GAP sədri Ağasif Şakiroğlunun gənclərə müraciəti

Gələcək Azərbaycan Partiyası - GAP sədri Ağasif Şakiroğlunun gənclərə müraciəti:

"Əziz gənclər,
Siz müasir Azərbaycan dövlətinin ən böyük strateji gücü, sabahımızın təminatı, milli maraqlarımızın qoruyucususunuz. Bu gün ölkəmizin qazandığı uğurların, əldə etdiyi sabitliyin və inkişafın təməlində məhz gənclərə göstərilən ardıcıl dövlət qayğısı, düzgün və məqsədyönlü gənclər siyasəti dayanır.
Azərbaycan gəncliyi bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da bilik, intellekt, vətənpərvərlik və yüksək mənəvi dəyərlərlə tanınır. Dövlətimizin həyata keçirdiyi islahatlar, təhsil, məşğulluq, innovasiya və sahibkarlıq proqramları gənclərin öz potensialını reallaşdırması üçün geniş imkanlar yaradır.
Güclü dövlət – güclü gənclik prinsipinə əsaslanan bu siyasət, müstəqil Azərbaycanın davamlı inkişafının əsas təminatıdır.
Sizlər milli maraqlara sadiq, dövlətçiliyə bağlı, çağdaş düşüncəli və məsuliyyətli bir nəsil kimi ölkəmizin gələcəyini inamla çiyinlərinizdə daşıyırsınız. 
Azərbaycanın ərazi bütövlüyünün bərpasında, dövlət suverenliyinin möhkəmləndirilməsində gənclərin göstərdiyi qətiyyət və fədakarlıq tariximizin qürurverici səhifələrində xüsusi yer tutur.Əminik ki, dövlətin etimadını doğruldaraq, Prezidentin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, siz gənclər Azərbaycanın güclənməsi, regional və qlobal mövqelərinin möhkəmlənməsi naminə bundan sonra da əzmlə çalışacaqsınız.
Gənclər Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm iradə, sağlam düşüncə, böyük hədəflər və Vətən yolunda yeni-yeni uğurlar arzulayıram. Güclü Azərbaycan – sizin əllərinizdədir!"