Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək

Fevralın 22-də Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımına həsr olunmuş "Böyüməyən uşaqlar” tamaşasının premyerası olacaq. Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az və Azedu.az saytlarının rəhbəri Elşad Eyvazlının eyniadlı kitabı əsasında hazırlanan əsər Ukraynanın "Çornıy kvadrat” teatrında səhnələşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi, Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ərsəyə gələn tamaşada yerli ictimaiyyətə Xosalı soyqırımı haqqında məlumat veriləcək. Səhnə əsərində Ukrayna hadisələri ilə bağlı məqamlar da yer alıb. Əsərdə əsas qəhrəmanlardan biri hər iki valideynini itirən 25 uşaqdan biridir. O, Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb.

Qeyd edək ki, "Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı "Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunub. Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dillərinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib. Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli hadisələr təsvir olunub.