Bir neçə gün əvvəl Xətai rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı mətbuat orqanlarında, xəbər saytlarında, TikTok, Facebook və digər sosial şəbəkələrdə kifayət qədər yazılıb, danışılıb. Hadisə ilə bağlı yayılan məlumatlarda Milli Məclisin hüquq komissiyası sədrinin müavini, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğlunun da iştirakçısı olduğu bildirilən qrup halında cinayət hadisəsi geniş müzakirə mövzusuna çevrilib.
Təəssüf doğuran məqam isə odur ki, hadisənin baş verdiyi ilk gündən bəzi sosial şəbəkə istifadəçiləri araşdırmanın nəticəsini gözləmədən hökm verməyə, hadisənin bütün məsuliyyətini guya deputatın oğlunun üzərinə qoymağa tələsdilər. Bircə onu yazmadılar ki, səndemə Arzuxan Əlizadə oğlunu öz evində öyrədərək bu cinayətdə iştirak eymək üçün özü göndərib!
Şəkillərini paylaşdığınız, haqqında mühakimələr yürüdüb ictimai rəy formalaşdırmağa çalışdığınız Arzuxan Əlizadənin üz cizgilərinin hansısa yerində harınlıq əlaməti gördünüz? Bir insanın ictimai və siyasi kimliyini onun övladının əməlinə avtomatik bağlamaq nə dərəcədə ədalətlidir?
Hadisənin motivini dəyişdirməyin!
Cinayət hadisəsi baş verib. Hadisənin iştirakçıları, baş verənlərin səbəbləri, hər kəsin rolu və məsuliyyət dərəcəsi hüquqi araşdırmanın predmetidir. Geridə qalan məsələlər isə istintaqın işidir. Bəs onda bu qədər hay-küyə, hadisənin mahiyyətini dəyişdirən müzakirələrə nə ehtiyac var?
Cinayət hadisəsi deputatın oğlu ilə əlaqələndirildiyinə görə gizlədilməyib ki! Məlumatlar yayılıb, hadisə ictimailəşib və müvafiq orqanlar tərəfindən araşdırılır. Elə görüntü yaradırsınız ki, guya siz bu məsələni bu qədər şişirtməsəydiniz, deputatın oğlu olduğu üçün qətl hadisəsi ört-basdır ediləcəkdi.
Bəs il ərzində baş verən digər cinayət hadisələri niyə bu qədər geniş müzakirə olunmur? Niyə onların hamısı sosial şəbəkələrdə günün əsas hadisəsinə çevrilmir? Məgər cinayətin ağırlığı onu törətməkdə şübhəli bilinən şəxsin kimliyindən, atasının vəzifəsindən və ya siyasi mənsubiyyətindən asılıdır?
Əgər məqsəd ədalətin təmin olunmasıdırsa, bütün hadisələrə eyni prinsipiallıqla yanaşılmalıdır. Yox, əgər məqsəd hadisədən kiməsə qarşı istifadə etmək, onun ictimai-siyasi nüfuzuna zərbə vurmaqdırsa, bu, artıq ədalət axtarışı deyil, qərəzli yanaşmadır.
Bir misal çəkim.
Qoyun sürüsünə canavarlar hücum edir. Bunu duyan çoban itləri canavarlarla savaşa çıxır və çətinliklə də olsa, onları sürüdən uzaqlaşdırmağa nail olurlar. Əldən düşmüş çoban itləri çobanın ayaqlarına başlarını qoyub güclə nəfəs alarkən, məhəllə boyunca sağa-sola qaçan şəngi tulalar elə səs-küy salırlar ki, sanki canavarları sürüdən uzaqlaşdıran özləri olub.
Bəzən cəmiyyətimizdə baş verən hadisələr ətrafında yaranan hay-küy də mənə bu mənzərəni xatırladır. Həqiqətin üzə çıxması üçün çalışanlar öz işini görərkən, kənardan səs-küy salanlar hadisənin qəhrəmanına çevrilməyə, başqalarının zəhməti və ya bədbəxtliyi hesabına özlərinə diqqət toplamağa çalışırlar.
Bu misalı bir dəfə başqa bir hadisəyə uyğunlaşdıraraq yazmışdım. O zaman da mənə qarşı kifayət qədər hücumlar oldu. Görünür, bəzi adamlar həqiqətin özündən çox, özlərini hansı tərəfdə göstərməyin qayğısına qalırlar.
Sabah istintaqın birtərəfli aparıldığını görsəniz, onda səsinizi ucaldın!
Əlbəttə, heç kim cinayət törətməkdə şübhəli bilinən şəxsin kimliyinə görə məsuliyyətdən azad edilməsini tələb etmir. Əksinə, kimliyindən və mövqeyindən asılı olmayaraq, təqsiri sübuta yetirilən hər kəs qanun qarşısında cavab verməlidir. Ancaq bunun yolu əvvəlcədən hökm çıxarmaqdan, fərziyyələri həqiqət kimi təqdim etməkdən və hadisəni siyasi müstəviyə çəkməkdən keçmir.
Buraxın, bu hadisəni istintaq araşdırsın. Sabah istintaqın birtərəfli aparıldığını, kiməsə güzəşt edildiyini və ya qanunun tələblərinin pozulduğunu hiss etsəniz, onda səsinizi ucaldın! O zaman haqlı iradlarınızı faktlarla ortaya qoyun, ədalət tələb edin.
Amma hələ istintaq başa çatmamış hadisənin motivini dəyişdirməyə, bir ailəni ictimai qınaq hədəfinə çevirməyə, sübut olunmamış ittihamlarla insanları mühakimə etməyə tələsməyin.
Unutmayaq ki, ədalət təkcə cinayət törədən şəxsin cəzalandırılması deyil, həm də həqiqətin təhrif olunmaması, heç kimin sübutsuz ittihamların hədəfinə çevrilməməsidir.
Həqiqətin üzə çıxmasını istəyiriksə, hay-küyü deyil, faktları əsas götürək. Hökm verməyi isə istintaqın nəticələrinə saxlayaq/
Nəbi Ramazanlı
BDU-nun prorektoru