Fərarilərin də aqibəti faciəli və biabırçı olmalı idi

Pənah Hüseyn yazdı, Arif Hacılı cavab verdi, Etibar Məmmədov ölkədən qaçmaqda ittiham olundu; müxalif düşərgənin daha bir keçmiş davası başladı...
Azərbaycan Xalq Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş Pənah Hüseynin 1992-ci il, 14 may hadisələri ilə bağlı yazdığı silsilə məqalələr geniş müzakirələrə yol açıb. “Yeni Müsavat” xəbər verir ki, P.Hüseynin eks-prezident Ayaz Mütəllibovun yenidən iqtidara qayıdışına cəhdləri haqda açıqladığı nüanslar skandala səbəb olub.

Sabiq baş nazir həmin dönəmlə bağlı sensasion məqamlara toxunub, Mütəllibova ittihamlar səsləndirib. Onun sözlərindən belə məlum olur ki, keçmiş prezident AXC rəhbərliyində olan bir neçə müxalifətçi məşhur simanı aradan götürməyə təlimat veribmiş. AXP sədri, eyni zamanda, AMİP-in o dövrdəki lideri Etibar Məmmədovu ölkədən qaçmaqda ittiham edib.

Bu proseslərin xronologiyasını yazaraq feysbuk hesabında yayan P.Hüseynə siyasətçilərdən reaksiyalar gəlməkdədir. Sabiq baş nazir qeyd edib ki, AXC rəhbərliyi 14 mayda çevriliş olacağını bütün detalları ilə əvvəlcədən bilirmiş.

“1992-ci ilin 12 mayı axşam saat 10 radələrində Əbülfəz Elçibəy mənə telefonla AXC rəhbərliyini fövqəladə toplantıya yığmaq göstərişini verdi. Mən o vaxt AXC-nin Sədr Aparatı olan AXC İcraiyyə Komitəsinin rəhbəri idim. Həmin gün Əbülfəz bəy mühüm görüşlərinin olacağını demişdi. Prezidentliyə namizəd olduqdan sonra, o, görüşlərini bir qayda olaraq AXC qərargahında keçirirdi. Lakin həmin mühüm görüş qərargahda olmamışdı. Toplantı gecə saat 11 radələrində baş tutdu. İclasda AXC parlament qrupunun rəhbəri İsa Qəmbər, AXC sədrinin müavini İsgəndər Həmidov, AXC Məclisinin sədri Arif Hacılı, katibi Çingiz Qəniyev və Rauf Qarayev, AXC İnformasiya Mərkəzinin direktoru Niyazi İbrahimli, Əbülfəz Elçibəyin Seçki Qərargahının rəhbəri Sabit Bağırov, AXC İcraiyyə Komitəsinin üzvlərindən bir qrupu iştirak edirdi”, - deyə P.Hüseyn bildirib.

14 may, 1992-ci il

Onun sözlərinə görə, toplantıda Əbülfəz Elçibəy məlumat verib ki, dəqiqliyi şübhə doğurmayan informasiyaya görə, mayın 14-də Ali Sovetin sessiyası çağırılacaq: “Sessiyada Xocalı Komissiyasının məlumatı məsələsi qoyulacaq, Ayaz Mütəllibovun günahsızlığı elan olunaraq, 6 mart 1992-ci il sessiyasının qərarları ləğv ediləcək; Ayaz Mütəllibovun prezidentliyi bərpa olunacaq; elə sessiyanın gedişində daha fəal şəkildə etiraz etmələri ehtimal olunan Demblok deputatlarından Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan biri sessiyanın iclasında silahlı şəxslər tərəfindən öldürüləcək, seçki dayandırılacaq, ölkədə fövqəladə vəziyyət elan ediləcək və AXC-yə qarşı terror başlanacaq, böyük qan töküləcək... Sonrakı günlərdə baş verənlər məlumatın nə qədər dəqiq olduğunu göstərdi”.

P.Hüseyn yazıb ki, AXC rəhbərliyinə ailə üzvləri ilə birlikdə Türkiyə səfirliyindən sığınacaq istəmələri təklif edilirdi: “Bildirilmişdi ki, təxminən 300 adama sığınacaq verilə bilər. Bundan əlavə, müxalifət mühacirətdə hökuməti yaratmaq barədə düşünərsə və bu istiqamətdə yardım göstərilməsi istənilərsə, mümkün variantlar nəzərdən keçirilə bilər.

AXC sədri bildirib ki, ona deyilənə görə, eyni təkliflər Etibar Məmmədova da edilib. Həmin günün səhəri Türkiyəyə gedən Etibar Məmmədov sonralar mənimlə söhbətində ona belə bir məzmunda məlumatlar verilmədiyini bildirmiş və tamamilə fərqli versiya söyləmişdi.

Onun dediyinə görə, onunla Türkiyə baş nazirinin müavini əlaqə saxlamış və baş nazirin adından Azərbaycanla bağlı fövqəladə mühüm məsələlərin müzakirə edilməsi üçün onu təcili Türkiyəyə dəvət edibmiş. Türkiyəyə çatdıqdan sonra isə onunla əlaqəyə girən şəxslərin münasibətinin dəyişdiyini, vəd edilən görüşlərin ləngidildiyini hiss edib. Bakıdakı hadisələr haqqında xəbər aldıqdan sonra dərhal Azərbaycana qayıtmaq istəyib. Lakin bu təşəbbüsü faktiki olaraq, əngəllənib. Etibar Məmmədov iddia edir ki, bu AXC-ni hakimiyyətə gətirmək xətti götürmüş Türkiyədəki dairələrin onu qəsdən Azərbaycandan uzaqlaşdırmaq planının tərkib hissəsi olub ki, onun bu plana mane olmasının qarşısı alınsın".

Milli Dirçəliş günündə ayağa qalxan ataların oğulları bayrağımızı Qarabağa  sancdılar” - Pənah Hüseyn - modern.az

P.Hüseyn birmənalı şəkildə axırıncı iddianın əsassız olduğunu bildirir: “Çünki yuxarıda qeyd etdiyim kimi, 14 maydan cəmi iki gün əvvəl AXC sədrinə təklif olunmuşdu ki, yaxın ətrafı ilə Türkiyəyə getsin və orda mühacir hökuməti elan etsin. AXC rəhbərliyinə isə təklif olunurdu ki, ailələri ilə birgə siyasi sığınacaq istəyib, diplomatik toxunulmaz ərazilərdə yerləşsinlər.

Və əgər 12 mayda bu təklif qəbul edilsəydi, hadisələr tamamilə başqa, AXC-nin hakimiyyətdən əl çəkməsi istiqamətində cərəyan edəcəkdi. İrəliyə gedərək qeyd edim ki, mühacirət hökuməti layihəsi həmin gün müzakirə edilən və qərarlaşdırılan məsələlərdən biri olmuşdu. Həmin müzakirənin və alınan qərarın nəticəsi olaraq Sabit Bağırov və Nəcəf Nəcəfov artıq 14 mayda Ankarada idilər. Biz artıq 13 mayda Etibar Məmmədovun Türkiyədə olduğunu bilirdik və Sabit Bağırovla Nəcəf Nəcəfova tapşırılmışdı ki, Türkiyədə burdan xüsusi göstəriş olana qədər Etibar Məmmədovla əlaqəyə girməkdən çəkinsinlər.

Türkiyəyə çatdıqdan az sonra Nəcəf Nəcəfov məlumat verdi ki, onlara Etibar Məmmədovla görüşüb televiziyaya çıxmaları , birgə mövqe açıqlamaları təklif olunur. AXC rəhbərliyi bu məsələ barədə mövqeyini dəyişmədi və həmin görüş, efir və birgə bəyanat təkliflərinin qəbul edilmədiyini bildirdi. Yenə irəli gedib əlavə edim ki, 17 mayda İsa Qəmbərin Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edən şəxs seçilməsi formasında artıq AXC-nin hakimiyyət məsuliyyətini götürməsi məsələsi müzakirə ediləndə məhz Türkiyə tərəfi israrla tövsiyə edirdi ki, Etibar Məmmədov kənarda qalmasın..."

Onun bu açıqlamalarına Müsavat Partiyasının başqanı Arif Hacılıdan reaksiya gəlib. A.Hacılı sosial şəbəkədə paylaşılmış məqaləyə şərh yazaraq qeyd edib ki, P.Hüseyn bu barədə əvvəllər də yazıb.

“Yenə təkrar edirsiz ki, Ali Sovetin 14 may sessiyası günü Tofiq Qasımov, Arif Hacıyev və Etibar Məmmədovdan birinin sessiyanın gedişində güllələnəcəyi barədə məlumat verilmişdi. Xatırladığıma görə burada Etibar Məmmədovun adı yox idi. Ola da bilməzdi”, - deyə A.Hacılı vurğulayıb.

Müsavat başqanı söyləyib ki, Məmmədov Mütəllibovla yaxşı münasibətlər qurmuşdu: “Hətta Mütəllibov xaricə gedib-gələndə hava alanında onu yola salıb, qarşılayanların cərgəsində dayanırdı. Biz Mütəllibovun istefasını tələb edəndə deputatlıqdan istefa verdiyini bəyan edib Ali Sovetin yuxarı mərtəbələrindən birinə çəkilmişdi. Yaqub Məmmədovla da münasibətlər qurmuşdu. Məhz onun səyləri ilə Rəhim Qazıyev müdafiə naziri, Tahir Əliyev Daxili İşlər naziri təyin olunmuşdu. Özü də Baş nazirin xüsusi səlahiyyətli müavini olmalı idi. Sadəcə, Yaqub Məmmədov bu planı həyata keçirə bilmədi”.

A.Hacılı sual edir ki, bu halda E.Məmmədovu niyə öldürməliydilər: “Bu, həm də fiziki cəhətdən mümkün deyildi. Çünki bəhs etdiyiniz müddətdə Etibar Məmmədov bizə, həmçinin ona olunan Türkiyədə sığınacaq təklifini qəbul edib ölkəni tərk etmişdi. Mənim və Tofiq Qasımovun sessiyanın gedişində güllələnmə planı isə aydın idi. 14 may sessiyası deputat blokumuzun tərəfindən boykot olunmuş, bu sessiyada AXC-nin təmsilçisi olaraq mənim, deputat blokunun təmsilçisi olaraq Tofiq Qasımovun iştirakı barədə qərar qəbul olunmuşdu. 14 may sessiyasına yalnız ikimizin gedəcəyi əvvəlcədən bilinirdi. 14 may günü biz Tofiq Qasımovla bu məlumatı bilsək də silahlı quldur dəstələri ilə əhatə olunmuş Ali Sovetin binasına getdik. Əvvəlcədən getmişdik ki, bizim oraya gəlişimizin qarşısını almaq mümkün olmasın. Tofiq Qasımovun Ali Sovet binası yaxınlığında olan evində sessiyanın başlanmasını gözləyirdik. Sonra AXC-nin qərarı, Elçibəyin və İsa Qəmbərin xüsusi təkidlərindən sonra sessiyanın toplantısına qatılmadıq”.

Həm P.Hüseynin, həm A.Hacılının ittihamlarına cavab verən Etibar Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Pənah Hüseyn həmişə olduğu kimi yenə də həqiqətləri və faktları təhrif etməyə səy göstərməkdədir. Onun sözlərinə görə, eləcə də Arif Hacılı uzun illərdir ki, cəmiyyəti çaşdırmağa çalışır: “Anlamırlar ki, bu metodla daşıdıqları məsuliyyətin və fərsizliklərin altından çıxa bilməyəcəklər. Onların uğursuz cəhdlərinə baxmayaraq əsl həqiqətlər, o dövrdə baş verən hadisələr, onların idarəçiliyinin yarıtmazlığı barədə reallıqlar üzə çıxır, cəmiyyət onları daha yaxından tanıyır”.

AMİP funksioneri hesab edir ki, P.Hüseynin 1992-ci il 14 mayla bağlı yazdıqları yalandır: “Dəfələrlə vurğulanıb ki, Etibar Məmmədovu Türkiyəyə səfəri rəsmi xarakter daşıyıb. Çox keçmədən məlum olub ki, Etibar bəyi Türkiyəyə rəsmi dəvət etməkdə məqsəd onu Azərbaycandan kənarlaşdırmaq və çevriliş yolu ilə hakimiyyətin AXC-yə verilməsinə nail olmaqdır. Etibar bəyə Türkiyəyə köçmək və orada mühacir Azərbaycan hökuməti qurmaq təklifi olub. Amma qəti şəkildə imtina edib. Ona dəvət Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilib və Süleyman Dəmirəlin adı ilə dəvət olunub.

Təsadüfi deyil ki, onun Türkiyədən vətənə dönməsinə də 3 gün orada maneçilik törədilib. Təəssüf ki, bu plan baş tutub və silah gücünə AXC hakimiyyəti ələ keçirir. Qanlı və vahiməli sovet imperiyasından qorxmayaraq gizli yollarla imperiyanın mərkəzi Moskvada Azərbaycan həqiqətlərini mətbuat konfransı ilə dünyaya çatdıran və 9 ay Lefertovo həbsxanasında saxlanılan Etibar Məmmədovu dolayısı ilə də olsa ölkədən qaçmaqda suçlamaq vicdansızlıqdır".

Ə.Orucovun sözlərinə görə, A.Mütəllibovla sıx münasibətdə olanlar özləri idi və onun kadrlarını da yüksək postlara çəkdilər, yaxud da toxunmadılar: “Mütəllibovu yenidən prezidentliyə qaytaran Ali Sovet eyni gündə baş nazirlik vəzifəsini təsdiq etmiş olduğu Rəhim Hüseynovu nədənsə istefaya göndərmədilər və postunda saxladılar. Pənah Hüseyn və Arif Hacılı hesab edirlər ki, 1992-1993-cü illərin üzərindən 30 il vaxt keçib, yeni nəsil formalaşıb, bu cür yalanlarla yeni nəsli çaşdıra bilər və yanlış informasiyaları beyinlərə yeridə bilərlər. Mərhum prezident Elçibəyin kölgəsində gizlənərək çıxardıqları oyunbazlığın nəticəsi idi ki, bunların əlindən xilas yolunu heç kəsə demədən başını götürüb gecə ikən Kələkiyə qaçmaqda gördü. Bunlar təkcə qorxaq, yarıtmaz, fərsiz idarəçilər deyildilər, həm də Prezident İlham Əliyevin dediyi kimi fərarilərdir. Fərarilərin də aqibəti faciəli və biabırçı olmalı idi, elə də oldu. Hər dəfə təkrar-təkrar yalanlar üfüləməklə deyil, onlara layiq olduqları qiyməti xalq verib və məsuliyyəti də başqalarının üzərinə ata bilməzlər”.“Yeni Müsavat”

 

Millət