Putinin yeritdiyi yarıtmaz siyasət üzündən Rusiya uçuruma yuvarlanır

Arzuxan Əlizadə: "Putin məqsədyönlü şəkildə iki ölkə arasındakı münasibətləri gərginləşdirir"
"Bundan Rusiya daha çox itirəcək"

Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirəcək. Bunu Rusiya prezidenti Vladimir Putin "Ümumrusiya xalq cəbhəsi"nin regionlararası forumunda çıxış edərkən bəyan edib: "Biz tikinti-inşaat sahəsində Türkiyəyə qarşı məhdudiyyətləri genişləndirəcəyik.
Hazırda ölkəmizdə ümumilikdə 50 milyard dollarlıq müqavilələrlə 300 Türkiyə tikinti şirkəti fəaliyyət göstərir".
Onun sözlərinə görə, sanksiyaların genişləndirilməsi sayəsində Rusiyada 87 min yeni iş yeri açıla bilər: "Biz qüvvədə olan müqavilələri dayandırmamağa qərar verdik, çünki bu yalnız türk hakimiyyətinin hərəkətlərinə cavab olmayacaq, həmçinin bizim özümüzə müəyyən zərər gətirə bilər. Amma türk podratçıları ilə yeni müqavilələr artıq olmayacaq".
Dövlət başçısı xatırladıb ki, türk inşaatçılarının fəaliyyətinin məhdudiyyəti haqqında qərarlar Suriyada Rusiya "Su-24" təyyarəsinə hücumdan sonra qəbul edilib: "Türk rəhbərliyi bizim təyyarəmizi vurmaqla böyük səhv etdi, həm də yerdə sanki müdafiə olunurdular və bizim pilotumuzu güllələdilər. Bu hərbi cinayətə çox dözdük"
Qeyd edək ki, təyyarə hadisəsindən sonra Putin noyabrın 28-də Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama görə, 2016-cı il yanvarın 1-dən etibarən Türkiyədən Rusiyaya ixrac olunan tərəvəz, meyvə, dondurulmuş quş əti və duz idxalına qadağa qoyulub. Həmçinin, 1 yanvar 2016-cı ildən Türk vətəndaşlarına Rusiyaya vizasız səyahət rejimi də ləğv edilib.
Putinin sanksiyalarla bağlı son təşəbbüsü göstərdi ki, Rusiya dövlət başçısı Türkiyə ilə kompromisə getməkdə maraqlı deyil. Məlum hadisədən sonra gərgin olan iki ölkə münasibətlərinin daha da dramatikləşməsində maraqlıdır. Belə olmasaydı, ən azından növbəti sanksiya təşəbbüsü ilə çıxış etməzdi.
Maraqlıdır, siyasi ekspertlər Putinin Türkiyəyə qarşı növbəti sanksiya təşəbbüsü ilə çıxış etməsini necə dəyərləndirir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, Putinin uğursuz siyasətinin növbəti göstəricisidir: "Putinin növbəti dəfə sanksiya təşəbbüsü ilə çıxış etməsi təəccüblü deyil. Fikrimcə, bu gözlənilən idi. Sanki Putin məqsədyönlü şəkildə iki ölkə arasındaki münasibətləri gərginləşdirir. Bu da onu göstərir ki, rəsmi Moskva rəsmi Ankara ilə münasibətlərin normal səviyyədə inkişafında maraqlı deyil. Ümumi götürəndə, Rusiya bundan itirəcək. Zatən Putinin yeritdiyi yarıtmaz siyasət üzündən Rusiya uçuruma yuvarlanır. Ölkə iqtisadiyyatının neft-qaz gəlirlərindən asılı olması, texnoloji baxımdan Qərbə uduzması göz qabağındadır. Rusiya bir sıra kənd təsərrüfatı məhsullarını Türkiyə hesabına əldə edirdi. Sanksiyalardan sonra həmin məhsulların qiyməti xeyli bahalaşıb. Həmçinin, Rusiya bazarı əvvəlki kimi bol deyil. Bu tərəfdən də tikinti sektorunda Türkiyədən olan iş adamlarına qoyulan məhdudiyyət bazarda bir müddət boşluq yaradacaq. Bəli, bundan Türkiyə də itirəcək. Ancaq bu, Rusiyanın itirdikləri ilə müqayisədə elə də böyük olmayacaq. Çünki, Rusiyadan fərqli olaraq, Türkiyə iqtisadiyyatı real sektora əsaslanır. Enerji daşayıcılarının ucuzlaşması Türkiyə iqtisadiyyatının xeyrinədir".

Vidadi ORDAHALLI