Fars körfəzində baş verəcək hər hansı müharibə rəsmi Moskvanın işinə yarayır


"İndi də olmasa, ABŞ son anda İranla razılığa gələcək. Trampın sərt İran siyasəti və İranın ABŞ sanksiyalarına dirənişi də müharibə meydanında üz-üzə gəlməkdən çox, sonunda oturacaqları danışıqlar masasında psixoloji üstünlük qazanmağa xidmət edir”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Ovqat.com-a açıqlamasında belə deyib.

ABŞ prezidenti Donald Trampın dünən keçirdiyi mətbuat konfransında İranla anlaşa biləcəkləri barədə açıqlamasını şərh edən Arzuxan bəy bunun gözlənilməz olmadığını qənaətindədir. Dediyinə görə, əvvəldən bu ixtilafın müharibə ilə nəticələnəcəyinə inanmırmış:

"Əvvəla, İranın indiki status-kvosunu qoruyub saxlaması ABŞ-a sərf edir. Çünki İran xofundan istifadə edən ABŞ Yaxın Şərqdəki neft və qaz zəngini ərəb ölkələrini öz ağuşunda saxlaya bilir. Zaman-zaman süni gərginliklər yaradaraq öz ərəb "müttəfiqlərinin” könlünü oxşamaqla və onlara yalançı ümidlər verməklə qlobal enerji istehsalını nəzarət altında saxlayır.


Üstəlik, ərəblərə qahmarla çıxaraq həm də ciddi miqdarda sərmayə qazanır. Həm onlara xeyli baha qiymətə silah sataraq, öz hərbi sənaye kompleksini daha çox inkişaf etdirir, həm də yeri gələndə müxtəlif güzəştlər qarşılığında ərəb ölkələrindən hədiyyələr, pul yardımları, bir növ rüşvətlər alır. İran problemi öz həllini taparsa, sözsüz ki, burada itirən təkcə Qum rejimi yox, həm də Vaşinqton olar”.

Trampın hakimiyyətə gəldikdən sonra ilk səfərini Səudiyyə Ərəbistanına gerçəkləşdirdiyini xatırladan Arzuxan Əlizadə həmin səfər nəticəsində ABŞ-ın silah sənayesinin çox ciddi pullar qazandığını bildirdi: "Səfər zamanı Səudiyyə kralı ilə bağlanan müqavilələrlə rəsmi Riyad ABŞ-dan yüz milyardlarla dollarlıq silah-sursat almaq öhdəliyi götürdü. Bu müqavilələrdə nəzərdə tutulan məbləğ Rusiyanın ümumi hərbi büdcəsindən bir neçə dəfə çox idi. Sözsüz ki, İran xofu olmasaydı, Səudiyyə Krallığı bu müqaviləyə imza atmazdı”.

İndiki ABŞ prezidentinin Yaxın Şərqdəki ərəb ölkələrinə pul mənbəyi kimi baxdığını gizlətmədiyini deyən partiya rəhbəri fikirlərini belə əsaslandırdı:

"Yadınızdadırsa, Tramp seçkiqabağı kampaniyasındakı çıxışlarından birində açıq şəkildə bildirmişdi ki, Səudiyyə Ərəbistanı onlar üçün "sağmal inəkdir”. Nə qədər ki südü var, sağırlar. Südü quratarandan sonra isə kəsib ətini yeyəcəklər. Trampın bu təhqiramiz sözlərindən sonra heç bir əqidəli dövlət rəhbəri onu ölkəsinə qəbul etməzdi. Səudiyyə kralı isə Trampın ilk səfərinin bu ölkəyə etdiyinə uşaq kimi sevinir, ABŞ prezidentinə qoşulub "qılınc” rəqsi edirdi”.


Super dövlətin İranla dialoq arayışına girməsinin digər səbəbinin geopolitik və geoiqtisadi konyukturadan qaynaqlandığını düşünən AMİP rəhbəri bunu iki əsas amillə əlaqələndirir:

"Amillərdən biri qlobal neft strategiyası ilə bağlıdır. Bilirsiniz ki, bugünkü qlobal iqtisadi düzən sənaye dövlətləri-neft hasilatçıları arasındakı münasibətlər üzərində qurulub. Sənaye dövlətləri öz fabrik və zavodlarının qan-damar sistemi sayılan yanacağı neft hasilatçılarından aldıqları enerji daşıyıcılarının hesabına ödəyirlər. Dünya enerji qaynaqlarının yarısına yaxını isə İranla aparılması güman olunan coğrafiyada hasil olunur. Sözsüz ki, həmin coğrafiyada müharibə çıxarsa, neft və qaz nəqli dayana bilər. Bu da sənaye dövlətlərində ciddi iqtisadi böhrana səbəb olar. Nəticədə bütün sənaye dövlətləri ABŞ-ın İrana hücumlarını dayandırmasını istəyə və super güc dünyadan təcrid olunmuş vəziyyətə düşə bilər.

Üstəlik, onun qarşısında Çin kimi getdikcə dünya gücünə çevrilən rəqibi var. İranla müharibənin uzanmasının həmin dövlətin xeyrinə nəticələnməsi ehtimalı da var və bu, ABŞ-ı xeyli narahat edir”.

ABŞ-ın qarşısını kəsən bir başqa amilin Rusiya və digər region ölkələri olduğunu düşünən Arzuxan Əlizadənin fikrincə, Fars körfəzində baş verəcək hər hansı müharibə rəsmi Moskvanın işinə yarayır: "Çünki mühtəməl ABŞ-İran müharibəsi zamanı Fars körfəzinin və Hörmüz boğazının bağlanması nəticəsində neft qiymətlərinin astronomik şəkildə bahalaşması iqtisadiyyatı enerji daşıyıcılarının ixracatına dayanan Rusiya üçün geniş nəfəslik açmış olar. Təsadüfi deyil ki, ABŞ-ın son zamanlar yürütdüyü siyasətlər nəticəsində neft qiymətlərinin 60 dollara qədər düşməsindən ən çox əziyyət çəkən Rusiyadır. Məntiqlə, neftin yenidən bahalaşmasını ən çox arzulayan da elə rəsmi Moskva ola bilər.


Digər tərəfdən, Rusiyanın uzun illərdən bəri yürütməyə çalışdığı enerji strategiyasının başlıca hədəflərindən biri dünyanın ən böyük sənaye dövlətlərinin yerləşdiyi Qərbi Avropanı özündən asılı vəziyyətə salmaqdır. ABŞ və bəzi Qərbi Avropa dövlətləri bu siyasətin qarşısını almaq üçün Ukrayna böhranı yaratdılar. Rusiyanın bu siyasətdən vaz keçməsi üçün hər il 10 milyardlarla pul xərclənir. Avropanı qaz və neftlə təchiz etmək üçün müxtəlif alternativlər axtarılır. Başlıca alternativ isə Yaxın Şərqin enerji ehtiyatlarıdır. Həmin ehtiyatların Avropaya nəqli sayəsində Rusiyanın enerji strategiyası alt-üst olunmağa çalışılır. Yürüdülən məqsədyonlü siyasət nəticəsində hazırda Avropanın qaz tələbatının hardasa 30%-i Qətərin enerji mənbələri hesabına ödənilir. Mühtəməl İran-ABŞ müharibəsi bu alternativi aradan qaldıra və Avropanı enerji sahəsində tamamilə Rusiyadan vəziyyətə sala bilər. Xatırladım ki, Rusiya hazırda Avropanın qaz ehtiyacının 30-35%-ni qarşılayır. ABŞ İrana hücum edərsə, Qətərin Avropaya qaz nəqli dayana bilər və Rusiyanın enerji bazarı ən azı 2 dəfə böyüyər”.

Rusiyanın Suriyaya hərbi müdaxiləsinin kökündə də bu amilin dayandığını deyən Arzuxan bəyin fikrincə, Bəşər Əsəd rejimim devrilməsində ABŞ-ın və Yaxın Şərq ölkələrinin əsas hədəfi Qətərdən Avropaya nəqli düşünülən qaz kəmərinin təhlükəsiz marşrutunu təmin etmək idi: "Bu hədəf reallaşsaydı, körfəz dövlətlərinin enerji daşıyıcıları Hörmüz boğazından keçməz və İranla müharibə daha asan olardı. Ən əsası isə Rusiyanın enerji siyasətinə alternativlər yaranardı və onu çökdürmək planı rahatlıqla işə salınardı. Rusiya və İran rejimi Suriya problemimin əsas hədəfi olduqlarını düşündüklərindən ABŞ-la öz sərhədlərindən uzaqda qarşı-qarşıya gəldilər və tale birliyi onları təbii müttəfiqə çevirdi. Odur ki, baş verəcəyi təxmin olunan ABŞ-İran müharibəsində Rusiyanın öz müttəfiqinin yanında dayanmaqdan başqa çarəsi yoxdur və bu da Vaşinqtonu düşündürür. Trampın son açıqlamalarından görünən budur ki, Vaşinqton artıq "B” planını işə salmağa hazırlaşır. Bu plan İranı öz yanına çəkməklə Fars körfəzində stabilliyə nail olmaq və Rusiyanı təkləməkdir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən keçirdiyi mətbuat konfransında açıq şəkildə İranla danışıqlara başlamaq istəyini ortaya qoyaraq demişdi:

"Amma İranın əlaqədar şəxsləri ilə birbaşa danışmaq istəyirik. İranla anlaşmaq üçün heç kəsə ehtiyacımız yoxdur. Özümüz birbaşa danışa bilərik”.

Ovqat.com