Qarabağla bağlı mitinqlər daha da izdihamlı olmalıdır

Qarabağ Komitəsinin bir müddət öncə keçirdiyi Qarabağ mitinqi ictimai və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub, iqtidar və müxalifət dairələrindən fərqli aspektlərdən dəyərləndirilib. Bəzi siyasilər bu cür aksiyaları zəruri hesab etsə də, bunu faydasız, hətta zərərli hesab edən siyasilər də mövcuddur ki, bu da Qarabağla bağlı aksiyalara birmənalı yanaşmanın olmadığını göstərir.

Qarabağla bağlı kütləvi aksiyaların keçirilməsi zəruridirmi? Yoxsa Qarabağ uğrunda mübarizə fərqli sferalarda, fərqli üsullarla aparılmalıdır?

Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov Qarabağla bağlı aksiyaların keçirilməsinə vacib hesab etdiyini söylədi:

"Qarabağ məsələsi milli məsələdir. Milli olan məsələ isə yalnız hökumətin ixtiyarında olan məsələ deyil. Bütün cəmiyyətin, millətin buna aidiyyatı var. Qarabağla bağlı mitinqin, nümayişin keçirilməsi millətin istəyindən irəli gəlir. Bunun qarşısını almağa ehtiyac yoxdur. Fikrimcə, Qarabağla bağlı mitinqlər daha da izdihamlı olmalıdır”.

Qarabağ Komitəsinin 10 oktyabr toplantısında AMİP yetkililərinin qatılıb-qatılmayacağına gəlincə, E.Məmmədov bu barədə qərar vermək səlahiyyətinin ona deyil, AMİP-in hazırkı rəhbərliyinə məxsus olduğunu vurğuladı.