Parad Azərbaycan əsgərinin iştirakı ilə keçirilməlidi 

"Rusiya “sülhməramlıları” unutmamalıdırlar ki, onlar bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi ərazilər olan Qarabağda xidmət aparırlar."
 
Bu sözləri AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Rusiya “sülhməramlılarının” 9 May günü münasibətilə Xankəndində hərbi parad keçirmək niyyətinə münasibət bildirərkən deyib. O bildirib ki:
 
“Rusiya “sülhməramlılarının” öz missiyalarını zidd, həddinin aşan davranışları ilk dəfə deyil ki, gündəmə gəlir. Ancaq bu dəfəki addım təkcə üzərinə düşən vəzifələri aşmaq deyil, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini heçə saymaq cəhdidir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda 9 May tarixində parad keçirilməsi üçün artıq məşqlərə start verildiyi deyilir. Məlumatda qeyd edilib ki, Xankəndi şəhərinin aerodromunda 400-ə yaxın rus hərbçisi bu məqsədlə təlimə cəlb olunub.
 
Azərbaycan dövlətinin ərazisində başqa bir dövlətin ordusunun məramı nə olur olsun hərbi parad keçirməsi cəhdi, hətta planlaşdırması belə bizim üçün qəbuledilməzdir və buna heç bir halda yol vermək olmaz.  
 
Rusiya “sülhməramlıları” unutmamalıdırlar ki, onlar bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi ərazilər olan Qarabağda xidmət aparırlar. Bu ərazidə hərbi parad keçirəcək qüdrətə və hüquqa sahib olan yeganə ordu – Azərbaycan Respublikası Silahlı Qüvvələridir və bu ordu da öz tarixi qələbəsini Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradı ilə qeyd edib. Qarabağda sülhməramlı missiya çərçivəsində xidmət göstərmək onlara həmin ərazilərin kimə məxsus olduğunu qulaqardına vurmaq səlahiyyəti vermir.
Yox əgər 9 Mayla bağlı Xankəndində parad keçirmək bu qədər vacibdirsə o zaman həmin parad Azərbaycan əsgərinin iştirakı ilə keçirilməli və paradı da Azərbaycan Müdafiə Naziri qəbul etməlidir. Başqa sözlə rus hərbi kontingenti Azərbaycanın Müdafiə Nazirinin qəbul etdiyi paraddan, Milli Ordumuzun generallarının qarşısından “farağat” komandası ilə keçmək istəyirsə buyursun keçsin, yox əgər bu hərbi parad Azərbaycanı heçə sayaraq keçiriləcəksə buna heç bir halda yol vermək olmaz. Azərbaycan hakimiyyəti də, Xarici İşlər və Müdafiə Nazirlikləri də bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməli və Rus hərbi kontingentinin bu özbaşınalığına son qoymalıdır”.

Millət