Hökmün əsassız və sifarişli olduğunu görməmək mümkün deyil

AMİP Siyasi Şurasının üzvü Əli Orucov jurnalist Rauf Mirqədirovun 6 il azadlıqdan məhrum edilməsinə münaisbət bildirib.

Bu barədə Cebhe.info-nun sualını cavablandıran Ə.Orucov jurnalistin həbs olunmasının siyasi sifariş olmasını istisna etməyib. "Məhkəmənin hökmü ədalətsiz və qeyri-obyektivdir. Hökm oxunan zaman şəxsən məhkəmədə iştirak etmişəm, irəli sürülən ittiham tamamilə absurddur. Heç bir dəlil, fakt, sübut ortaya qoyulmadı. Şahid ifadələri də bu ittihamı təsdiqləmədi. Hökmün əsassız və sifarişli olduğunu görməmək mümkün deyil”, - deyə AMİP yetkilisi qeyd edib.

Qeyd edək ki, dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə "Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirova hökm oxunub. Hökmə əsasən məhkəmə Rauf Mirqədirovu dövlətə xəyanətdə təqsirli bilərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edib.