Qarşıda bizi maraqlı sürprizlər gözləyir

Elşən Mustafayev: "Paşinyanın əldə edəcəyi mütləq hakimiyyətin ömrünün elə də uzun olmayacağına sübut sayıla biləcək bir məğlubiyyətdir”

Ermənistanın yeni rəhbərliyi Xaçaturova cinayət işi açandan sonra da KTMT Baş Katibliyini reqlamentə uyğun olaraq 2020-ci ilədək əldə saxlayacağına çox ümidli idi. Lakin Astana Sammitinin nəticələri Ermənistanın növbəti məğlubiyyətini rəsçmiləşdirmiş oldu.

Təbiidir ki, Azərbaycan regionda Rusiyanın ən etibarlı strateji tərəfdaşına çevrilə biməsəydi, Ermənistanın KTMT-da iflası bu qədər dərin şəkil ala bilməzdi. Ermənistanın KTMT ilə bağlı uğursuzluğundan, tək Paşinyan yox, bütün Ermənistan dövləti sarsıdıcı zərbə aldı. Azərbaycan diplomatiyası KTMT ilə sonrakı münasibətlərdə daha geniş manevr imkanları qazandı. Ermənistan strateji müttəfiq kimi olan-qalan nüfuzunu itirdi. KTMT-nin Astana sammiti nümayişkaranə səkildə hamıya göstərdi ki, strateji seçimlərdə Ermənistana güvənmək olmaz. Ermənistan bu cür beynəlxalq təşkilatların yüksək postlarında təmsil olunmaq şanslarını, demək olar ki,itirdi. Bu, Azərbaycan diplomatiyasının tarixi üstünluk qazandığı mühüm məqamlardan biridir. Paşinyanın qazandığı bu məğlubiyyətin Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrinə nə kimi təsiri olacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ard-arda sarsıdıcı zərbələr alır: "Bütün bunlar hakimiyyətin sükanının təsadüfü bir adamın əlinə keçməsinin sübutu sayıla bilər. Məlum olduğu kimi, Ermənistanda 2008-ci ilin mart hadisələrində ittiham olunan Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilib. Onun tutduğu postdan kənarlaşdırılması rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub. Göründüyü kimi, Paşinyanın öz ölkəsinin daxilində başlatdığı repressiya onun üçün heç bir uğur vəd etmədi. KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Bu üzdən Yuri Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Paşinyan 2020-ci ilə qədər baş katib statusutunu Ermənistanda saxlamağa çalışırdı. Məqsəd Xaçaturovun yerinə öz adamını qoymaq idi. Gözlənildiyi kimi, İrəvanın bu istəyi tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi. Göründüyü kimi, Paşinyanın qeyri-ciddi mövqeyi KTMT-də də birmənalı qarşılanmır. Sammitin video yazılarında da Ermənistan nümayəndə heyətinin küskün şəkildə olması özünü aydın şəkildə göstərir”.

Ekspertin sözlərinə görə, KTMT Ermənistana layiq olduğu cavabı verdi: " Çünki KTMT-yə Ermənistan qədər zərbə vuran ikinci bir dövlət olmayıb. Təkcə bir faktı qeyd edək ki, KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlik oldu. Bu məğlubiyyət Paşinyanın aktivinə yazıldı. Paşinyan növbədənkənar seçkiləri necə qanunu zorlamaqla təyin etdirdisə, seçkini də o şəkildə keçirib qalib gələcək. Düşünmürəm ki, KTMT ilə bağlı yaşananlar seçkinin taleyini kardinal şəkildə dəyişə bilər. Amma bu, Paşinyana müxalif olanların reytinqini artıra biləcək bir hadisədir. Həmçinin Paşinyanın əldə edəcəyi mütləq hakimiyyətin ömrünün elə də uzun olmayacağına sübut sayıla biləcək bir məğlubiyyətdir. Çünki KTMT-nin Ermənistandan əlini üzməsi Rusiyanın həmin ölkədən əl çəkməsi anlamına gələ bilər. Qarşıda bizi maraqlı sürprizlər gözləyir”.