Məlum olduğu kimi Tarif Şurasnın qərarı ilə bir sıra kommunal xidmətlər üzrə və dərmanların qiymətləri artırılıb. Qurum yeni qiymət artımını mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağı olması, həmçinin iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaranması ilə əsaslandırmağa çalışıb.
Mövzu ilə bağlı münasibətini bildirən AMİP liderinin köməkçisi Əli Orucov Azinforum.az-a açıqlamasında bunları qeyd etdi: “Hökümətin hər dəfə müxtəlif bəhanələrlə kommunal xədmətlər və dərmanlar üzrə qiymət artımı xalqın cibinə girmək,onun sosial məişət şəraitini bir qədər də ağırlaşdırmaq, oğurlanan və talan edilən dövlət büdcəsini doldurmaq, yüksək rütbəli məmurların dəbdəbəli və bahalı yaşayışlarının məsrəflərini sadə insanların üzərinə yükləməkdir. Bu qiymət artımının heç bir iqtisadi və elmi izahı yoxdur”.
“Hökümət əgər düzgün siyasət aparsaydı, rentabellisiz qurumlarda xərcləri azaltsaydı, korrupsiyanı, şişirtmələri aradan qaldırsaydı kommunal xidmətləri üzrə qiymət artımına ehtiyac qalmazdı” deyən, Ə.Orucov vurulayıb ki, “kommunal xidmətlər sahəsində dövlət inhisarçı mövqedə olmamalı, rəqabətli ortam yaradılmalıdır. Hər dəfə iqtisadi zərərin qarşısnın alınması və rentabelliliyin, həmçinin investisiyaların artrılması adı ilə qiymətlər bahalaşdırılsa da, həmin sahələr borc içində itib-batır. Hesab edirəm ki, deyilənlərə çatmağın yolu qiymətlərin artırılmasında deyil, şəffaflığın, hesabatlılğın, qənaətçiliyin, rəqabətliliyin, effektif idarəetmənin həyata keçirilməsindədir. Əfsuslar olsun ki, nə hökümət özü buna maraqlı deyil, nə parlament lazımı təpkini vermir, nə də xalq adidiyyatı qurumlara sərt etirazını bildirmir. Sanki belə də olmalıdır. İnsanlarımız da sanki biganələşib və hökümətin məsuliyyətsiz və qeyri-adekvat qərarlarını artıq alışqanlıqla seyr etməkdədir”.