İran yaxınlaşmasından ABŞ-ın gözləntiləri çox idi

Elşən Mustafayev: "Bu bir il ərzində İran konkret addımlar atmağa meylli olmasa, münasibətlərin normallaşacağını gözləmək sadəlövhlük olar"

"Mənə elə gəlir ki, bu gün İran ərazisində soydaşlarımıza qarşı yürüdülən siyasətin fonunda baş qaldıran etiraz aksiyalarını da ABŞ öz hesabatlarına daxil edəcək"

ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə Ağ Evin məlumatında bildirilir.
"Bizim İranla münasibətlərimiz hələ ki, normallaşmayıb. Bu səbəbdən mən İrana dair qəbul olunmuş 12170 saylı fərmanın nəzərdə tutduğu milli fövqəladə vəziyyət rejiminin davam etdirilməsinə qərar verdim", - deyə Obama bildirib.
Tehranın nüvə proqramı ilə bağlı tətbiq olunan sanksiyalardan başqa, ABŞ iddia etdiyi "terrora dəstək" və raket proqramı kimi digər səbəblərə görə də İrana qarşı sanksiyaları qüvvədə saxlamaqdadır.
ABŞ-İran münasibətlərinin yumşalması fonunda birdən-birə belə bir qərarın qəbul edilməsi nə ilə bağlıdır?

Azərbaycan Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, bunun obyektiv səbəbi var: "ABŞ-ın yumşalması məhz İranla bağlı deyildi. Paralel olaraq Kuba ilə də bağlı sanksiyaların ləğvinə göstəriş verildi. Bununla ABŞ hakimiyyəti yeni düzən formalaşdırmaq istəyirdi. Eyni zamanda, Rusiya ilə yaxın olan bütün dövlətləri loyal münasibət ortaya qoymaqla tərəfinə çakmək istəyirdi. İran eyni zamanda Suriyada fəallıq nümayiş etdirir ki, bu da ABŞ-ın maraqlarına uyğun deyildi. İran yaxınlaşmasından ABŞ-ın gözləntiləri çox idi. Ancaq ehtimallar özünü doğrultmadı. Kuba ilə bağlı proses isə normal məcrada davam edir. Artıq səfirliklərin açılmasına dair göstəriş də verilib. Prosesin əvvəlindən də mən hiss edirdim ki, İran rəsmiləri barışıq məsələsində səmimi görünmürdülər. Konkret olaraq kağız üzərində imzalanan sənədlərdən başqa heç bir sahədə irəliləyiş nəzərə çarpmadı.

Obamanın da sanksiyaların müddətini bir il uzatması, bir növ, simvolik xarakter daşıyır ki, gedin, fikirləşin. Bu bir il ərzində İran konkret addımlar atmağa meylli olmasa, münasibətlərin normallaşacağını gözləmək sadəlövhlük olar.

Mənə elə gəlir ki, bu gün İran ərazisində soydaşlarımıza qarşı yürüdülən siyasətin fonunda baş qaldıran etiraz aksiyalarını da ABŞ öz hesabatlarına daxil edəcək və İrana qarşı kozır kimi istifadə edəcək".
Məhəmmədəli QƏRİBLİ