"Millət"-in əldə etdiyi məlumata görə, Gədəbəy rayonunun, Şınıx bölgəsinə Qırmızı Xaç Cəmiyyəti tərəfindən yardım göstərilir. Həmin cəmiyyət Düz Rəsullu kəndin icra nümayəndəsinə bununla bağlı müraciət edərkən, kəndin Vaqif adlı icra nümayəndəsinin rəhbəri sakinlərin xəbəri olmadan yardım göstərilməsindən imtina edib. O, Qırmızı Xaç Cəmiyyətinin nümayəndəliyinə bilidirib ki, kənd sakinlərinin yardıma ehtiyacı yoxdur. İcra nümayəndəsinin bu yardımı rədd etməsindən sonradan xəbər tutan kənd sakinləri isə ciddi etiraz ediblər. Qəribəsi odur ki, kənd icra nümayəndəsi özbaşınalığına haqq qazandıraraq sakinləri hədələyib, onları aşağılayıb.
İcra nümayəndəsinin məsuliyyətsizliyi ucbatından üç kəndi özündə birləşdirən Düz Rəsullu kəndi yardımdan məhrum qalıb. Halbuki rayonun Qaravəlilər kəndinə humanitar yardım göstərilir. Kəndin sakinləri icra nümayəndəliyinin rəhbərindən tələb edirlər ki, cəmiyyət həmin kəndlərə də yardım etsinlər, amma nümayəndə rəhbəri sakinlərin tələbini eşitmək istəmir. Ümid edirik ki, kənd sakinlərinin bu tələbini həm rayon rəhbərliyi, həm də QXC eşidərək, onlara da əl uzadacaq.