Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi ilə nəticələnən 1993-cü il iyun hadisələrinin ildönümlərində adı daha çox tənqid və ittiham hədəfi olaraq çəkilən siyasi qüvvələrdən biri də Azərbaycan Milli İstiqlal Partiyası və partiyanın lideri Etibar Məmmədov olur. 1993-cü ildə ölkədə ən güclü müxalifət partiyası olan AMİP və onun o zamankı sədri Etibar Məmmədovu əsasən Xalq Cəbhəsi hakimiyyətinin təmsilçiləri hədəfə alırlar. Bu dəfə də həmişəki kimi oldu.
Elçibəy hakimiyyəti dövründə baş prokuror işləmiş İxtiyar Şirin mediaya müsahibəsində bildirib ki, vəzifəsi bu hadisələrin qarşısını almaq olan şəxslər siyasi məsuliyyətlərini dərk edə bilməyib, eyni zamanda qiyama dəstək verənlər də günahlarını etiraf etməyiblər: "Bugünlərdə Etibar Məmmədov müsahibə verib Elçibəy hakimiyyətini günahlandırır və mənə də böhtan atır. Amma AMİP-in dövlət çevrilişində iştirakı bizim gözümüz qarşısında olub. AMİP-in üzvləri Gəncədə Surət Hüseynovla birlikdə hakimiyyəti ələ keçirirdi, Etibarın silahlı adamları bəzi rayonlara gedib öz adamlarını icra başçısı qoyurdular. Bu, 4 iyun hadisələri ilə bağlı cinayət işinin materiallarında da var. İndi bunlar cinayət məsuliyyətindən kənarda qaldığı üçün öz etdikləri cinayətləri başqalarının üzərinə qoymağa çalışırlar. Axı biz işin içində olmuşuq, Etibar Məmmədovun yüzlərlə adamının törətdiyi cinayətin şahidləri var. Belə faktlar cinayət işində də var. AMİP dövlət çevrilişində iştirak edib, Surətlə birlikdə addımlayıb”.
Ölkədə mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur"- Əli ...
Əli Orucov
Keçmiş baş prokurorun irəli sürdüyü ağır ittiham qarşı tərəfi qəzəbləndirib. AMİP katibi Əli Orucov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İxtiyar Şirin Elçibəy iqtidarında baş prokuror kimi mühüm dövlət vəzifəsi tutub və dediklərini də faktlara, sübutlara əsaslanaraq deməlidir. İllərdir ki, əlində dəlil və sübut olmadan AMİP-i ittiham edir, eyni mahnısını da illərlə oxumaqdadır: "Cinayəti törədən də, cinayətkar və xəyanətkar AMİP və Etibar Məmmədov deyil, İxtiyar Şirin və onun kimi fərsizlər olub. İxtiyar Şirin prezidentinə bir şillənin təsirindən həbs-qətimkan tədbiri seçib. Elçibəyi Kələkiyə sığınmağa məcbur edən də məhz İxtiyar Şirin kimi komandasında olan qorxaq, yarıtmaz və xəyanətkar şəxslər oldu. Aradan 27 il keçir. Həmin dövrdə məsul vəzifədə olan bir sıra şəxslər əslində nələrin baş verdiyini açıqlayırlar. MTN kimi mötəbər bir qurumun ikinci adamı olmuş Sülhəddin Əkbərin son müsahibəsi bir daha sübut etdi ki, Elçibəy iqtidarında yüksək vəzifədə olanların bir çoxu rus kəşfiyyatının agentləri olublar. Eyni zamanda komanda daxilində hərc-mərclik hökm sürüb. İxtiyar Şirin hər il AMİP-ə qarşı belə böhtanlar yağdırır. Onun yerinə başqaları olsa xəcalətindən gizlənməlidir, mediaya çıxmamalıdır. Beləsi ilə mübahisə etməyə dəyməz. Mən həqiqətən də heyrətlənirəm ki, İxtiyar Şirin kimi komandasında adamlar olan Azərbaycan Xalq Cəbhəsi necə olub bir il hakimiyyətdə qala bilib”.
Etibar SEYİDAĞA,
"Yeni Müsavat”