IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə edilib

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə edilib

Mayın 4-6-da Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi ənənəvi forumun tərəfdaşları qismində çıxış edir.

Aprelin 19-da Bakı Konqres Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Foruma hazırlıqla bağlı iclas keçirilib.

Nazir Forumla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Prezident İlham Əliyevin himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun artıq mədəniyyətlərarası dialoq platformasına çevrildiyini və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdiyini vurğulayıb. Forumun əsas məqsədinin siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etmək olduğu diqqətə çatdırılıb.

"Bakı prosesi” haqqında geniş məlumat verən nazir Avropa və islam ölkələrinin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilən toplantısından söz açıb. O, "Bakı prosesi”nin həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib. Vurğulanıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü iclas bir daha göstərir ki, həmin qurumlar bu işə ciddi yanaşırlar. Nazir bu sərəncamdan irəli gələn vəzifələrin icra vəziyyəti ilə bağlı geniş məlumat verib.

Foruma hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını söyləyən Əbülfəs Qarayev bu prosesin son mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media kimi mövzularda plenar iclaslar və panel sessiyalar keçiriləcək. Həmçinin builki Forumda parlament rəhbərləri də iştirak edəcək.

Mədəniyyət və turizm naziri Forumla bağlı BMT-də keçirilən görüşlərdən də söz açıb. Bildirib ki, Forum canlı olaraq 8 dildə BMT-nin saytı vasitəsilə yayımlanacaq. Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Onların iştirakı ilə 40-dan çox dinləmələr təşkil olunacaq. Mötəbər tədbirdə könüllülərin də qüvvəsindən səmərəli istifadə ediləcək və bu sahədə artıq müəyyən təcrübə qazanmış təşkilatlar tədbirə könüllülərin cəlb edilməsində yaxından iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Forumda müzakirə olunacaq mövzular barədə ətraflı məlumat verib.

Bildirib ki, dördüncü Forumun proqramı olduqca zəngindir. Bu Forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirməyə çalışır, həmçinin mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu həyata keçirir.

Sonda nazir Əbülfəs Qarayev Forumun proqramının icrası ilə müvafiq göstərişlərini verib.