I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması tarixi yaddaşın bərpasıdır

Birinci Türkoloji Qurultayın 100 illiyinin yenidən Azərbaycanda qeyd olunması Türk dünyasının gələcək inkişaf prioritetlərini müəyyənləşdirən mühüm siyasi, elmi və mədəni hadisədir. Bu təşəbbüs 1926-cı ildə Bakıda keçirilən Qurultayın ideyalarının müasir geosiyasi və humanitar reallıqlar fonunda yenidən aktuallaşdırılmasına xidmət edir. Həmin dövrdə ortaq dil, əlifba, tarix və mədəni irsin qorunması istiqamətində irəli sürülən prinsiplər bu gün türk dövlətləri arasında inteqrasiyanın əsas istiqamətlərindən biri kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu prosesdə aparıcı təşəbbüskar kimi çıxış etməsi təsadüfi deyil. Ölkəmiz tarixən Türk dünyasının mühüm elmi və mədəni mərkəzlərindən biri olub və ötən əsrdə olduğu kimi, bu gün də ortaq intellektual platformaların formalaşmasına mühüm töhfə verir.

“I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın təkcə iqtisadi və siyasi deyil, eyni zamanda, humanitar və ideoloji əsaslar üzərində dərinləşdirilməsinə verdiyi önəmin bariz ifadəsidir. Bu təşəbbüsün ən mühüm nəticələrindən biri ortaq türk kimliyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qloballaşma proseslərinin sürətləndiyi müasir dövrdə milli-mədəni kimliklərin qorunması strateji məsələyə çevrilib. Türk xalqlarını birləşdirən ortaq tarix, dil, ədəbiyyat və mədəni irsin sistemli şəkildə öyrənilməsi, gənc nəslə çatdırılması və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi ümumtürk həmrəyliyinin daha da güclənməsinə xidmət edir. Bu baxımdan Qurultayın yubileyinin keçirilməsi gələcəyə hesablanmış konseptual baxışın ifadəsidir", – deyə siyasi şərhçi vurğulayıb.

Rəşad Bayramov bildirib ki, xüsusi diqqət tələb edən istiqamətlərdən biri də vahid ümumtürk əlifbasına keçid üzrə əməkdaşlığın genişləndirilməsidir. Bu ideya hələ 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayda müzakirə olunmuşdu. Müasir informasiya texnologiyaları dövründə isə ortaq əlifbanın əhəmiyyəti daha da artır. Vahid əlifba elmi ədəbiyyatın, təhsil resurslarının, rəqəmsal platformaların və mədəni məhsulların qarşılıqlı mübadiləsini sürətləndirə, türk xalqları arasında kommunikasiya imkanlarını genişləndirə bilər. Bu isə uzunmüddətli perspektivdə ortaq informasiya və təhsil məkanının formalaşmasına əlavə stimul verəcək.

Siyasi şərhçi hesab edir ki, yubiley tədbirləri humanitar əməkdaşlığın da yeni mərhələyə yüksəlməsi üçün geniş imkanlar yaradacaq. Universitetlər, elmi-tədqiqat institutları, arxivlər, muzeylər və mədəniyyət müəssisələri arasında birgə layihələrin genişləndirilməsi, ortaq akademik proqramların hazırlanması, elmi nəşrlərin və tədqiqatların təşviqi Türk dünyasının intellektual potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verəcək.

“I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması tarixi yaddaşın bərpası ilə yanaşı, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətə də mühüm töhfə verəcək. Bu təşəbbüs ortaq dəyərlərin qorunması, elmi əməkdaşlığın dərinləşdirilməsi, mədəni inteqrasiyanın sürətləndirilməsi və Türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın bu prosesdə irəli sürdüyü təşəbbüslər ölkəmizin Türk dünyasının birləşdirici mərkəzlərindən biri kimi rolunu daha da möhkəmləndirir və gələcək inteqrasiya layihələri üçün möhkəm ideoloji zəmin formalaşdırır”, - deyən siyasi şərhçi fikrini yekunlaşdırıb.