Paşinyan yavaş-yavaş Rusiya ilə bütün bağları qırmağa çalışır

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan Azərbaycan Ordusunun Naxçıvan istiqamətində göstərdiyi fəallıqla bağlı üzv olduqları Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı (KTMT) ilə əlaqəli mövqeyini açıqlayıb. O bildirib ki, Naxçıvanla həmsərhəd olan əraziyə KTMT qüvvələrinin çağırılmasına heç bir ehtiyac duymurlar.

Sözçü bildirib ki, Ermənistan öz sərhədlərini qorumağa qadirdir. Əslində, Ermənistanın KTMT-nin köməyindən imtinası maraqlı görünür. Xatırladaq ki, 2016-cı ilin aprel ayında cəbhədə yaranan gərginlik zamanı Ermənistan KTMT-ni köməyə çağırmışdı. Halbuki, həmin vaxt KTMT lazım olan dəstəyi verə bilməyəcəyini bildirmişdi. Çünki söhbət Azərbaycanın ərazisi daxilində gedən toqquşmalardan gedirdi. İndisə Ermənistan məhz öz sərhədləri ilə bağlı yarana biləcək hansısa təhlükədə KTMT-nin dəstəyinə ehtiyac olmadığını bəyan edir. KTMT-nin nizamnaməsində isə göstərilir ki, üz ölkələrə kənardan hansısa həmlə olarsa, təşkilat proseslərə qarışa bilər. Ermənistanın KTMT-dən imtina etməsinin səbəbi nə ilə bağlıdır?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, bu, açıq-aşkar, təkzib xarakteri daşıyan bir açıqlamadır: "Ermənistan mətbuatını yaxından izləyənlər bilirlər ki, ilk olaraq həmin ölkənin Naxçıvanla həmsərhəd olan ərazilərlə bağlı KTMT-yə müraciət etdiyinə dair xəbərlər yayıldı. Bunun ardınca isə Tiqran Balayan həmin qurumun köməyinə ehtiyaclarının olmadığını bildirdi. Əslində, birinci təşəbbüs açıq şəkildə təxribat xarakteri daşıyır. Çünki Naxçıvanda gedən hərbi-siyasi proseslərin Ermənistana heç bir aidiyyəti yoxdur. Azərbaycan Ordusu Naxçıvanda Ermənistana qarşı heç bir plan qurmur, hansısa tədbirlər görmür. İş orasındadır ki, Naxçıvanda keçirilən hərbi tədbirlər birbaşa Azərbaycanın ərazisi çərçivəsində baş verir. Azərbaycan isə son zamanlar digər bölgələrdə olduğu kimi, Naxçıvanda da öz mövqelərini möhkəmləndirir. Bildiyiniz kimi, ermənilərin işğalçı siyasəti nəticəsində Naxçıvanda bəzi bölgələr düşmənin nəzarəti altına keçmişdi. Azərbaycan Ordusu bu yaxınlarda strateji əhəmiyyətli yüksəkliklərə öz nəzarətini yenidən bərpa etdi. Azərbaycanın keçirdiyi bu tədbirlər KTMT-nin təhlükəsizliyinə heç bir xələl gətirmir. Ermənistanın sərhədləri anlayışına gəldikdə, onları rus sərhədçiləri qoruyur. Onda isə niyə Ermənistan KTMT-ni özünə ayıb saymağa başlayıb? Çünki xronologiyaya baxsanız görərsiniz ki, onlar dara düşən kimi bizi KTMT ilə hədələyiblər. Mən bunun başlıca səbəbini yeni Ermənistan hakimiyyətinin siyasəti ilə izah edirəm. Paşinyan yavaş-yavaş Rusiya ilə bütün bağları qırmağa çalışır. Bu səbəbdən də KTMT ilə bağlı verilən ilk bəyanata XİN rəsmisi səviyyəsində düzəliş olundu”.