiş Prezidenti Eldar Salayevi, İnşaat-Mühəndislər İnstitutunun keşmiş rektoru Qeybilla Qeybullayevi, hal-hazırda Akademiyanın İqtisad İnstitutuna rəhbərlik edən Nazim İmanovu, yazıçılardan Məmməd Arazı, İsi Məlikzadəni, Xəlil Rzanı, BAP sədri Elşad Musayevi, REAL partiyasının sədri İlqar Məmmədovu və sonralar millət vəkili və ya icra başçısı işləmiş çoxlu sayda insanı göstərmək olar. AMİP sədri olaraq Etibar Məmmədov 1995-2000-ci illərdə millət vəkili kimi fəaliyətini davam etdirir. 1998-2003-cü illərdə isə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olaraq seçkilərə qatılır.
Bişkek protokoluna ilk etirazın və milli dirənişin müəllifi
Etibar Məmmədovun fəaliyyətinin geniş təhlili göstərir ki, ölkənin ən gərgin dövrlərində o həmişə üzdə olmuş və siyasi prosseslərin önündə dayanaraq, prosesslərin idarə olunmasında aparıcı rol oynamışdır. Elə 1994-cü ilin mayında Rusiyanın təzyiqi ilə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyev, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə "DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotovun imzaladığı və özündə işğal edilmiş ərazilərdə müşahidəçilər missiyası altında rus qoşunlarının yerləşməsini nəzərdə tutan "Bişkək” protokoluna qarşı da ilk olaraq etiraz edən və bütün milli qüvvələri həmin protokolun reallaşmasına imkan verməmək üçün səfərbər edən də Etibar Məmmədov olmuşdur. Bu fəaliyyətin nəticəsi olaraq AMİP-in yerləşdiyi mənzil qərərgahı mühasirəyə alınmış, Mərkəzi ofisdə fəaliyyət göstərən işçiləri həbs olunmuş, binada axtarış aparılmış və cinayət işi qaldırılmışdır.
Bundan sonra da Heydər Əliyev tərəfindən təklif olunan bütün vəzifə təkliflərinə yox deyən Etibar Məmmədov ümummilli məsələlərlə bağlı heç bir halda güzəştə getməyəcəyini açıq şəkildə nümayiş etdirmişdir.
İstefa mədəniyyəti
2004-cü ildə, cəmi 49 yaşında AMİP sədrliyindən istefa verən Etibar Məmmədov istefasının səbəblərini belə açıqlayır: "Dünya praktikasında partiya liderlərinin müəyyən vaxt siyasətdə olduğunu, müvəffəqiyyət qazandığını, məğlubiyyətlə üzləşdiyini müşahidə etmək olar. Uğursuzluq olduğu zamanlarda isə birinci şəxs həmişə məsuliyyəti öz üzərinə götürməlidir. Bu baxımdan, dünya praktikasında mövcud olan bir addımı mən də atdım. AMİP yenilikçi bir təşkilatdır, ona görə də Azərbaycanda da bu praktikanın tətbiq olunmağa başlamasını istədim. Yəni heç kəs oturduğu postdan ikiəlli yapışıb, oradan zorla qoparılmasın. Mənim AMİP sədrliyindən getməyim bir nümunə idi. AMİP yarandığı gündən onsuz da, bir çox ilklərin müəllifi olub. Mən də siyasətdən çəkilməyi və digərlərinə yol açmağı qərara aldım”.
15 ildir ki, aktiv siyasi fəaliyyətdən kənarda olmasına baxmayaraq, Etibar Məmmədov bu gün də ölkənin siyasi həyatına təsir etmək imkanlarına malik olan siyasətçidir, desək yəqin ki, səhv etmərik.
Bu gün yenə də Azərbaycanın daxil olduğu geosiyasi məkanda gərginlik durmadan artır. Bir tərəfdən ABŞ-İran, Rusiya-ABŞ, ABŞ-Türkiyə münasibətlərindəki problemlər, digər bir tərəfdən Azərbaycan - Ermənistan cəbhəsində movcud olan gərginlik, daxildə mövcud siyasi, iqtisadi və sosial vəziyyətdə mövcud olan problemlər, iqtidar və müxalifət arasındakı barışmaz mövqe fərqliliyindən doğan düşmənçilik Azərbaycan üçün çətin dövrlərin başladığını deməyə əsas verir. Ölkəmiz sanki od çəmbərinin arasında qalıb və belə bir mürəkkəb zamanda yenə də AMİP lideri Etibar Məmmədovun fəallaşdığı hiss olunur. Ümumiyyətlə yazıdan da göründüyü kimi hər dəfə ölkədə gərginlik yarananda AMİP lideri Etibar Məmmədov prosseslərin önünə çıxmağı bacarır və məsuliiyyəti üzərinə götürməkdən çəkinmir.
Bütün bu sadalananlardan sonra Etibar Məmmədovun aktiv siyasətə qayıtması ilə bağlı edilən çağırışlar da başa düşüləndir. Onun prosesslərin önündə durmasını şərtləndirən digər mühüm bir amil isə heç vaxt hakimiyyətdə təmsil olunmaması, istər müxalifət, istərsə də məmur təbəqəsi arasında kifayət qədər tərəfdarlarının olması ilə bağlıdır.
Digər mühüm bir məsələ isə Etibar Məmmədovun aparıcı müxalifət liderləri ilə müqayisədə ən geniş Beynəlxalq əlaqələrə malik olmasıdır. Belə ki, Etibar Məmmədov artıq 15 ildir ki, özündə 80 ölkədən 100-dən artıq siyasi partiyanı birləşdirən, tərkibində ABŞ-in, İngiltərənin, Almaniyanın, İspaniyanın, İsrailin, Norveçin, Avstraliyanın, Meksikanın, Macarıstanın, Argentinanın, Bolqarıstanın, Finlandiyanın, Kolumbiyanın, Avstriyanın, İslandiyanın, Serbiyanın, Yunanıstanın, Xorvatiyanın, Çilinin, Paraqvayın və s. ölkələrin hakimiyyətdə olan siyasi partiyalarını birləşdirən Beynəlxalq Demikrat İttifaqının sədr müavinidir. Bu əlaqələr isə heç şübhəsiz ki, ona əlavə üstünlüklər verir.
Etibar Məmmədovun aktiv siyasətə qayıtmaqla bağlı çağırışlara necə cavab verəcəyi isə yalnız onun özündən asılıdır. Necə deyərlər; yaşayarıq, görərik.